Gediş haqqının bahalaşması elektrik qatarından istifadə edənlərin sayını azaldacaq

Hökumət sərnişinlərin sayını artırmaqla daha çox gəlir əldə edə bilərdi


Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının gediş qiyməti artırılıb. "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, xidmət xərclərinin balanslaşdırılması məqsədilə, 3 mart 2017-ci ildən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında müəyyən edilmiş istiqamətlərə dair gediş haqqı tarifləri dəyişdirilib. Qiymətlər 0.80 manatdan 1.20 manata qalxıb.

Bakı-Sumqayıt elektrik qatarından tez-tez istifadə edən jurnalist Eldar Tanrıverdiyev qiymət artımının gündəlik xərcləri baxımından elə də ciddi dəyişikliyə səbəb olmayacağını düşünür: "Lakin "Biznes klass” olan biletlərin qiymətinin 40 qəpik bahalaşması artıq öz mənfi təsirini göstərməyə başlayıb. Belə ki, daha əvvəl "Biznes klass”da Bakı-Sumqayıt qatarından istifadə edən sərnişinlərin əksəriyyəti adi vaqondan istifadə etməyə başlayıb. Bu da sərnişin sıxlığının artması ilə nəticələnib və insanlar bu yolu ayaq üstə gəlməyə məcbur olublar. Bu da diskomforta səbəb olur”.

İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə açıqlamasında Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqının artırılmasının elektrik enerjisinin qiymətinin artması ilə birbaşa bağlı olduğunu deyib: 

"Sərnişindaşımada maya dəyəri artdığı üçün qiymət artımı labüdləşib. Azərbaycanda alternativ variantlarla maya dəyərini aşağı salmaq mümkün olmadığı üçün "Azərbaycan Dəmir Yolları” QSC xidmət xərclərinin balanslaşdırılması məqsədilə Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqını qaldırıb”.

N.Cəfərlinin sözlərinə görə, elektrik qatarlarının qiyməti və sərnişinlərə göstərilən xidmət əhaliyə sərf etmədikdə qatarların populyarlığında və ondan istifadə edən sərnişinlərin sayında kəskin azalmalar müşahidə oluna bilər. Hətta sərnişin sıxlığı azaldığı müddətdə onun rentabelliyi də kifayət qədər aşağı düşəcək: "Hesab edirəm ki, hökumət dövriyyəni və sərnişinlərin sayını artırmaqla daha çox gəlir əldə edə bilərdi, nəinki qiyməti artırmaqla. Gediş haqqının bahalaşması çox güman ki, elektrik qatarından istifadə edən sərnişinlərin sayının azalmasına səbəb olacaq. Əgər sərnişinlərin sayı azalsa, bir müddətdən sonra Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının bağlanması gündəmə gələ bilər”.

İqtisadçının sözlərinə görə, elektrik qatarlarının qiymətinin artması metro və marşrut avtobuslarının da qiymətinin artmasına dair ehtimalları üzə çıxardır: 

"Bilirsiniz ki, dəfələrlə rəsmi qurumlar tərəfindən hər bir sərnişinin daşınması üçün çəkilən xərclərlə bağlı mediada açıqlamalar verilib ki, qiymətlər rentabelli deyil. Çox güman ki, "Azərbaycan Dəmir Yolları” QSC-dən sonra Bakı Metropoliteni də qiymət artımına gedəcək. Metroda gediş haqqı artarsa, qısa zamanda avtobuslarda da qiymət artımı məsələsi gündəmə gətirilə bilər”.

Şəymən