"Valideyn maksimum diqqətli olmalıdır, çünki iş-işdən keçəndən sonra özünü öldürsən də faydası olmur".
Bunu Sherg.az-a son günlər uşaqlar arasında yanıq xəsarətlərinin artması ilə əlaqədar valideyn diqqətsizliklərindən danışarkən sosioloq Lalə Mehralı deyib.
Özünün də azyaşlı uşaqları olduğunu qeyd edən xanım sosioloq deyib ki, hadisə olanda bir dəfə olur, körpələrin müdafiəsiz olduğunu nəzərə alsaq, bu hadisənin faciə ilə nəticələnəcəyi də qaçılmazdır: "Ətçəkən maşını istifadə edəndə uşağın əlinin çata bilməyəcəyi yerdə işlətmək lazımdır, qaynar çaydanı ocağın arxa gözündə qaynatmaq lazımdır, elektrik çaydanını şəbəkəyə qoşanda körpənin ora əlinin çatıb-çata bilməməsi ehtimalını düşünmək lazımdır. Bu yaxınlarda bir tanış ailədə elə bir hadisə baş verdi. Ana elektrik çaydanını divarın aşağı hissəsində olan naqilə qoşub, döşəmənin üstünə qoyub. Evdə də iməkləyən körpə uşaq var. Uşaq çaydanı üzərinə aşırdı və bütün bədəni yandı. Düzdür, həyatını xilas eləmək oldu, amma bədəninin 50 faizi yandı, hələ də güclü müalicə alır. Demək istədiyim odur ki, bu halda əlbəttə, o çaydanı ora qoyan ana günahkardır. Bunu əvvəlcədən düşünmək lazım idi, üstəlik, körpə uşağın iməklədiyini necə unutmaq olar? Müəyyən yaş dövrünə qədər onlar nəyin təhlükəli, nəyin təhlükəsiz olduğunu anlamırlar. Nahaq yerə iməkləyən uşağa "ilanboğan vaxtıdır” demirlər. Pəncərəyə çıxan, barmaqlığı olmayan eyvandan boylanan və ordan yıxılan nə qədər uşaq var. Hamısı valideynin bir anlıq gözündən uzaq buraxması, diqqətsizlik eləməsi səbəbindən olur”.
L.Mehralının sözlərinə görə, əvvəllər evdə çox insan olurdu, nənə-baba, əmi-bibi, ata-ana hamı bir yerdə yaşayırdı. İndi çoxu ata-ana-uşaq üçlüyü olan cırtdan ailələrdir:
"Bu zaman isə ata işdə, ana mətbəxdə başı qarışmış vəziyyətdə olduqda uşaq nəzarətsiz qalır. Əslində bütün hallarda anaları da qınamaq olmur, hamımızın yorulduğumuz, usandığımız anlar olur ki, uşaq gözümüzdən yayınıb nəsə edir. Heç bir valideyn deyə bilməz ki, mənim uşağım nəzarətsiz qalmayıb, hadisə törətməyib. Bu hamımızın başına gəlir. Mənim də övladlarım kiçik məişət qəzaları keçiriblər, həm də ən ağlagəlməz yerdən təhlükə yaranıb. Ona görə, maksimum diqqətli olmaq lazımdır. Ən azı 5-6 yaşlarınadək onları addım-addım izləmək vacibdir”.
Aysel Aslan