“Açıq söz”ün tarixi - Akif Aşırlı yazır

Yeni yaranan qəzetlər, senzura və media siyasəti


(Əvvəli ötən saylarımızda)

Milli maraqları qorumağa çalışan və oxucu istəklərini nəzərə alan "Açıq söz”ün çapı rəqabət mühitində bəzi qəzetlərin öz mövqelərinin itirilməsinə səbəb oldu. "Yeni iqbal”ın yazarlarından bir neçəsinin "Açıq söz”ə keçməsi də bu qəzetlər arasında intriqaları gücləndirdi. Ən peşəkar yazarların redaksiyadan uzaqlaşmağı, kağız, mətbəə xərclərinin artması, abunə və satışında yaranan çətinliklər "Yeni iqbal”ı ağır duruma gətirdi. Mətbəə işçilərinin maaşının verilməməsi sonda tətillə nəticələndi. Qəzet abunəçilər qarşısında öhdəliklərini yerinə yetirə bilmədi.

"Yeni iqdam”çılar müxtəlif şayiələr dövriyyəyə gətirdilər, yaranan qalmaqalda "Açıq söz”ün adı hallandırıldı və hətta vəziyyətin yaranmasında "Açıq söz”çülər günahlandırıldı. Yaranmış anlaşılmazlığa aydınlıq gətirən M.Ə.Rəsulzadə günahı başqa yerdə axtarmağı məsləhət bildi: "Bununla bütün oxucularımıza elan ediriz ki, bizim "Yeni iqdam” qəzetəsi ilə heç bir əlaqəmiz yoxdur. "Yeni iqdam” öz arzusu ilə tətil etmiş və bəzilərinin düşündüyü kimi tətil edərkən "Açıq söz” ilə heç bir əlaqəsi olmamışdır”.

Açıqlamada bəyan olunurdu ki, onların bu qəzetlə heç bir əlaqəsi yoxdur, sadəcə "Açıq söz” "Yeni İqdam”ın sahibi Əli Əkbərovun mətbəəsində çap olunur və buna görə də müəyyən miqdarda icarə haqqı ödənilir. Hara müraciət etməyi bilməyənlərə, abunəçilərə məsləhət görülürdü ki, müraciətlərini Əli Əkbərovun özünə bildirsinlər və istəklərini ondan tələb etsinlər. (25 oktyabr 1915-ci il №19).
Bəzi mətbu orqanlarında "Yeni iqdam”da yaranmış vəziyyətlə bağlı qəzetin baş redaktoru Oruc Orucov açıqlama ilə çıxış etməyə məcbur oldu. "Açıq söz”ün 4 dekabr 1915-ci il tarixli sayında dərc olunan açıqlamada O.Orucov bildirirdi: "Eşitdiyimizə görə, qəzetimizin bir para səbəblərindən dolayı dayandırılması münasibətilə bəziləri tərəfindən abunəçilərin haqqı ödənilməyəcəyi” barədə əsassız xəbərlər yayırlar”. Şayiələrin heç bir əsası olmadığını qeyd edən baş redaktor "Yeni iqdam” oxucularına bəyan edirdi ki, abunəçilərin pulları qəpiyinədək özlərinə qaytarılacaq”.

Bahalıq, kağız qıtlığı, mətbəə işçilərinin zəhmət haqqını ala bilməməsinin nəticəsində bir çox nəşrlər fəaliyyətinə ara verdiyindən "Açıq söz” bu mətbu orqanların oxuculara müraciətlərini, elanlarını dərc edirdi. Şəgird və tələbələr arasında kifayət qədər oxucusu olan "Məktəb” məcmuəsi də 1915-ci ilin sonlarında ciddi böhranla üzləşdi. "İdarəyə məktub” rubrikasında "Məktəb məcmuəsi idarəsi”nin açıqlaması "Açıq söz”ün 17 dekabr 1915-ci il sayında oxuculara çatdırıldı: "Məlum olduğu üzrə axır vəqtlərdə "Məktəb” məcmuəsinin növbəti nömrələri öz vaxtında çıxmamaqla bərabər geriyə qalmışdır. Bunun səbəbi kağız qıtlığı və "Kaspi” mətbəəsinin tətil etməsidir”. Səbəblər göstərilməklə yanaşı, xəbər verilirdi ki, məcmuənin nömrələrinin hamısı çap olunub, oxuculara çatdırılacaqdır.

Dövrün məşhur jurnalisti Seyid Hüseyn redaktoru olduğu "Qurtuluş” məcmuəsinin bağlanması haqda ilk xəbəri də "Açıq söz”ün vasitəsilə oxuculara çatdırırdı. O, məcmuənin bir sıra çətinliyi, maddi və mənəvi problemi olduğunu bildirir, abunəçilərə abunə pullarını geri qaytaracağı vədini verirdi. (21 dekabr 1915-ci il № 66)

Peşə həmrəyliyinə sadiq qalan "Açıq söz”çülər vaxtaşırı ölkədə fəaliyyət göstərən mətbəələrin fəaliyyəti, nəşriyyat işçilərinin problemlərinə diqqət yönəldirdi. "Mətbəə əmələləri cəmiyyətində” sərlövhəli xəbərdə Bakıdakı mətbəə fəhlələrinin üzləşdikləri çətinliklər sadalanırdı. 1916-cı il dekabrın 17-də şəhər idarəsi mülkünə toplaşan mətbəə işçiləri, litoqrafiya və cildxanəçilər yaranmış böhranı müzakirə edirək kağız qıtlığından, iqtisadi böhrandan söhbət açır, yaranmış vəziyyətdən çıxış yolları arayırdı. Müzakirə olunan məsələlərdən ən önəmlisi o idi ki, mətbəələrin kağız ehtiyacı tükənirdi. Bu səbəbdən qəzet "Daxili xəbərlər” rubrikası altında dərc etdiyi "Kağız qəhətliyi” xəbərində bu barədə məlumat verərək qeyd edirdi ki, əhalinin informasiya tələbatında ciddi böhran yaşanır (12 fevral 1916-cı il. № 110).

Vəziyyətdən çıxmaq üçün müxtəlif təkliflər səslənir, müzakirə olunurdu. Ən münasib təkliflərdən birini Xəlil İbrahim irəli sürürdü. "Mühərrirlərə” məqaləsində müəllif kağız qıtlığının təkcə qəzetlərin nəşrinə mənfi təsir göstərmədiyini, kitab çapı üçün də problemlər doğurduğunu qeyd edirdi. Əhalinin savadlanması qayğısına qalan X.İbrahim kitab çapını qüvvətləndirmək və mətbuatın səmərəli fəaliyyəti üçün ianə toplanmasını lazım bilirdi. (14 dekabr 1916-cı il №351)

Yaranmış əlverişsiz mühitə baxmayaraq yeni qəzetlər, məcmuələr təsis olunur, əhalinin maariflənməsi üçün ziyalılar var qüvvələriylə çalışırdılar. 2 mart 1916-cı il tarixli "Açıq söz”ün birinci səhifəsində "Doğru söz” qəzetinin nəşrə başlayacağı elan olunurdu: "Bu şənbə günündən etibarən hələlik həftəlik olmaq üzrə "Doğru söz” qəzetəsi nəşr olunacaqdır. Qəzetə satıcıları indidən "Açıq söz” qəzetinə müraciət etməlidirlər”.

İctimai-siyasi mövqeyindən asılı olmayaraq bütün mətbu orqanlarının nəşrə başlamasını xəbərə çevirən "Açıq söz”çülər, "Hümmət”, "Zəhmət Sədası”, "Ədalət” qəzetlərinin ilk sayını alqışlayır, bu mətbuat orqanların cəmiyyətin siyasi fəallığına müsbət təsir göstərəcəyinə ümid edirdilər. Azərbaycan sosial demokratları və bolşeviklərin ruporu, təbliğat vasitəsi olan "Hümmət” qəzetinin 1917-ci ilin 3 iyulunda fəaliyyətini bərpa etdiyini xəbər verir və təzə rəfiqini təbrik edirdi. (5 iyul 1917-ci il. № 513). Qəzet "Bakinski raboçi” və "Bakı şəhər əsgər, matros və fəhlə şurasının əxbarı” qəzetlərinin də fəaliyyətinin davam etdirilməsini əhaliyə çatdırırdı. (31 mart 1917-ci il № 438).

İranlı fəhlə sosial demokratlarının "Ədalət” qəzetinin təsisi barədə isə qəzet yazırdı: "Bizə verilən məlumata görə, bu günlərdə iranlı fəhlələrin sosial demokrat firqəsinin müvərrihi-əfkarı olmaq üçün "Ədalət” namında türk-fars dillərində ədəbi, siyasi, ictimai, iqtisadi bir məcmueyi-müsəvvər nəşr ediləcəkdir”. (4 aprel 1917-ci il № 441).

Bir tərəfdən yeni qəzetlər işıq üzü görürdüsə, digər tərəfdən fəaliyyət göstərən mətbu nəşrlər Qafqaz canişinliyinin mətbuat komitəsi və ordu komandanlığının göstərişi ilə qapadılırdı. Qəzetin 7 mart 1916-cı il tarixli sayında Qafqaz Ordu komandanlığının "Sədai-Qafqaz” qəzetinin fəaliyyətini dayandırması xəbəri verilirdi: "Qafqaz” qəzetəsində yazılmışdı ki, Bakıda nəşr olunan türkcə "Sədai-Qafqaz” qəzetəsinin 3 fevral tarixli nömrəsində "Yunan kralının şikayəti” ünvanı ilə bir məqalə dərc edilmişdir. Məzkur məqalədə rus müttəfiqlərinin üsul-müharibəsi haqqında qeyri-məqbul bir surətdə mütaliə sədr edilirmiş. Bina-aliyyə Qafqaziyya ordusu baş komandanı əmr etmişdi ki, məzkur qəzetə bağlanılsın”.
Rusiyanın mərkəzi mətbuat orqanlarına qarşı təzyiq və təhdidlər, senzur basqıları, qəzetlərin bağlanması barədə "Açıq söz”ün səhifələrində xeyli məlumatlar əksini tapıb. Bu qəzetlərin, məcmuələrin bəziləri Rusiya müsəlmanlarının öz haqq və hüquqlarını tələb etmələrinə heç də xoş münasibət bəsləməmələrinə baxmayaraq "Açıq söz” bu media orqanları barədə neytral informasiyalar çap edərək öz qəzetçilik missiyasını doğru yerinə yetirməyə çalışırdı. Məsələn, Rusiya bolşeviklərinin əsas təbliğat maşını "Pravda” və "Svobodnaya pravda”nın qapadılması barədə qəzet 18 iyul 1917-ci il tarixli sayında xəbər verirdi.

"Petroqrad hadisələri” rubrikası altında bəzi bolşevik nəşrlərin müvəqqəti hakimiyyət orqanları tərəfindən sıxışdırılması da təhlil olunur, "Soldatskaay pravda”, "Okonnaya pravda”, "Pravda” qəzetlərinin nəşrinə maneçilik törədilməsi pislənildi. (12 iyul 1917-ci il. № 517).

******

Azərbaycan jurnalistika tarixində yeni bir mərhələnin əsasını qoyan Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin” məcmuəsinin nəşrinin davamına xüsusi diqqət yönəldən "Açıq söz” 1916-cı il aprelin 10-dan başlayaraq demək olar ki, 1 ay bu mövzunu diqqətdə saxlayıb. "Molla Nəsrəddin”in çapının bərpası üçün Bakıya gələn C.Məmmədquluzadə "Ölülər” pyesinin Bakıda səhnəyə qoyulmaqla jurnalın maliyyə problemini yoluna qoymaq istəyirdi. Bu məqsəd və məramı gizlətməyən "Açıq söz” yazırdı: "Molla Nəsrəddin” gülgü məcmuəsinin möhtərəm müdiri Mirzə Cəlil Məmmədquluzadə cənabları bu günlər şəhərimizə varid olmuşlardır. Mirzə Cəlil cənablarının Bakıya gəlməsinin məqsədlərinin əhya etmək istədikləri "Molla Nəsrəddin” məcmuəsi üçün kağız tədarük etməkdir. Kağız tədarük olunduqdan sonra "Molla Nəsrəddin” məcmuəsi Tiflisdə nəşrə başlayacaqdır. Müvəffəqiyyət diləriz” (11 aprel 1916-cı il №156).

Hacı Zeynalabdin Tağıyev teatrının səhnəsində bir neçə dəfə oynanılan "Ölülər”dən yığılan vəsaitin "Molla Nəsrəddin”in nəşrinin davamı üçün nəzərdə tutulduğunu təbliğ edən "Açıq söz” bir neçə sayında tamaşa barədə reportajlar, resenziyalar, informasiyalar dərc edib, bir növ təbliğat funksiyalarını yerinə yetirib. Qəzetin 14 aprel 1916-cı il tarixli sayında bu əsər barədə ətraflı məlumat verilir və əsas məqsəd açıqlanırdı: "Molla Nəsrəddin” məcmuəsinin müdiri Cəlil Məmmədquluzadə cənabları "Ölülər” adında bir pyesi yazmışdır. Bu komediya cəmiyyətimiz arasındakı cəhalətin dərəcəsini göstərmiş və bu cəhalətdən istifadə edən şarlatanların xalqın ən müqəddəs bildikləri hissiyyatla oynamaq imkanları olduqları təsvir olunmuşdur. Eşitdiyimizə görə, Mirzə Cəlil bu əsərini Bakıda səhnəyi-tamaşaya qoymaq fikrindədir. Bu tamaşadan hasil olunan gəlir "Molla Nəsrəddin” məcmuəsinin təzədən çıxmasına sərf olunacaqdır”.

(Davamı var)

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb