«Biradamlıq kirayə ev axtarırdım»

26 il həbsxanada olmuş şəxs bu dəfə oğurluğa görə tutuldu

Binəqədi Rayon Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. APA TV-nin xəbərinə görə, rayon sakini Mehdi Mehdiyev ərizə ilə polisə müracəit edərək Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Allahverdiyev küçəsində yerləşən evindən 3 min manat dəyərində qızıl və zinət əşyalarının, 200 manatlıq qadın və kişi paltarının yoxa çıxdığını bildirib. Əməliyyat nəticəsində oğurluq edən şəxsin 1960-ci il təvəllüdlü Fətəli Sədəfi olduğu müəyyən edilib. Fətəli Sədəfi hadisəni törədərkən içkili olduğunu və buna görə də heç nə xatırlamadığını deyir. Əslən Qubadan olan Fətəli meyvəli bazarda kiçik ticarətlə məşğul olur. Deyir ki, kirayə ev axtarmaq məqsədi ilə evdən çıxıb, ancaq sonradan küçəni səhv salıb və mənzillərdən birinə daxil olmaqla oğurluq edib: "Kirayə ev axatrırdım. Yəqin kimsə mənə deyib, orda ev var, getmişəm. Biradamlıq kirayə ev axtarırdım. Evə necə daxil olmuşam, bilmirəm". Fətəli Sədəfi əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ümumilikdə 26 il müddətində məhkumluq həyatı yaşayıb: "Oğurluğa görə tutulmuşam, sonra ölüm işi olub. 1992-ci ildə qaçmışam, 2001-də tutulmuşam. 12 il veriblər, qurtarıb çıxmışam". Hazırda həmin şəxsin digər cinayətləri də törədib-törətməməsini müəyyən etmək məqsədi ilə əməliyyat tədbirləri davam etdirilir.