Ziya müəllim Quranı təhlil edirsə, ona afərin!

Din xadimlərinin bəzisi keçmiş nazirə irad tutdu, bəziləri isə alqışladı


Ölkə Prezidentinin sərəncamı əsasında Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların bazasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı. Nəticədə yeni nazirliyə təyinat almayan keçmiş nəqliyyat naziri Ziya Məmmədov vəzifə pilləsindən uzaqlaşdırıldı. Bəziləri Z.Məmmədovun yeni vəzifəyə gətiriləcəyini iddia etsələr də, gözləntilər reallaşmadı.

Sabiq deputat Elton Məmmədov qardaşı Z.Məmmədovla bağlı maraqlı açıqlamalar verib. Belə ki, E.Məmmədov keçmiş nazirin hazırda istirahət etdiyini bildirib: "Çünki uzun müddət gərgin iş qrafikində işləyən insan olub. Ona görə də hazırda vaxtını istirahətə sərf edib. Mütaliəyə geniş vaxt ayırıb. Bildiyiniz kimi, Ziya müəllim müqəddəs "Qurani-Kərim”i kifayət qədər oxuya, təhlil edə bilir. Düşünürəm ki, bu da xoş olan bir işdir. Həmçinin, ailəsinin, doğmalarının yanında istirahət etməyin özü də yaxşı bir haldır”.

İnsanların "Qurani-Kərim”ə şərh yazmaq və hansısa prizmadan baxıb şəxsi fikirlərini söyləmək iqtidarında olmadığını deyən ilahiyyatçı Hacı Atif İsmayılov Quranın qəti şəkildə şəxsi fikirləri
rədd etdiyini bildirib. Onun sözlərinə görə, Quranı təhlil etmək istəyən şəxs Quran elmindən və onun nazil olma ayələrindən, ərəb dilinin qramatikasından xəbərdar olmalıdır: 

"Qurani-Kərim” bəşər aləmində çox önəmli və ali dəyərli kitabdır. Qədim zamanlarda hətta peyğəmbərimiz ətrafında olan müsəlmanlara Quranla bağlı bir məsələni qadağa etdi və dedi ki, hər bir insan "Qurani-Kərim”ə öz şəxsi fikirlərini gətirməsin. İnsanlar şəxsi fikirləri ilə Quranı təfsir edə bilməz. Peyğəmbər şiddətli şəkildə insanları çəkindirdi ki, kimsə Quranı şəxsi fikirləri ilə şərh edərsə, yerini cəhənnəmdə görmüş olsun. Çünki bir zaman insanlar gələcəkdə, öz dövrlərində "Qurani-Kərim”ə dəyişikliklər və əlavələr edəcək- deyə peyğəmbər bu fikri söyləmişdi. Amma bu, Quran haqqında qeyb olunan təfsiri inkar etmir”.

İlahiyyatçı həmçinin bildirib ki, Quranı təhlil və şərh etmək istəyən şəxs gərək Quran ayələrinin nazil olma səbəblərini bilsin. Əgər həmin şəxs bu sahədə mükəmməl elmə malik olarsa, o zaman onun şərh yazmağı ağlabatandır: 

"Bəzi ayələr var tarix, bəziləri də ideologiya ilə bağlıdır. Bu məsələdə gərək həmin insan çoxlu araşdırmalar aparsın. İslam mənbələrinə, peyğəmbərin dilindən olan hədislər və tarixi məsələlərə, həmçinin islam alimlərinin təfsir ayələri haqqında söylədiyi fikirlərə nəzər salsa daha yaxşı olar. Yəni şəxsi fikri olaraq yox, peyğəmbərin fikirləri ilə bağlı izahat vermiş olsa, daha gözəl olar”.

Nəinki Ziya Məmmədovun, həmçinin digər nazirlərin, dövlət adamlarının Quran oxumasının normal olduğunu söyləyən şərqşünas Seyid Camal Əzimbəyli Quranı təhlil edə bilənlərə "əhsən” deyib: 

"Biz dünyəvi ölkə olsaq da, Azərbaycan xalqının mütləq çoxluğunu müsəlman kimliyi təşkil edir. Quranı oxuyan şəxslər milli kimliyi ilə bərabər, dini kimliyini həyatına, yaşamına transfer edir. Çox gözəl olar ki, "Qurani-Kərim”i oxuyan, onun hökmlərini mənimsəyən şəxslər həm də dövlətin və dövlət başçısının etimadını doğrulda bilsinlər. O ki qaldı Quranla bağlı təhlillərə, düşünürəm ki, hər kəsin Qurana və islama baxış bucağı var. Yəni istər müsbət, istərsə də mənfi mənada. Bir şərqşünas olaraq hələ də Quranı təhlil etməkdə çox böyük çətinliklər çəkirəm. Ziya müəllim əgər Quranı təhlil edə bilirsə, ona afərin!”.

"Qurani-Kərim”i oxuyub təhlil etməyin hər bir müsəlman üçün lazımlı olduğunu deyən ilahiyyatçı Hacı Şahin Həsənli isə düşünür ki, Quran cəmiyyətin bütün təbəqələri üçün nəzərdə tutulub. 

"Qurani-Kərim” xüsusi bir təbəqə üçün göndərilmiş kitab deyil. Yəni Allahın bəşəriyyətə bəxş etdiyi sonuncu səmavi kitabdı və insanlar da bu kitabı oxumalı və təhlil etməlidir. Təəssüf ki, biz "Qurani-Kərim”in oxunmasını xüsusi bir təbəqəyə tapşırmışıq. Ancaq din xadimləri bu işlə məşğul olur. Bu belə olmalı deyil. "Qurani-Kərim” bəşəriyyət üçün göndərilib, hidayət kitabıdır və ona görə də istənilən bir insanın Quran oxuması və onu təhlil etməsi müsbət qarşılanmalıdır”.

Yeganə Bayramova