Onlar Qarabağın həllində maraqlı deyillər

Rusiya da, ABŞ da istəyir ki, Ermənistanda aprel seçkisi başağrısız baş tutsun


"Qarabağ münaqişəsi Amerikasız həll edilə bilməz”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Lavrov bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının iştirakı olmadan həlli mümkün olan heç bir münaqişə yoxdur. Ekspertlərə görə, Lavrov açıqlaması ilə bilavasitə Bakı və İrəvana mesaj verir ki, digər münaqişələr kimi Dağlıq Qarabağ probleminin həlli prosesində digər beynəlxalq güclər də iştirak etməlidir.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta isə problemin danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayıb. Səfir bildirib ki, Dağlıq Qarabağ probleminin hərbi yolla həlli mümkün deyil: "Minsk Qrupu həmsədrləri yaxın günlərdə Azərbaycana səfər edəcəklər. Biz var gücümüzlə çalışacağıq ki, münaqişənin həlli istiqamətində işlər görülsün”. Bu arada erməni politoloq İqor Muradyan Rusiyanın Ermənistana "təzyiq göstərdiyini” iddia edib. Politoloq deyib ki, Ermənistanda siyasi partiyaların Rusiyanın istəyini təmin etməkdən başqa heç bir seçimi yoxdur: "Ermənistanda parlament seçkilərində iştirak edən demək olar ki, bütün partiyalar ərazilərin Azərbaycana qaytarılması mövqeyini dəstəkləyir. Bu məsələ Rusiyanın Ermənistana tələbi kimi gündəmdədir. Rusiyadan gələn göstəriş qəbul edilib”. Muradyan qeyd edib ki, Cənubi Qafqazda Azərbaycan Rusiyanın tərəfdaşıdır. Ermənistan isə daha çox idarə edilən dövlətə çevrilib: "Rusiya Azərbaycanın maraqlarını müdafiə edir. Buna görə də Azərbaycan Moskvanın strateji və siyasi tərəfdaşıdır, eləcə də Rusiyanın silah alıcısıdır”. 

Açıqlamalarla bağlı "Şərq”ə fikirlərini bölüşən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev deyib ki, ABŞ-Rusiya arasında uzun müddət gərginlik olub. Xüsusən Obama dövründə tərəflərin münasibətləri pisləşib: 

"Tramp hökuməti Moskva ilə əlaqələri düzəltməyə çalışır amma çıxış yolunu tapa bilmir. Vaşinqton əvvəlcə centlmen sayağı dedi ki, münaqişəni ancaq Rusiya həll edə bilər. Moskva da buna cavab olaraq bildirdi ki, ABŞ-ın iştirakı olmadan problemin həlli mümkünsüzdür. Ancaq reallıq odur ki, hazırda nə Amerika, nə də Rusiya Qarabağ münaqişəsinin həllində maraqlıdır. Hər iki dövlətin kifayət qədər böyük problemləri mövcuddur. Bu baxımdan tərəflər sadəcə bəyanatlarla prosesi uzatmağa, Ermənistandakı aprel seçkisinin başağrısız baş tutmasına çalışırlar. Bunların hamısı düşünülmüş siyasi oyunlardır. Təəssüflər olsun ki, həmin oyunlar problemin həll edilməsinə yönəlməyib. Hər iki tərəfin marağı bu məsələdə kəsişir”. Professor erməni ekspertin iddiasına da münasibət bildirib: "Bu cür açıqlamalar məqsədyönlü şəkildə yayılır. Ölkədə əksər siyasi qüvvələr Sarkisyan rejiminin hakimiyyətdən getməsini, erməni əsgərlərin Qarabağda ölməməsini, iqtisadi problemlərin həllini istəyirlər. Bunların reallaşması üçün qanlı rejim idarəetmədən uzaqlaşmalıdır. Yəni erməni ekspertin açıqlamalarının arxasında birbaşa düşmənin məkirli planları durur. Bir növ Moskvaya mesaj verirlər ki, Sarkisyandan əl çək, əgər belə davam edərsə Rusiya İrəvanı itirə bilər və s”.

İsmayıl