Erməniləri QARABAĞIN ahı tutub

Ölkə boşalır, yerli və gəlmə ermənilər arasında savaş alovlanır

Uzun illərdir separatçı Ermənistan ağır iqtisadi durumla üz-üzədir. Hər il artan xarici borclar və qeyri-stabil siyasi durum insanları ölkədən getməyə məcbur edir. 7 il ərzində hər il 15 min gənc Ermənistanı tərk edərək başqa ölkələrə sığınır. Artıq ermənilər ölkənin yaxın perspektivdə çiçəklənəcəyi ilə bağlı Sarkisyan hakimiyyətinin verdiyi vədlərə inanmır.

Vətəndaşların hüquqlarının addımbaşı pozulduğu bir şəraitdə yaşamaq istəmirlər. Üstəlik, qeyd edirlər ki, onları Ermənistandan çıxmağa məcbur edən ölkədəki inhisarçılıqdır. Bütün sahələr monopoliyadadır. İndiki hakimiyyətin yürütdüyü siyasətin nəticəsi olaraq, ölkədə azad sahibkarlıq gözə dəymir. İşğalçı rejim rüşvətxorluq girdabında boğulur. Bir sözlə, Ermənistanda yaşamaq və xoşbəxt gələcək haqqında planlar qurmaq üçün heç bir şərait yoxdur. Bu da insanlarda ruh düşkünlüyü yaradıb. Onlar çıxış yolunu ölkədən getməkdə görürlər. Silahlarını yerə qoyub xidməti tərk edərək Azərbaycana keçən erməni əsgərlər də vəziyyətin bu durumda olduğunu söyləyiblər. Orduda baş verən özbaşınalığa tab gətirə bilmədiklərini deyən erməni hərbiçilər ölkələrinə qayıtmaq belə istəmirlər. Bunların hamısı Ermənistan əhalisinin rifah halının aşağı olması və diskriminasiya sindromunun artması ilə əlaqəlidir. Bəzi erməni ekspertlər isə Ermənistanın düşdüyü durumdan xilasının Dağlıq Qarabağ münaqişəsinin uğurlu həllindən keçdiyini iddia edirlər. Elə bu günlərdə "Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Vahe Ovannisyan da bəyan edib ki, Ermənistanın faciəli iqtisadi durumu, ölkədə artan miqrasiya Qarabağ məsələsi ilə bağlıdır. Həmçinin erməni deputat hakimiyyəti və ictimaiyyəti bununla bağlı etirafa çağırıb. O bildirib ki, Ermənistan hakimiyyəti və bütünlükdə erməni ictimaiyyəti Qarabağ problemi ilə Ermənistandan mühacirət probleminin Qarabağ məsələsi ilə bağlı olduğunu etiraf etməlidir: "Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınması ilə bağlı qanun layihəsinin indiki dönəmdə müzakirəsi əlverişsizdir”. Bununla belə, ölkədə sivil vətəndaşların iqtisadi durumunun və sosial vəziyyətlərinin mürəkkəb olduğu bir dönəmdə Ermənistan parlamenti "Dövlət məmurlarının əmək haqları haqqında” qanun layihəsini qəbul edib. Yeni qanuna əsasən, Ermənistan prezidentinin maaşı 203 faiz artacaq. Başqa sözlə, Serj Sarkisyan bundan sonra min dollar deyil, 3 min 260 dollar maaşa qol çəkəcək.

Ermənistan parlamentinin "Dövlət məmurlarının əmək haqları haqqında” qanun layihəsini şərh edən elmlər doktoru, tanınmış politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, məmurların deyil, istehsal adamlarının əmək haqları qaldırılmalı idi. Ekspertin qənaətinə görə, funksionerlərin maaşlarının artırılması Qarabağ klanının maaşının çoxaldılması anlamına gəlir: "Ermənistanda vəzifə başında olan və məmur görəvini yerinə yetirən şəxslərin əksəriyyəti Dağlıq Qarabağdandır. Sarkisyan da onların əmək haqlarını artırmaqla özünün sosial dayaqlarını möhkəmləndirir. Digər tərəfdən, bu, Sarkisyan hakimiyyətinin yerli ermənilərə sayğısızlığının bariz nümunəsidir. Zənnimcə, sonuncu addım separatçı ölkədə çox ciddi daxili qarşıdurmalara və ziddiyyətlərə gətirib çıxara bilər. Onsuz da Ermənistanda biznes strukturlarının faizlərinin çoxu Dağlıq Qarabağ mənşəli adamlardadır. Vəzifələrdə olanların böyük hissəsi də həmin regiondan olan adamlardır”.

Siyasi təhlilçi bildirib ki, indiki halda təcavüzkar ölkədə yerli və gəlmə erməni məsələsi gündəmdədir: "Yerli ermənilər gəlmə qarabağlılara və Sarkisyan hakimiyyətinə ikrah hissi ilə yanaşırlar. Düşmən ölkədə tez-tez gündəmə gəlir ki, hakimiyyət klan xarakterlidir və yerli ermənilərin hüquqlarını tapdalayır. Hesab edirəm ki, sonuncu layihə işğalçı ölkədə yeni ziddiyyət həlqəsi yaradacaq ki, bu da ciddi sosial konfliktlərə aparıb çıxardacaq”.

"Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Vahe Ovannisyanın "Ermənistanın faciəli iqtisadi durumu, ölkədə artan miqrasiya Qarabağ məsələsi ilə bağlıdır” fikrinə münasibət bildirən politoloq söyləyib ki, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılması Ermənistanı regionda həyata keçirilən bir sıra layihədən kənarda qoyub: "Separatçı rejim Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutsaydı və Azərbaycanın ərazi bütövlüyü təmin olunsaydı, Bakı-Ceyhan neft kəməri Ermənistan ərazisindən keçə bilərdi. Hazırda Gürcüstan büdcəsinin 40 faizi ərazisindən keçən enerji xətləri hesabına formalaşırsa, bu gəlirlər Ermənistan kimi kiçik bir ölkənin büdcəsinin 60-70 faizini təşkil edə bilərdi. Üstəlik, Ermənistan digər qonşu ölkələrlə ticarət nəticəsində iqtisadiyyatını xeyli inkişaf etdirə bilərdi. Düşmən ölkənin təcavüzkar siyasəti və həmin siyasətinin üzərində israrla dayanması bugünkü yoxsulluğun əsas səbəblərindən biridir. Qeyd edim ki, düşmən ölkədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişilməsinə ehtiyac duyanların sayı anbaan artmaqdadır”.