"Ermənistan ordusunda əsgər çatışmır" - AÇIQLAMA




"Ermənistan ordusunda əsgər çatışmazlıq olduğuna görə, onlar başqa yollara əl atmağa məcbur olurlar”.

Bunu Sherg.az-a ermənilərin itkiləri arasında xaricdən gətirilən erməni əsilli muzdluların çoxluq təşkil etməsini şərh edərkən hərbi ekspert Üzeyir Cəfərov deyib. 

O bildirib ki, həmin addımlardan biri də kişi hərbçilərin qərargahlardan çıxarılıb, daha ön cəbhələrə göndərilməsidir:

"Müddətdən artıq xidmət edən qulluqçuları da həm Ermənistan ərazisindəki hərbi hissələrə, həm də Dağlıq Qarabağda yerləşdiriblər. Şəxsi heyət çatışmadığına görə, onlar müraciət edib ki, kim istəyir güzəştli şərtlərlə  hərbi hissələrdə muzdlu olaraq xidmət keçsinlər. Xatırlayırsınızsa, aprel savaşı zamanı, ermənilərin yaşlı insanları, təqaüdə çıxmış hərbçiləri döyüşə gedəcəklərini bəyan edirdilər. Azərbaycanda isə təkcə ehtiyatda olan hərbçilər 300 min nəfər civarındadır. Azərbaycan silahlı qüvvələrinin məhv etdiyi əsgərlər arasında Müdafiə Nazirliyinin qeyd etdiyi kimi muzdlu hərbçilər də var”.

Bu gün ermənilərdən Ermənistan erməniləri və Qarabağda yaşayanlar arasında gərginliklərin olduğunu deyən Ü. Cəfərov bu ziddiyyətlərin də orduda problemlər yaratdığını söyləyib:

"Bir qədər fərqli müqayisə olsa da, deməliyəm ki, bəzi insanlar Suriyaya döyüşə getdiklərini bəyan edir, onların ya vəlvələdən, ya zəlzələdən öldürüldüyü haqda məlumatlar yayılır. Əslində eyni mənzərə Ermənistandakı xarici muzdlularla da bağlıdır. Amma Ermənistan onlardan hərtərəfli istifadə edir. Muzdlular həmin şəxslərdir ki, onlar müəyyən maddi həvəsləndirmələrə inanıb, ön xətdə Azərbaycana qarşı döyüşürlər. Muzdluları dəvət etməkdə məqsəd isə Ermənistan ordusunun bir qədər vəziyyətdən çıxarılmasıdır. Çünki onlarsız postlara və ya mühüm tapşırıqları yerinə yetirməyə ermənilərin döyüşçüləri yetərsay deyil”.

Qeyd edək ki, Müdafiə Nazirliyi Xocavənd istiqamətində qoşunlarımız tərəfindən Ermənistan silahlı qüvvələrinə qarşı SPIKE tipli tank əleyhinə idarə olunan raketin tətbiq edilməsi barədə erməni mətbuatının yaydığı məlumata cavab verib. Nazirlikdən bildirilib ki, son günlər düşmənin verdiyi onlarla itkilər arasında xaricdən gətirilən erməni əsilli muzdlular çoxluq təşkil etdiyindən qarşı tərəf bu rəqəmləri məqsədyönlü şəkildə gizlədir.

Aysel Aslan