Ermənistanın 5 rayonu geri qaytarması xəbəri inandırıcı deyil

Axı sual ortaya çıxır, qəflətən nə baş verdi ki, Ermənistan yumşalmağa doğru getdi

Türkiyənin "Todays Zaman” qəzetinin yaydığı məlumata görə, rəsmi Ankara Ermənistan-Azərbaycan münaqişəsinə yardım göstərməsi üçün İsveçrəyə müraciət edib. Xəbərə görə, oktyabr ayının ortalarında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsveçrə rəsmilərinə bildirib ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmağa hazırdı.

Amma bunun üçün Ermənistan əvvəlcə işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Xarici işlər naziri bildirib ki, əgər Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxarsa, Ankara da sərhədlərin açılması ilə bağlı 2009-cu il Surix protokollarını həyata keçirməyə hazırdır. Qəzetin məlumatına görə, İsveçrə rəsmiləri Ə.Davudoğlunun təklifinə müsbət cavab veriblər. Mətbu orqanın yazdığına görə, Ermənistan tərəfi bəyan edib ki, 5 rayonu işğaldan azad etməyə razıdır.

Qəfildən gündəmə gələn bu razılıq məsələsinə münasibət bildirən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu sözügedən məlumatın ciddiliyinə qətiyyən etibar etmir və deyir ki, yazının yayılmasında məqsəd başqadır: "Əgər məsələ deyildiyi kimi ciddi olsaydı, ilk növbədə adıçəkilən rəsmi şəxslər buna münasibət bildirərdi. Məsələn, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu və ya başqa rəsmilər açıqlama verərək məsələyə aydınlıq gətirərdilər. Amma nəzərə alsaq ki, bu bir qəzetin, özü də hakim partiya AKP-yə yaxın bir mətbu orqanın məlumatıdır, onda bu yazının müəyyən bir təbliğat xarakteri daşıdığını söyləmək olar. Özü də bunun prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı gündəmə gətirilməsi heç də təsadüfi deyil. Çünki bundan bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Ə.Davudoğlu Ermənistanla sərhədləri açmağa hazırlaşdıqlarını bəyan etmişdi. Görünür, bu məsələdə Azərbaycanın mövqeyinin nəzərə alınmamasını bir növ kompensasiya etmək üçün bu cür "müjdəli xəbər” ortaya atılıb. Guya elə Ə.Davudoğlu da məhz bunu nəzərdə tuturmuş”.

Politoloqun sözlərinə görə, belə bir məsələdə Ermənistanın özbaşına razılığa gəlməsi və Rusiyanın da buna göz yumması indiki şəraitdə mümkünsüzdür: "Axı sual ortaya çıxır, qəflətən nə baş verdi ki, Ermənistan yumşalmağa doğru getdi və Türkiyə ilə sərhədlərin açılması müqabilində işğal etdiyi 5 rayonu qeyd-şərtsiz qaytarmağa razılıq verdi. Bu heç də inandırıcı deyil. Xüsusilə də, Rusiyanın Azərbaycana bugünkü təzyiqi fonunda belə bir güzəştdən söhbət gedə bilməz. Eyni zamanda nəzərə almalıyıq ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilk növbədə elə Rusiyanın bölgədəki maraqlarına ziddir. Bu səbəbdən həmin yazının ciddi bir xəbər mənbəyinə söykənməsini ehtimal etmirəm”.

İsmayıl