“Nə işə çıxdı, nə də layihə gətirdi”

Abel Məhərrəmov: “Altay Göyüşov Amerikaya qayıtmaq istəyir”



Bakı Dövlət Universitetinin türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti Altay Göyüşov işdən çıxarılıb. A.Göyüşov özünə məxsus "facebook” səhifəsində yazıb ki, noyabrın 12-də universitet rəhbərliyi ondan öz ərizəsi ilə işdən çıxmağı tələb edib, bunun ardınca isə müəllimi dərs gedə-gedə auditoriyadan çıxarıblar.

Alim qeyd edib ki, işdən çıxarılmasının səbəbi "facebook”dakı fəallığıdır.

BDU-nun rektoru Abel Məhərrəmov isə A.Göyüşovun işə xeyli müddətdir gəlmədiyini deyir. Rektor jurnalistlərə açıqlamasında bildirib ki, A.Göyüşovun işdən azad edilməsi ilə bağlı hələlik konkret qərar olmasa da, onun məsələsinə universitetin aidiyyəti qurumlarında baxılır: "A.Göyüşov hazırda universitetin dosenti olmaqla yanaşı, İslam Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisidir. BDU bir müddət öncə onu Amerikaya uzunmüddətli elmi ezamiyyətə göndərmişdi ki, xaricdə aldığı təhsil təcrübəsini gəlib burada tətbiq etsin. A.Göyüşov qayıdandan sonra ondan səmərəli istifadə etmək məqsədi ilə İslam Araşdırmalar Mərkəzində aparıcı elmi işçi vəzifəsi ilə bərabər, universitetin dosenti vəzifəsi verildi. O, İslam Araşdırma Mərkəzində fəaliyyət göstərməklə universitetə qrant layihələri gətirməli idi. Amma bunun əksinə olaraq, nə aylarla işə çıxdı, nə də ki, layihə gətirdi. Ona görə də məsələsinə baxılacaq.

- Sizcə, onun işə çıxmamağına səbəb nədir?

- Məncə, o, Amerikaya ailəsinin yanına qayıtmaq istəyir və bu yolla spekulyasiya edərək, müəyyən dairələrdən dəstək almaq istəyir. Guya ki, onu burada sıxışdırırlar və işləməyə imkan verilmir. Onun bir müəllim kimi fəaliyyəti bundan sonra araşdırılacaq və konkret qərar veriləcək.

- Yəni vəzifəsindən uzaqlaşdırılmaqla bərabər müəllimlik fəaliyyəti də dayandırılacaq?

- O, bugünədək universitetin işçisi olaraq qalır. Bütün bunlara ancaq araşdırmaların yekunu olaraq qərar veriləcək. Ola bilsin ki, onu işdən azad etmədik. Ona dəfələrlə xəbərdarlıq edilib ki, sənin məsələnə baxılacaq və o da bundan narahat olaraq "facebook”da yazıb ki, ondan işdən çıxmaq üçün ərizə tələb edirlər.

- A.Göyüşov məsələsində siyasi məsələ varmı? Çünki o, REAL hərəkatında aktiv insanlardan biridir?

- Xeyr. A.Göyüşovun işdən azad olunmasında heç bir siyasi çalar yoxdur. Bu məsələ onun siyasi yönü ilə bağlı deyil, ola da bilməz. Sadəcə olaraq aylardır ki, işə gəlmir. Bu bir həftə deyil, bir ay deyil ki. Neçə aydır işə çıxmır. Buna rəğmən də əməkhaqqısını alır. Əgər işləmirsə, ona niyə əməkhaqqı verilsin?