Ermənistan Gürcüstandan “nəfəslik” istəyir

Ancaq rəsmi Tbilisi buna getməz, çünki Azərbaycanın qəzəbinə tuş gələ bilər


Ermənistanın Baş naziri Karen Karapetyanın Tbilisiyə səfərindən sonra Gürcüstan hökumətinin işğal olunmuş Abxaziyadan Ermənistana gedən dəmir yolunu açacağı barədə məlumatlar yayılıb. Xəbəri əlində əsas edən gürcü müxalifəti hökuməti saxtakarlıqda ittiham edib. Gürcüstan Baş nazirinin müavini Kaxa Kaladze isə dəmir yolunun açılışı barədə məlumatları təkzib edib.

O deyib ki, Ermənistanın Baş nazirinin Gürcüstana səfəri zamanı Abxaziya dəmir yolunun açılışı barədə danışıqlar aparılmayıb. Rəsmi məlumatlara görə, görüş çərçivəsində tərəflər hansısa önəmli anlaşma imzalamayıblar. Ancaq istənilən halda işğalçı ölkə rəsmisinin Gürcüstana səfər etməsi və bu cür xəbərlərin yayılması Azərbaycan tərəfinin narahatlığına səbəb olub. Çünki səfər təcavüzkar ölkənin izolyasiyadan çıxması üçün növbəti cəhdi kimi qiymətləndirilir. Bəzi məlumatlara görə, rəsmi İrəvan şimal istiqamətində blokadanı yarmaq üçün Tbilisiyə minnətçi düşüb. Məlumdur ki, Gürcüstan bizim iqtisadi tərəfdaşımız, neft-qaz layihələrində ortağımız və tranzit qonşumuzdur. Bundan əlavə, gürcü iqtisadiyyatına yatırılan xarici investisiyaların həcminə görə Azərbaycan ilk üçlüyə daxildir. Söhbət təkcə iqtisadi bağlardan və amillərdən də getmir. Azərbaycanla Gürcüstanı həm də ortaq təhlükəsizlik və işğal problemləri birləşdirir. Hər iki ölkə bilavasitə Rusiya təcavüzünün qurbanıdır və ərazi bütövlüyünü bərpa eləmək üçün illərdir mübarizə aparır. Üstəlik, erməni kartı Gürcüstanı da təhdid edir. Belə bir şəraitdə əksər ekspertlər Ermənistan-Gürcüstan yaxınlaşmasına ehtimal vermirlər. 

Bu barədə "Şərq”ə danışan politoloq Tofiq Abbasov deyib ki, neçə illərdir ki, işğalçı dövlət qonşu Gürcüstanla yaxınlaşmağa, özünə "nəfəslik” açmağa çalışır. Ancaq indiyə kimi bunu reallaşdıra bilmir: 

"Siyasi cəhətdən bir neçə tərəflərin maraqları toqquşur. Burada Ermənistan və Gürcüstanla yanaşı, Rusiyanın, eyni zamanda özünü "müstəqil” elan etmiş Abxaziyanın da maraqları var. Digər tərəfdən sözügedən dəmiryolunun bərpası üçün xeyli vəsait tələb olunur. Dəmiryolunun bərpası Gürcüstana müəyyən iqtisadi dividend gətirsə də, nəzərə almaq lazımdır ki, bu dövlət Azərbaycanın strateji müttəfiqidir. Ölkələrimiz arasında sıx əməkdaşlıq var. Rəsmi Tbilisi çox gözəl bilir ki, onların dəmir yolunu bərpa etməsi və işə salması Azərbaycanı çoz qəzəbləndirəcək. Ona görə də Bakının maraqlarını gözardı etməyə tələsmir. Onu xatırladım ki, zamanında tərəflər buna cəhd ediblər. Amma Azərbaycanın sərt etirazından və xəbərdarlığından sonra məsələ gündəmdən düşüb. Hələlik Rusiya da məsələdə fəallıq nümayiş etdirmir. Aktivlik edən sadəcə Ermənistandır”.

İsmayıl