Rusiyadan sonra İran yolumuzu bağlayıb

Qüdrət Həsənquliyev: “Kişilikləri çatırsa, onlara qarşı da aksiya keçirsinlər”
Oqtay Əsədov: “Məsələni bu qədər şişirtməyək. Danışanda bir az ehtiyatlı davranaq”

"Əhalinin 40 faizi kənd yerlərində yaşayır. Bu isə o deməkdir ki, Azərbaycan aqrar ölkədir. Amma ixrac məhsullarının 95 faizini neft məhsulları təşkil edir. Bu göstərici gələcək üçün heç bir ümid vəd etmir. Həmçinin ixrac əməliyyatlarında özəl sektorun payı 5,2 faiz təşkil edir. İxracın 94 faizi dövlətin payına düşür. Bu da özəl sektorun ürəkaçan olmadığını göstərir. Ölkədə azad iqtisadi münasibətlər seçilsə də, özəl sektor inkişaf etmir”. Bu sözləri dünən parlamentdə 2014-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrin gedişində Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyib. Deputat vurğulayıb ki, dövlət sektorunda çalışanların əməkhaqqı aşağıdır.

"Siyasi partiyalara və KİV-ə vəsait artırılsın”

İ.Ağazadə həmçinin son günlər kommunal xidmətlərin bahalaşması ilə bağlı maliyyə naziri Samir Şərifovun anons verdiyini, bu xəbərlərə aydınlıq gətirilməsini istəyib: "Qiymət artımına ehtiyac nədən artır, niyə kommunal xidmətlər bahalaşdırılmalıdır? Hökumət üzvlərindən xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirilsin. Bir kilovattsaat elektrik enerjisinə xərclənən pulun miqdarı nə qədərdir ki, qiymət artırılır? Əhalinin maddi imkanları o dərəcədə deyil ki, qaz, su və digər sahələrdə qiymət artdıqca, ödəniş edə bilsin. Şəhər yerində ola bilsin kasıbçılıq hiss olunmasın. Amma kənd yerlərində və aztəminatlı ailələrdə qiymət artımı böyük problemdir. Kommunal xərclərin artımı eyni zamanda ərzaq məhsullarının 70 faiz bahalaşmasına səbəb olacaq. Ona görə də hökuməti qiymət artımını gerçəkləşdirməməyə çağırıram”. Deputat həmçinin siyasi partiyalara və mətbuata ayrılan maliyyədən də narazılıq edib: "Hesab edirəm ki, siyasi partiyalara ayrılan vəsait artırılmalıdır ki, təşkilatlar normal fəaliyyət göstərə bilsinlər. Bununla yanaşı, mətbuata ayrılan vəsaitin də artımına ehtiyac görürəm. Çünki KİV-lər maliyyə cəhətdən çətinlik çəkirlər”.

Parlamentin sədri Oqtay Əsədov isə millət vəkilinin söylədiklərinə etirazını bildirib: "Mən kommunal xərclərin artırılması barədə məlumata rast gəlməmişəm. Hansısa anons verilməyib ki, qiymət artımı olacaq. Maliyyə nazirinin boynuna belə şey qoyma. Özün anons verib, özün də cavab verirsən. Maliyyə naziri sabah (bu gün - red) burada olacaq və bu suallara cavab verəcək”.

"İran rəhbərliyi bizimlə suyu kəsən yezid kimi davranır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev İranın Naxçıvan tərəfdən yolu bağlamasını sərt şəkildə tənqid edib. O, İran rəsmilərinin bu addımını müsəlman həmrəyliyi ilə bir araya sığmadığını söyləyib: "Özünü islam dövləti adlandıran ölkə Naxçıvanın yolunu bağlayıb. Rusiyanın miqrasiya ilə bağlı hücumundan istifadə edən İran fəaliyyətini gücləndirib. Yoxsa niyə əvvəl yox, məhz indi belə addım atırlar? İran faktiki olaraq rəhbərliyi bizimlə suyu kəsən yezid kimi davranır. Hesab edirəm ki, parlamentimiz İslam Əməkdaşlıq Təşkilatı və BMT-yə müraciət edərək, İranın bu hərəkətini qınamalıdır.

Q.Həsənquliyev deyib ki, əgər İrandakı azərbaycanlılar milli kimliyini dərk etsəydilər, indi mollalar bu cür əməlləri həyata keçirməyə cəsarət etməzdilər: "İranın Azərbaycandakı tör-töküntüləri islam həmrəyliyindən çıxış edərək, İsrail və ABŞ bayraqlarını yandırırdılar. İndi kişilikləri çatırsa, İrana qarşı aksiya keçirsinlər”. Spiker O.Əsədov isə deputata cavabında ehtiyatlı danışmağı tövsiyə edib: "Qüdrət müəllim, elə danışdınız ki, elə bil Azərbaycana qarşı səlib yürüşləri başlayıb. İran və Rusiya ilə danışıqlar aparılır. Bu problemlər öz həllini tapacaq. Məsələni bu qədər şişirtməyək. Danışanda bir az ehtiyatlı davranaq”.

Millət vəkili Eldar İbrahimov isə deyib ki, məsələ ilə bağlı İranın Azərbaycandakı səfiri və Xarici İşlər nazirliyi ilə əlaqə saxlayıb: "Onlar bununla bağlı ciddi işlər aparırlar. İnanıram ki, İran dost ölkə kimi bu gün-sabah bu yolun açılmasını həll edəcək”.

"Banklarımız xaricdən 7 faizlə pul götürür, Azərbaycanda isə bu vəsaiti 16 və ya bəzən yuxarı faizlərlə sahibkarlara kredit şəklində verirlər”

Millət vəkili hərbi xərclərin daha da artırılmasına çağırıb: "Çox təəssüf ki, böyük vəsait təmir-tikinti xərclərinə ayrılır. 20 faiz torpağımız işğal altındadır. Amma büdcə vəsaitlərinin 8,2 faizi müdafiə xərclərinə ayrılır. Hərbi xərclər 20-22 faizə qədər çatdırılmalıdır. Həmçinin Naxçıvana ayrılan dotasiyanın artırılmasının vacibliyini düşünürəm. Blokada vəziyyətində olan Naxçıvana dotasiyanın həcmi azdır. Bu artırılmalıdır ki, ora boşalmasın. Yeni iş yerləri açılmalıdır”.

O, həmçinin xarici banklarda saxlanılan neft pullarının ölkəyə gətirilməsini və banklar vasitəsilə aşağı faizlərlə kredit verilməsini təklif edib: "Banklarımız xaricdən gedib 7 faizlə pul götürür, Azərbaycanda isə bu vəsaiti 16 və ya bəzən yuxarı faizlərlə sahibkarlara kredit şəklində verirlər. Azərbaycanın xarici banklarda olan pulları isə 0,89 faiz gəlir gətirir. Olmaz ki, bunu Azərbaycana gətirib sahibkarlara 10 faiz kreditlə versinlər?”.

Parlament sədri isə bildirib ki, bu məsələ qəlizdir: "Demək istəyirəm ki, bütün rezerv pulların hamısını hökumət kredit formasında verə bilməz. Bu, ciddi problem yaradar”.

"Əhalinin əksər hissəsi banklardan asılı vəziyyətə düşüb”

"Büdcədə kommunal xərclərin 15 faiz artması nəzərdə tutulur. Əgər qiymət artımı olacaqsa, bu deyilsin ki, əhali də bilsin”. Bunu isə millət vəkili Vahid Əhmədov deyib. Deputat bildirib ki, kreditlərlə bağlı yaradılmış ağır vəziyyətin parlamentdə müzakirə olunması lazımdır: "Bu müzakirə ya İqtisadi Siyasət Komitəsində bank rəhbərlərinin, o cümlədən Mərkəzi Bank rəhbərliyinin iştirakı ilə müzakirə olunsun, ya da Milli Məclisdə ayrıca iclas keçirilsin. Çünki kreditlərin faiz məsələsi çox ciddidir. Bu gün banklar əmanətləri 10-12 faiz dərəcəsində qəbul etdikləri halda kreditləri 30-35 faizə verirlər.

Banklar əmanət faiz dərəcələri ilə kredit faiz dərəcələri arasındakı bu ciddi fərqi Milli Məclisdə izah etməlidirlər. Bu məsələni ciddi müzakirə etməliyik. Çünki o, əhali arasında ciddi narahatçılıq yaradıb. Əhalinin əksər hissəsi banklardan asılı vəziyyətə düşüb. Bu sahədə ciddi islahatlar aparılmalıdır və faiz dərəcələri aşağı salınmalıdır. Kommunal xərclərə gəldikdə isə ölkədə olan vəziyyəti, xaricdən gələn miqrantları nəzərə alaraq, heç olmazsa, birinci yarım ildə qiymət artımına gedilməsin”.

"İnanın ki, 2-3 ildən sonra daha ağır vəziyyətlə üzləşəcəyik”

Millət vəkili Qənirə Paşayeva hökumət üzvlərindən böyrək köçürmə əməliyyatına ehtiyacı olan dialezli xəstələrin əməliyyat xərclərinin dövlət tərəfindən ödənilməsi təklifinin gələn ilin dövlət büdcəsində öz əksini tapmasını istəyib: "İnsanların dövlət hesabına pulsuz dialez almaq imkanına malik olması çox müsbət və önəmli məsələdir. Amma uzun illər dialezlə yaşamaq xəstələr üçün çox çətindir, bəzilərinin səhhəti daha da pisləşir. Bu problemin ən yaxşı həll yolu böyrək köçürmə əməliyyatının həyata keçirilməsidir”. Millət vəkili həmçinin Hepatit C xəstəliyi ilə bağlı təcili dövlət proqramının qəbul olunmasına çağırıb: "Hər il Hepatit C virusuna yoluxan və xəstəlikdən əziyyət çəkən insanların sayı artır. Bu xəstəliyin müalicəsi çox çətin və çox bahalıdır. Hətta orta əməkhaqqı alan ailələr belə Hepatit C virusuna yoluxan ailə üzvünün müalicəsində çətin vəziyyətdə qalırlar. Ona görə də bu xəstəlikdən əziyyət çəkən insanlara dövlət dəstəyini də nəzərə alan xüsusi dövlət proqramının qəbuluna ciddi ehtiyac var. Əgər biz bunu indi etməsək, inanın ki, 2-3 ildən sonra daha ağır vəziyyətlə üzləşəcəyik”.

"Dağlıq Qarabağ büdcəyə ayrıca müddəa ilə daxil edilsin”

Deputat Zahid Oruc Dağlıq Qarabağın büdcəyə ayrıca sətirlə daxil olmasını təklif edib: "Hesab edirəm ki, bu siyasi məsələ olduğundan problem həll olunmalıdır. Biz ərazimizi bütöv götürürüksə, o dairədən millət vəkili seçilibsə, əgər həmin bölgələrin icra hakimiyyətləri büdcədən maliyyələşirsə, Dağlıq Qarabağ erməniləri daxil, bütün bu əraziləri büdcədə göstərməliyik. Biz dünyaya göstəririk ki, ermənilərin separatizmi səbəbindən bu müddəa hələ ki, işləmir. Nə vaxt ki, Konstitusiyanı tanıyacaqlar, Azərbaycan vətəndaşı olduqlarını bəyan edəcəklər, o müddəa işə düşəcək. Ayrı-ayrı qurumlara verilməyən vəsaitlərdən danışıram. Bu pullar Qarabağ həllinin modeli deyil. Amerikaya deyirik ki, nə üçün Qarabağa yardım edirsiniz? Bizdən soruşacaqlar ki, özümüzün büdcəmizdə vəsait müəyyənləşibmi? Təbii ki, yox. Biz bunu etməliyik. Maliyyə naziri Samir Şərifov qeyd etdi ki, bu məsələyə cavab vermək səlahiyyəti yoxdur. Bu, siyasi məsələdir”.

Spiker təəccübləndi

Xanım millət vəkili Elmira Axundova ölkədə qanunların icrasına nəzarət üzrə komissiya yaradılmasının vacibliyindən danışıb. O deyib ki, Milli Məclisin qəbul etdiyi qanunların icra mexanizmi demək olar ki, yoxdur: "Qanunların icrası ölkədə zəifdir və bunların icrası üçün xüsusi komissiya yaradılmalıdır”. E.Axundova "xuruşşovka” deyilən binaların sökülməsinin vacibliyindən də söz açıb: "Rusiya və Ukraynada artıq bu binaların sökülməsi başa çatır. Biz isə hələ ki nəyisə gözləyirik. Hesab edirəm ki, bu binalar artıq yararsızdır. Ona görə də yubanmadan sökməyə başlanılsa, yaxşıdır”. Deputat həmçinin yerli icra hakimiyyəti orqanlarında çalışan baş mütəxəssislərin əmək haqlarının azlığından şikayətlənib: "Onlar mərkəzi icra orqanlarında çalışan baş mütəxəssislərdən iki dəfə aşağı əməkhaqqı alır. Həmin şəxslərin əmək haqlarını artırmaq lazımdır”.

Deputatın qanunların icra mexanizmi ilə bağlı dedikləri spikeri təəccübləndirib: "Dövlətin bununla bağlı müvafiq strukturları var. Bizdə qanunverici və icra orqanı var. Heç bir komissiyaya ehtiyac yoxdur”.

"Caamat müalicə üçün İrana gedir” demək ədalətsizlikdir”

Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanov səhiyyə sahəsindəki vəziyyətlə bağlı fikirlərini bölüşüb. Son illər səhiyyəyə ayrılan vəsaitin həcminin artdığını bildirən deputat qeyd edib ki, 2014-cü ildə artım 8,4 faiz gözlənilir: "Azərbaycan səhiyyəsində inkişaf yoxdur, həkimlərin səviyyəsi aşağıdır, xəstə axını həddindən artıq çoxdur, caamat müalicə üçün İrana gedir” demək ədalətsizlikdir. 10 il bundan qabaq xəstəxanalarda vəziyyət necə idi, bu gün necədir? O vaxt edilməyən əməliyyatlar bu gün edilir. Səhiyyəmizdə son illər inkişaf gedir. Demirəm problemlər yoxdur. Problemlər var və onlar gələcəkdə həllini tapacaq. Ali tibbi təhsildə ciddi islahatlar gedir”. Akademik xaricə xəstə axını ilə bağlı səslənən iddiaları tənqid edib: "Bu barədə pafoslu danışan insanlar yəqin ki, xırda problemi olan kimi xaricə gedirlər. Statistika önu göstərir ki, əhalinin tam əksəriyyəti ölkədə müalicə olunur. Dünyada tibbi turizm dəbə düşür. Kimsə istəyir ki, başqa ölkədə müalicə olunsun, buna heç kim mane ola bilməz. Dünyanın zəngin insanları bu yola gedir. Bu, insanların şəxsi işidir. Mən İrana xəstə axını ilə bağlı mətbuatda və ictimai fikirdə olan rəylə razılaşmıram. Müəyyən qrup insan İrana müalicəyə gedirsə, bu o demək deyil ki, ölkəmizdə maddi-texniki baza yoxdur. Qonşu ölkələrdə müalicə alıb qayıdan xəstələrlə rastlaşırıq. O xarici ölkələrdə edilən səhvləri düzəltməyə çalışırıq”.

Anar Bayramoğlu