Viza rejimi aradan götürülür

Azərbaycan və Türkiyə daha bir problemin həllinə nail oldu

Azərbaycan və Türkiyə arasında viza rejiminin tətbiqi son illər ən çox müzakirə olunan mövzudur. Çünki bəzi maraqlı qüvvələr belə faktları əllərində əsas tutaraq iki ölkə arasındakı münasibətlərin ürəkaçan səviyyədə olmadığını iddia edirdilər. Viza rejiminin aradan qaldırılmamasını Azərbaycan və Türkiyə arasında soyuqlaşma ilə izah edirdilər. İki qardaş ölkəni bir-birinə anti-mövqe sərgiləməkdə ittiham edirdilər.

Azərbaycan və Türkiyə arasındakı münasibətlərin gərginləşməsinə gətirib çıxara biləcək bəyanatlar yaymaqla iki qardaş ölkəni üz-üzə qoymaq istəyirdilər. Azərbaycan və Türkiyəyə qarşı "qara -piar” kampaniyası aparılırdı. Amma Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı verdiyi açıqlamaları bu iddiaların əsassız olduğunu üzə çıxardı. Dövlət başçısı türkiyəli baş nazir Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycana Türkiyə vətəndaşlarının gəliş-gedişi İqtisadiyyat Nazirliyindən veriləcək siyahı əsasında təmin ediləcək. İ.Əliyev onu da qeyd edib ki, istisna hal kimi elm adamları, idmançılar, iş adamları və Azərbaycanla sıx bağlı olan insanlar üçün tamamilə vizasız rejim tətbiq olunacaq: "Yaxın zamanlarda məsələ təsdiqini tapacaq”.

Məsələni şərh edən politoloq Elşən Manafov "Şərq”ə iki ölkə arasındakı münasibətlərin daim əməkdaşlıq və müttəfiqlik səviyyəsində olduğunu söyləyib. Ekspertin sözlərinə görə, İ.Əliyevin növbəti dəfə prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi Azərbaycan dövlətinin və xalqının qardaş Türkiyəyə çox ciddi önəm verməsi anlamına gəlir: "Qardaş ölkə birmənalı şəkildə Azərbaycana gələn Türkiyə vətəndaşları üçün viza rejimini çoxdan aradan qaldırıb. Azərbaycandan Türkiyəyə gedəcək elm xadimləri və tələbələr üçün viza rejiminin ləğvi isə sözügedən təbəqəni təmsil edən şəxslərin Azərbaycan elminə müsbət töhfələr verəcəyindən xəbər verir. Onlara münasibətdə güzəştlərin tətbiqi indiki reallıqlar baxımından anlaşılandır”.

Siyasi təhlilçi güzəştlərin Azərbaycan əhalisinin digər təbəqələrinə də şamil edilməsinin gözlənilən olduğunu vurğulayıb: "Şengen zonasında belə məhdudiyyətlər yoxdur. Azərbaycan Avropaya inteqrasiya etmək istəyən bir tərəf kimi hər halda belə amilləri nəzərə almalıdır. Ümid edirəm ki, güzəştlər Azərbaycan əhalisinin digər siniflərinə də aid ediləcək. Amma bu, zaman-zaman həyata keçiriləcək bir məsələdir. Zənnimcə, kimliyindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına vizasız rejimin tətbiqi hər iki ölkənin maraqlarına cavab verən addım olar”.