Mənzil probleminin qısa vaxtda həlli mümkünsüzdür

Baş bankir iki yolu göstərdi

Milli Bankın sədri Elman Rüstəmov millət vəkillərinin sosial ipoteka kreditləri ilə bağlı qaldırdığı məsələlərə cavab verib. Qeyd edək ki, gələn ilin büdcə layihəsi müzakirə olunarkən bir sıra deputatlar ipoteka kreditlərinə vəsaitin çox ayrılmasını təklif ediblər. Bununla yanaşı, ipotekada faizlərin aşağı salınmasını istəyən millət vəkilləri evsiz gənclərin ümidlərini yalnız buna bağladığını deyiblər. E.Rüstəmov isə parlamentdə deputatların qaldırdığı məsələyə cavab verərkən deyib ki, ipoteka məsələsi həm Azərbaycan hökumətinin, həm də Mərkəzi Bankın daim diqqətindədir:

"Bununla bağlı ipetoka strategiyası da hazırlanıb. İpoteka krediti ilə vətəndaşların mənzillə təmin olunması sovet sistemindən miras qalmış ödənilməmiş tələb mexanizmidir. Sovet iqtisadiyyatının da həll edə bilmədiyi məsələlərdən biri də məhz mənzil problemi idi. Bu məsələnin qısamüddətlik həll olunması mümkünsüzdür. İpotekanın xarici dövlətlərdə belə 100 ilə yaxın yaşı var. Dövlət büdcəsində ipoteka kreditləri üçün ayrılan vəsaitləri artırmaq istəyi düzgün deyil. Bu təbii ki, bazar iqtisadiyyatına uyğun olmazdı. İpotekanın formalaşmasında yeni dövrlər, xüsusi bölmə, hətta əhalinin partnyorluğunda görürük. İpotekanın mühüm göstəricilərindən biri də ucuz mənzillərin tikilməsidir. Bunun iki yolu var. Mənzilləri ya dövlət tikə bilər, ya da xüsusi bölməni də stimullaşdıra bilər. Burada da təbii ki, bir çox dövlətlərin təcrübəsindən istifadə olunur. Hökumətlə birlikdə də bu təcrübələri öyrənirik. Xüsusi bölmə üçün şərait yaratmaq lazımdır ki, onlar da ipoteka kreditləri verməkdə maraqlı olsunlar. Banklara uzun müddətlik qoyulmuş pullar lazımdır ki, ipoteka kreditləri 20-25 illik müddətə verilə bilsin. Biz də həmin pulların mənbələrini axtarırıq. Sosial ipoteka verilən dövlət yardımı tələbatı ödəmir. Bununla bağlı, Maliyyə Nazirliyi ilə danışıqlar gedir. Əhalinin öz yığımları hesabına ipoteka kreditləri alması məsələsini də düşünürük. Yaxın vaxtlarda hazır olan strategiyanın müzakirəsinə başlayacağıq”. İpoteka kreditlərində faiz dərəcələrinin çox olması məsələsinə aydınlıq gətirən mərkəzi bankın sədri deyib ki, bu çox mühüm məsələdir: "Faiz dərəcələrinə daha geniş mənada baxmaq lazımdır. Faiz dərəcəsi bazarda pulun dəyəridir. Hər bir əmtəənin dəyəri var və təbii ki, pul da bir əmtəədir. Azərbaycan bazarında bankların təklif etdiyi faiz dərəcələri də pulun dəyəridir. Faiz dərəcələrinin yüksək olması artıq mifləşib. Son dövrdə Azərbaycanda bank bazarında istehlak kreditlərinin verilməsi ilə əlaqədardır. Düzdür, faizlər yüksəkdir. Lakin bu narahatçılıq doğurmamalıdır”.