Çünki onlardan jurnalistikanın prinsiplərinə əməl etmək tələb olunanda, jurnalist olmadıqlarını iddia edib, məsuliyyətdən yayınırlar
Bloqerlərin fəaliyyəti qanunla tənzimlənməlidir
Ekspertlər hesab edir ki, Əflatun Amaşovun qaldırdığı məsələ diqqətdən kənarda qalmamalıdır
Çünki onlardan jurnalistikanın prinsiplərinə əməl etmək tələb olunanda, jurnalist olmadıqlarını iddia edib, məsuliyyətdən yayınırlar
Çünki onlardan jurnalistikanın prinsiplərinə əməl etmək tələb olunanda, jurnalist olmadıqlarını iddia edib, məsuliyyətdən yayınırlar
Azərbaycanda internet resursları, o cümlədən sosial şəbəkələri, bloqerlərin fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur. Bu təşəbbüslə bir müddət əvvəl Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.
Ə.Amaşovun sözlərinə görə, bu gün dünyada bloqerlərin fəaliyyəti başqa cür dəyərləndirilsə də, Azərbaycanda buna yanaşmada fərqli baxış var və onun fəaliyyətinin sərhədləri müəyyən edilməyib: "Ona görə də bu sahənin fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var”. Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov da bu təşəbbüsü dəstəkləyib: "Kim nə istəyirsə, onu da yazır. Odur ki, bu sahədə bir xaos hökm sürür. Ona görə də bu sahənin qanunla tənzimlənməsinə ciddi ehtiyac var”.
Qeyd edək ki, bloq ilk dəfə 1997-ci ildə Con Barger tərəfindən icad olunub. Müəllif "İnternet-gündəlik” sözünə analoji olaraq "logging the web” sözünün qısaltması olan "weblog” ifadəsini işlədib. Bu söz ingilis dilindən tərcümədə "şəbəkədə gündəlik yaratmaq” mənasını ifadə edir. Termin 1999-cu ilin aprelində "Peterme” bloqunun yaradıcısı Peter Merholz tərəfindən təhrif olundu və "we blog” - "biz bloq yaradırıq” kimi ifadə edilib. Bunun da nəticəsində "to bloq” "bloq yaratmaq” ifadəsi yaranıb və bugünkü bütün növ İnternet-gündəlikləri nəzərdə tutan ad - "bloq” ifadəsi yaranıb.
Bundan sonra bloqlar artmağa başlayıb və ictimai jurnalistika kimi formalaşıb. Dünyanın bir çox ölkəsində bloqerlərə xüsusi diqqət yetirilir.
Bloqlar KİV-lə rəqabət aparan qüvvə kimi ilk dəfə özünü 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş vermiş terror hadisəsi zamanı göstərib. Nyu-York bloqerləri hadisə baş verən məkandan
operativ müsahibələr alaraq, hadisə şahidlərindən faktlar toplayaraq bloqlarda yerləşdiriblər. ABŞ-da və Rusiyada bəzi bloqlara KİV şəhadətnaməsi təqdim edilir. Verilən lisenziyaya əsasən, bloqerlər Rusiya qanunvericiliyinə uyğun olaraq reklam və xəbərlərlə çıxış edə bilərlər.
Hətta ABŞ-da keçirilən hər hansı bir tədbirə məşhur bloqerlər dəvət edilir. Elə bloqerlər var ki, onların saytına gündə 10 milyon insan girir. "Sony”, "Canon” kimi şirkətlər təzə məhsul buraxmamışdan qabaq mallarını bloqçulara göndərir və bu üsulla onları yayırlar. Bloqların yaradılmasında digər bir amil isə internet istifadəçilərinin hansısa mövzu haqqında yazdıqları yazını, çəkdikləri videonu internetə qoymaq məsələsidir. Düzdür, bunun üçün başqa formalar var, amma bloqlar vasitəsilə internetə ötürülən materiallar daha keyfiyyətli və təhlükəsizdir.
Hazırda Azərbaycanda da minlərlə bloqlar aktiv fəaliyyət göstərir və onların sərbəst fəaliyyət göstərmələrinə heç bir məhdudiyyət qoyulmur. Ancaq hər sahədə olduğu kimi bloqerlərin fəaliyyətində də bir sıra neqativ hallara rast gəlinir. Çoxları bloqun nəyə xidmət etdiyini bilmədiyi üçün, istədikləri formada bloq yaradaraq ağıllarına gələni yazırlar. Düzdür, internet məkanında qadağa yoxdur, hamı sərbəstdir. Amma istənilən halda azadlıqlardan sui-istifadə etmək mənəviyyata və peşə etikasına zidd addımlardır. Bu baxımdan zaman-zaman müzakirə olunan əsas məsələlərdən biri də hər cür xəbəri operativ şəkildə internetdə və sosial şəbəkələrdə yayan bloqerlərin jurnalist sayılıb-sayılmamasıdır. Hər zaman mübahisəyə səbəb olan bu məsələyə bu günə kimi konkret cavab verilməyib. Bloqerlərin bir növ media təmsilçiləri sayıldığını söyləyənlərlə yanaşı, onların jurnalistika ilə heç bir əlaqələrinin olmadığını düşünənlər də var.
"Bloq” və "bloqer” anlayışlarının media qanunvericiliyinə əlavə edilmə zərurəti ilə bağlı açıqlama verən ekspertlər də millət vəkilinin fikirləri ilə razılaşıb.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrətin sözlərinə görə, dünyanın müxtəlif ölkələrinin media təmsilçilərinin belə bloqerlərin jurnalist hesab edilib-edilməməsi ilə bağlı fikirləri fərqlidir. Bir çox media təmsilçiləri bloqerlərin fəaliyyətinin qanunla tənzimlənməsinin absurd olduğunu düşünür. Bir qrup ekspert isə öz açıqlamalarında qeyd edirlər ki, əgər konkret fərdlər bu işi özünə fəaliyyət sahəsi olaraq seçirsə, onların fəaliyyəti mütləq şəkildə tənzimlənməlidir.
Millət vəkilinin təklifinin bir neçə dəfə Mətbuat Şurasında müzakirə olunduğunu vurğulayan A.Həsrət bloqerlərin dünyanın hər tərəfində ictimai-siyasi proseslərə təsir edən şəxslərə çevrildiyini deyib. Amma bu fəaliyyət sahəsi ilə məşğul olan şəxslər özlərini rəsmən bloqer elan etmədikcə, onların "bloq”çu kimi təqdim olunması problemlər yaradır: "Azərbaycanda müəyyən gənclər var ki, konkret cinayət əməlinə görə həbsə atıldıqdan sonra ətrafındakılar onların bloqer olduğunu və hansısa yazısına görə təqib olunduqlarını bəyan edirlər. Hansı ki, tutulduqları ana qədər həmin gənclər haqqında ictimaiyyət məlumatlı olmayıb. O zaman ortaya məntiqli bir sual çıxır: İctimaiyyətin tanımadığı bir bloqer, doğrudanmı, hakimiyyət üçün təhlükəli ola bilər? Əlbəttə ki, yox! Hesab edirəm ki, bu cür ziddiyyətli mövqelərin qarşısını almaq üçün bloqerlərin fəaliyyəti qanunla tənzimlənməlidir. Media qanunvericiliyində "bloq” nədir, bloqerlər kimlərdir, konkret şəxslər bu işlə məşğul olduqları zaman hansı qaydalara əməl etməlidirlər kimi suallara aydınlıq gətirilsə, konkret cinayət əməlinə görə həbs olunan adamlar da özlərini həbsxanadan bloqer elan edə bilməzlər. Digər bir məqam isə ondan ibarətdir ki, bloqerlər müstəqil şəxslərdir və nə istəyirlər yazırlar. Onlardan jurnalistikanın prinsiplərinə əməl etmək tələb olunanda isə jurnalist olmadıqlarını iddia edib, məsuliyyətdən yayınırlar. Hesab edirəm ki, "bloq” və "bloqer” anlayışları media qanunvericiliyində öz əksini tapsa, onlar üçün də konkret prinsiplər müəyyənləşdirilər və onlar da öz yazılarında keyfiyyət dəyişiklikləri edərlər. Üzərlərinə ciddi bir məsuliyyət düşər. Bloqerlər dünyanın hər yerində var. Əslində onlar jurnalist deyillər. Sadəcə jurnalist fəaliyyəti ilə məşğul olurlar. Əgər qanunvericiliklə tənzimlənsə, konkret sərhəd müəyyənləşər və onların fəaliyyətləri konkret bir çərçivəyə salınar. Belə olan halda artıq bloqerlərlə bağlı ziddiyyətli suallar da cavab tapmış olar”.
"Azxəbər.com” saytının həmtəsisçisi, gənc jurnalist Əfsələddin Ağalarov isə "Şərq”ə açıqlamasında deyib ki, vətəndaş jurnalistikası və ya bloqerlərlə bağlı qanun layihəsi hazırlanarkən həddindən artıq diqqətli olmaq lazımdır.
Çünki bu qanunlar hansısa bloqerin və ya sosial şəbəkələrdə vətəndaş jurnalistikası ilə məşğul olan insanların fəaliyyətini məhdudlaşdıra bilər. Bloqerlərin söz və fikir azadlığı qorunmaq şərti ilə onların fəaliyyətinin tənzimlənməsinin məqsədəuyğun olduğunu vurğulayan həmkarımız hesab edir ki, qanunun qəbul olunması bu sahədəki boşluqların aradan qaldırılmasına da səbəb ola bilər.
Belçikada bloqerlərin fəaliyyətinin qanunla tənzimləndiyini vurğulayan Ə.Ağalarovun sözlərinə görə, bu ölkədə bloqerlərin üzərində rəsmi vəsiqələri belə olur:
"Zənnimcə, bloqerlərin fəaliyyəti rəsmiləşəcəyi təqdirdə bu qanun şəxsi ambisiyaları üçün söz azadlığından istifadə edilməsi hallarının qarşısını alacaq”.
Ə.Ağalarovun sözlərinə görə, Əflatun Amaşovun qaldırdığı məsələ diqqətdən kənar qalmamalıdır:
"Ən önəmli məsələ isə internet media ilə bağlı qanunvericiliyin qəbul olunmasıdır. Çünki bu sahədə həddindən artıq boşluqlar var”. "Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda internet media ilə bağlı hər hansı müddəa olmadığını vurğulayan "Azxəbər. com”un baş redaktoru hesab edir ki, qanunvericiliyin mövcudluğu internet media sahəsində çalışan jurnalistlərin məsuliyyətinin və peşəkarlığının artmasına gətirib çıxaracaq”.
Bloqerlərin fəaliyyətinin bütün dünyada qəbul edildiyini vurğulayan "ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov düşünür ki, bu sahə artıq yeni medianın bir qolu kimi özünə yer tapıb:
"Biz bu kimi məsələlərdə dünya təcrübəsinə baxsaq görərik ki, bloqerlər artıq mətbuatın ayrılmaz bir hissəsi kimi qəbul edilirlər. Düzdür, ölkəmizdə bloqerlik bir neçə il öncə parlasa da, hazırkı vəziyyət üçün öz aktivliyini itirib. Buna əsas səbəb sosial şəbəkələrin bizdə daha çox istifadə edilməsi, xüsusi bloqların yerini almasıdır”.
Əflatun Amaşovun təklifinə gəlincə isə, M.Gülməmmədov hesab edir ki, əgər bloqerləri mətbuatın bir qolu olaraq hesab etsək, o zaman necə ki, mətbuatın fəaliyyəti müəyyən qanunlarla tənzimlənir, deməli, bloqerlərin fəaliyyətinə də bu şamil edilməlidir: "Məsələn, Rusiyada aylıq müəyyən oxucu kütləsini keçən bloqlar "KİV haqqında” qanuna tabe tutulurlar. Bu bizdə də belə ola bilər, yaxud başqa cür tənzimlənmə metodu tapıla bilər. Hər bir halda ifadə azadlığı çərçivəsində bu məsələ tənzimlənməlidir”.
Şəymən
(Davamı olacaq ...)
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb