"Düşmən xaincəsinə etdiyi hücumun cavabını layiqincə aldı.”
Ermənistan ordusu bütün cəbhə boyu irimiqyaslı təxribatlar törədərkən xeyli itki verib və bunu yaxın günlərdə müxtəlif formalarada açıqlayacaqlar.
Sherg.az xəbər verir ki, bu barədə cəbhədəki son qanlı döyüşlərə münasibət bildirərkən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.
"Məndə olan son dəqiq məlumatlara görə, cəbhədəki döyüşlər zamanı düşmən tərəfi Azərbaycan ordusunun verdiyi şəhidlərdən 7 dəfə çox itki verib. Amma bunu hələlik açıqlamırlar. Özünüz də görəcəksiniz ki, ermənilər yaxın günlərdə əsgər ölümləri xəbərini yayacaqlar. Guya Qarabağın müxtəlif istiqamətlərində ehtiyatsızlıqdan və ya başqa səbəblərdən erməni əsgərlərinin ölüm xəbəri yayılacaq. Onların öz itkilərini gizlətməsi çox asandır. Bir ucu Şuşa, Xankəndi, digər işğal altında olan ərazilərimizdəki səyyar tibb məntəqələrində onlar öz yaralı və meyidlərini saxlıyır, sonra isə onları ya İrəvana, ya da digər şəhərlərin xəstəxana və hospitallarına təxliyyə edirlər”, – deyə polkovnik-leytenant bildirdi.
Ü.Cəfərov həmçinin qeyd etdi ki, şəhidlərimiz ermənilərlə qarşı-qarşıya döyüşəndə şəhid olmayıblar, onlar ermənilərin xain hücumlarına məruz qalıblar.
"Ermənistan tərəfi ordumuzun ön xətdə yerləşən postlarını xaincəsinə artilleriya atəşinə tutub. Silahlı Qüvvələrimiz dərhal düşməni cəzalandırmaq üçün tədbirlər görüb və bunun nəticəsidir ki, ermənilər 7 dəfə çox itki veriblər”, – Ü.Cəfərov qeyd etdi.
Polkovnik-leytenant həmçinin bəzi insanları təmkinli olmağa, sosial şəbəkələrdə yalan məlumatlar yaymamağa çağırdı.
"Müharibə şəraitindəyik, şəhidlərimiz olacaq. Deməli bu torpaq uğrunda ölən oğullarımız var. Amma bəzi insanlar sosial şəbəkələrdə yalan ölü saylarını yazmaqla düşmənə yardım edirlər. İmkan verin Müdafiə Nazirliyi işini görsün. Onsuz da şəhidlərimizin sayı açıqlanacaq və onlar şərəflə uğrunda canlarından keçdiyi torpağa tapşırılacaqlar”, – polkovnik bildirdi.