Arif Rəhimzadənin milli kimliyimizlə bağlı fikirləri müzakirə mövzusu olduFiloloqlar, millət vəkilləri və ictimaiyyət nümayəndələrinin fikirləri də haçalandı
Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə rus xəbər portalına qalmaqallı müsahibə verib. Deputat bildirib ki, azərbaycanlılara "türk” deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır. A.Rəhimzadə çar Rusiyasının məhz azərbaycanlıları türk hesab etdiyi üçün ermənilərə dəstək verdiyini açıqlayıb:
"Rusiyanın azərbaycanlıları türk hesab etməsi bizim bədbəxtliyimizdir. Amma azərbaycanlılar türk deyil. Bu, səhv yanaşmadır. Bəli, biz azərbaycanlılar türklərlə ümumi köklərə malikik, lakin tamamilə müxtəlif xalqlarıq”. Parlament üzvünün bu cür açıqlama verməsi bəzi ictimaiyyət nümayəndələri tərəfindən etirazla qarşılanıb, mediada və sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Narazılıqlardan sonra millət vəkili Arif Rəhimzadə daha əvvəl söylədiyi "azərbaycanlılar türk deyil” ifadəsinə aydınlıq gətirib.
Komitə sədri deyib ki, "biz türk deyilik” ifadəsinin yayılması boş söhbətlərdir:
"Tədbirin sonunda bir nəfər mənə yaxınlaşıb sual verdi. Mən də dedim ki, "biz etnik cəhətdən türkük, amma millət kimi isə azərbaycanlıyıq. Biz türk deyilik ifadəsi səsləndirməmişəm”. Diqqətə çatdıraq ki, deputatın sözlərinə etiraz edənlərlə yanaşı, ona haqq qazandıranlar da olub. Aydın Məmmədov adlı feysbuk istifadəçisi Arif Rəhimzadənin fikirlərinin doğru olduğunu yazıb: "Niyə meksikalıları ispan, braziliyalıları portuqal hesab etmirlər? Halbuki nə Meksika dili var, nə də Braziliya dili. Birincisi ispan dilinin, ikincisi isə portuqal dilinin dialektidir. Amma Azərbaycan dili türk dilinin dialekti deyil, müstəqil dildir. Türk dilinə nə qədər yaxın olsa da, əsaslı fərqləri var. Hətta Azərbaycan dilində işlənən neçə səs türk dilində yoxdur. Belə olan halda azərbaycanlılar necə türk hesab edilə bilər? Hər bir xalq öz adıyla tanınsa daha yaxşıdır”.
"Azərbaycanlı sözü ölkədəki bütün xalqları özündə birləşdirən vahid superetnosun adıdır”
Məsələ ilə bağlı fikirlərini "Şərq”ə bölüşən filologiya üzrə fəlsəfə doktoru Yadigar Cəfərli bu mövzuda ən mükəmməl əsaslandırmalardan birinə hüquqşünas Erkin Qədirlinin yazısında rast gəldiyini bildirib: "Erkin Qədirli yazısında etnik kimliklə milli kimliyi biri-birindən fərqləndirmişdi və bu, doğru yanaşma idi. Türk adı Azərbaycanda və ətraf coğrafiyada yaşayan böyük bir etnosun etnik kimliyidir. Azərbaycanlı adı isə Azərbaycan vətəndaşları olaraq milli-siyasi kimliyimizdir. Azərbaycanlı sözü Azərbaycan ərazisindəki bütün xalqları özündə birləşdirən vahid superetnosun adıdır”.
Bu məsələ ətrafında uzun illərdən bəri müxtəlif səviyyələrdə mübahisələrin getdiyini xatırladan Y.Cəfərli hesab edir ki, 1995-ci ildən sonra ümumi ad kimi məhz azərbaycanlı adının qəbul olunması, əslində, həm ölkənin milli maraqlarını, həm də müasir dövrün sosial-siyasi meyillərini nəzərə alan doğru bir qərar idi:
"Azərbaycanda tarixən mövcud olmuş etnik müxtəliflik, çoxmədəniyyətlilik, tolerantlıq mühiti bizim milli sərvətimizdir. Cəmiyyətdə belə bir mühitin mövcud olması, superetnosun formalaşması tarixi-mədəni inkişaf baxımından bir çox ölkələrdən xeyli irəlidə olmaq deməkdir. Dünyanın bir sıra inkişaf etmiş cəmiyyətləri superetnosun formalaşması prosesini, demək olar ki, başa çatdırıb. Məsələn, Amerikada bu ölkənin heç bir vətəndaşı rəsmi səviyyədə öz milli kimliyini ingilis, çin, əfqan, alman və s. olaraq fərqləndirmir. Baxmayaraq ki, Amerika cəmiyyəti əsasən dünyanın hər yerindən bura gəlmiş mühacirlərdən təşkil olunub. Onlar öz etnik kimliklərini evdə, müəyyən sosial çevrələrdə qoruyub yeni nəsillərə ötürə bilərlər. Amma cəmiyyət səviyyəsində hamısının ümumi bir adı var: amerikalı”.
"Bəzən, azərbaycanlı adı səhv olaraq yalnız Azərbaycan türklərinin adı kimi qəbul olunur”
Yadigar Cəfərlinin fikrincə, azərbaycanlı sözü milli kimlik nişanəmiz kimi uğurlu bir addır:
"Bu, tarixi vətən amilinə əsaslanan neytral bir addır. Azərbaycanı özünə tarixi vətən bilən hər kəs - Azərbaycan türkləri də, ölkəmizdə yaşayan başqa xalqların nümayəndələri də özünü rahatlıqla bu ada aid edə bilir”.
Filoloqun sözlərinə görə, ad neytral olmayanda, rəsmi səviyyədə yalnız say baxımından aparıcı xalqın adı qəbul olunanda, istər-istəməz başqa xalqlar da özlərini fərqləndirməyə başlayırlar:
"Bu isə cəmiyyətdə xoşagəlməz hallara yol açır. Bəzən, azərbaycanlı adı səhv olaraq yalnız Azərbaycan türklərinin adı kimi qəbul olunur. Görürsən, hansısa mənbədə ölkə əhalisinin etnik tərkibi verilir. Respublika ərazisindəki azsaylı xalqların faiz nisbəti göstərilir. Əlavə olaraq yazılır ki, azərbaycanlıların faizi də bu qədər - yəni, Azərbaycanda yaşayan türk mənşəli əhali. Bu, kökündən yanlış yanaşmadır. Azərbaycanlı - respublikamızda və ölkə hüdudlarından kənarda yaşayıb etnik kimliyindən asılı olmayaraq Azərbaycanı özünə tarixi vətən bilən, özünü ümumi Azərbaycan mədəniyyətinə aid edən bütün insanların ümumi adıdır”.
"Bədbəxtliyimizdir” ifadəsinə ehtiyac yox idi”
Millət vəkili, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov isə bildirib ki, Arif Rəhimzadə müdrik adamdır. O, çox yaxşı bilir ki, bizim kökümüz türkdür: "Lakin Arif müəllim siyasətçidir. Görünür, Rusiyanın Türkiyə ilə uzun zaman apardığı nüfuz mübarizəsinə görə belə deyib. Rusiyada həmişə bizə türk, tatar kimi baxıblar. Arif müəllim də azərbaycanlıların, Türkiyə türklərinin, tatarların, özbəklərin, qırğızların və digər türkdilli xalqların türk olduğunu yaxşı bilir. Sadəcə olaraq, hər ölkədə müxtəlif etnik qruplar yaşayır. Arif müəllim də etnik tarixi yaxşı bilir”. Onun sözlərinə görə, Arif Rəhimzadə türk dünyasına bağlı adamdır: "Hesab etmirəm ki, o, bu sözləri başqa mənada deyib. "Türklər və azərbaycanlılar fərqli xalqlardır” sözü doğrudur. Türkiyə türkləri, azərbaycanlılar, qırğızlar, tatarlar, özbəklər fərqli xalqlardır. Misal üçün, ruslar, ukraynalılar və belarusların dili 90 faiz eynidir, lakin onlar başqa-başqa xalqlardır. Rusiyada müəyyən mərkəzlər ukraynalılarla rusların eyni xalq olduğunu desə də, ukraynalılar bunu qəbul etmirlər. Bizimlə türklər də ayrı-ayrı xalqlardır, sadəcə olaraq kökümüz eynidir. Sadəcə olaraq, Arif Rəhimzadə "bədbəxtliyimizdir” ifadəsini elə-belə işlədib, bu ifadəyə ehtiyac yoxdur”.
"Arif Rəhimzadə sanki türk olmaqdan utanır...”
Parlament üzvü Fazil Mustafa da açıqlamasında deyib ki, Arif Rəhimzadə etnoqrafiya ilə bağlı yanlış fikirlərə malikdir: "Azərbaycan əhalisinin böyük əksəriyyəti türklərdir. "Azərbaycanlı” sadəcə siyasi terminologiyadır, etnik terminologiya deyil. Bu, yanlış yanaşmadır. Görünür, Arif müəllimin etnologiya ilə bağlı bilgiləri fərqli istiqamətdə formalaşıb. Biz özümüzü türk hesab edirik. Bu ifadə Azərbaycanda yaşayan türklərin milli kimlik haqlarının doğru ifadə olunmamasıdır. Hesab edirəm ki, belə bir ifadəni işlətməklə o, sanki türk olmaqdan çəkinir, utanır. Biz türkük, əhalimizin çoxu türkdür. Azərbaycanda türklərlə yanaşı başqa azsaylı xalqlar da yaşayır. Biz çoxluğu təşkil edən xalq kimi onların hüquqlarını qorumağa borcluyuq. Buna görə də qətiyyən Arif Rəhimzadənin fikirləri ilə razı deyiləm”.
"Ölkədə sonuncu "sovet adamı” qalanadək belə müqayisələr davam edəcək”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli də məsələyə münasibət bildirib: "Azərbaycanlı-türk müqayisəsi ilə bağlı daha bir deputatın fərziyələrini oxudum. Bu qənaətə gəldim ki, ölkədə sonuncu "sovet adamı” qalanadək belə müqayisələr davam edəcək. "Sovet adamı” ifadəsini SSRİ dönəmində doğulan və yaşayan bütün insanlara şamil etmirəm. "Sovet adamı” beyninin ən son hüceyrəsinədək assimilyasiyaya uğramış xüsusi insan tipidir. Belələrinə "Sovetantrop” da demək olar...”
İsmayıl