Milli Məclisdə xüsusi komissiya yaradılması təklif edildi



"Milli Məclisin qəbul etdiyi qanunların icrası üçün lazımı nəzarət yoxdur. Ona görə də mən təklif edirəm ki, ya Milli Məclisin, ya da Nazirlər Kabinetinin tərkibində daimi fəaliyyət göstərən, qanunların icrasını analiz edən və icra mexanizminin təkmilləşdirilməsi ilə məşğul olan xüsusi komissiya yaradılsın”. Bu təkliflə Milli Məclisin deputatı Elmira Axundova çıxış edib. Deputat bildirib ki, bu komissiya apardığı araşdırmalarla bağlı Milli Məclis qarşısında hesabat verə və ya tövsiyələr irəli sürə bilər: "Daha sonra isə bu təkliflər və tövsiyələr məsul nazirlik və ya dövlət qurumuna göndərilə bilər. Vətəndaşların qanunlara olan inamını artırmaq lazımdır. Bunun üçün də qanunların qeyd-şərtsiz hamı üçün eyni qaydada tətbiqinə nail olmaq lazımdır”. Milli Məclisin spikeri Oqtay Əsədov isə deputata cavabında deyib ki, belə bir komissiyanın yaradılmasına ehtiyac yoxdur: "İndoneziya parlamentində bir yuxarı, bir aşağı, bir də barışdırıcı palata var. Bizdə də belə bir şey yaradılsın? Buna ehtiyac yoxdur. Hər kəs öz işini düzgün görsə, belə problemlər də olmaz”.