Amerikanın postsovet məkanı ilə bağlı siyasəti dəyişib





"Gürcüstana dəstək göstərmək Amerikanın postsovet məkanı ilə bağlı siyasətinin dəyişməsindən xəbər verir”.

Bunu Sherg.az-a ABŞ-ın Gürcüstana dair Rusiyaya çağırış etməsinə münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, bu çağırışdan sonra hansısa əməli işlərin görülməsi baş verə bilər:

"Gürcüstan mövzusunun dilə gətirilməsi, ona dəstək göstərilməsi bilavasitə Ukraynada gedən proseslərlə bağlıdır. Ümumiyyətlə, bu hadisələr Qərbin postsovet məkanında siyasətinin yeni cizgilərindən xəbər verir. Artıq postsovet məkanına qarşı yeni münasibət yaranmağa başlayıb. Bu münasibət ondan ibarətdir ki, Barak Obamanın hakimiyyəti dövründə bu məsələlər ikinci plana keçirilmişdi. Daha çox Ukrayna böhranı Suriyadakı hadisələr qabarıq şəkildə dünya siyasətinin gündəliyində idi. Amerika çalışır Suriya yaxud, Ukraynada olan prosesləri digər proseslərlə uzlaşdırsınlar. Ona görə, Gürcüstan indi gündəmə çıxıb. Ukrayna və Gürcüstan problemlərinə çox güman ki, bir düyündə baxılır”.

Qeyd edək ki, ABŞ Konqresi Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməni təsdiq edib. Sənədə əsasən, ABŞ heç bir halda Gürcüstanın hər hansı bir hissəsinə Rusiyanın de-fakto nəzarətini tanımır. Qətnamə, həmçinin Rusiyanı Gürcüstan əraziləri olan Abxaziya bölgəsi və Sxinvali rayonunun müstəqilliyinin tanınmasından imtina etməyə çağırıb.

Aysel Aslan