"Lokal hərbi əməliyyatlardan sonra savaş böyüyə bilər" - PROQNOZ




"Qarabağ Azadlıq Təşkilatı Dağlıq Qarabağda geniş miqyasda hərbi əməliyyatlara başlanılmasının tərəfdarıdır”.

Bunu Sherg.az-a son günlər cəbhə xəttində baş verən gərginliklə bağlı danışarkən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. 

O bildirib ki, Dağlıq Qarabağda azərbaycanlılara qarşı çoxsaylı terror aktlarının törədildiyini nəzərə alıb, bu əməliyyatları anti-terror tədbirləri fonunda həyata keçirmək olar:

"Azərbaycana qarşı törədilən terror aktlarına görə, müxtəlif rəqəmlər səsləndirilir. Hesab edirəm ki, Dağlıq Qarabağ ətrafında törədilən hərbi əməliyyatların əksər hissəsi mahiyyətcə terror aktıdır. Ona görə, Azərbaycan işğal olunmuş ərazilərində anti-terror əməliyyatlarına başlaya bilər. Həmişə geniş hərbi əməliyyatların başlanmasının tərəfdarı olmuşuq. Hələlik isə yerli və xarici ekspertlərin fikirlərinə görə, Azərbaycan kiçik hərbi uğurlarla böyük qələbəyə doğru irəliləyir. Ola bilər, bu müharibə lokal hərbi əməliyyatlardan sonra böyüsün. Ola bilər ki, hakimiyyətin informasiyası daha genişdir. Hər halda düşünürəm ki, heç bir təzyiqə baxmadan Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlamalıdır, sanksiyalardan çəkinməməlidir”.


Dağlıq Qarabağ münaqişəsinin həllini Şri Lanka ilə müqayisə edən təşkilat sədri bildirib ki, Azərbaycan bu nümunəni öyrənməlidir:

"Təşkilatımızın təşkil edəcəyi, Yaponiyadan mütəxəssislərin də iştirak etməsi gözlənilən konfransda bu təcrübə müzakirə olunacaq. Uzun müddət Şri Lankada hərəkat fəaliyyət göstərirdi. Onlar 2005-ci ilə qədər müxtəlif şəkildə etirazlarını bildirirdilər. Artıq 2005-ci ildə hökumət onlara qarşı irimiqyaslı hərbi əməliyyatlara başlayıb. Bununla az vaxtın içərisində tamamilə həmin separatçı qüvvəni ləğv etmək mümkün oldu. Ona görə, bu tip münaqişələri hərbi əməliyyatlarla, birdəfəlik bitirmək lazımdır”.

Qeyd edək ki son günlər cəbhədəki gərgin vəziyyət daha da şiddətlənib və separatçı Ermənistan təxribatlarını dayandırmır. Və nəticədə ağır zərbələr alaraq geri otuzdurulur. Bu hal isə cəmiyyətdə aprel döyüşlərinin təkrarlanacağı ehtimalını yaradır. 

Ayyət Əhməd