Nazirin cəbhə səfəri...

Ekspertlər ordunun iki vəzifəli şəxsinin eyni anda səfərə çıxmasını düzgün saymırlar

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov və digər yüksək rütbəli zabitlərin cəbhə bölgələrinə səfəri davam edir. Səfərin məqsədi cəbhə bölgələrində xidmət edən şəxsi heyətlə görüşmək və hərbi hissələrlə yerində tanış olmaqdır.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Mətbuat Xidməti Naxçıvan, Şəmkir, Gədəbəy və Bərdədə yerləşən hərbi hissələrdəki görüşləri əks etdirən fotolar yayıb. Ancaq mətbuata ötürülən fotolarda nazirin və qərargah rəisinin, həmçinin onları müşayiət edən yüksək rütbəli zabitlərin geyimləri sosial şəbəkələrdə mübahisəli müzakirələrə səbəb olub. Müzakirə obyektinə çevrilən məsələlərdən biri - nazir və qərargah rəisinin fotolarda əks olunan hərbi geyimlərinin nizamnaməyə uyğun olmamasıdır. İkinci məsələ isə odur ki, orduya rəhbərlik edən iki ən yüksək vəzifəli şəxsin qərargahı başsız qoyaraq eyni anda bir yerdə olması təhlükəli olmaqla yanaşı, hərbi nizamnaməyə də ziddir. Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da mövzu ilə bağlı açıqlama verərkən deyib ki, səhra geyimində kəmərin olması mütləq mənada vacibdir: "Z.Həsənovun bölgələrə səfəri zamanı nazir və Baş Qərargah rəisi bir formada, nazirin arxa cəbhə üzrə müavini vəzifəsini icra edən general Qorxmaz Qarayev başqa, birləşmə komandiri isə tamam başqa formada idi. Ola bilsin ki, ali hərbi rəhbərlik digərlərindən bu geyimlə seçilir. Amma fotolardan da görünür ki, Baş Qərargah rəisi N.Sadıqov da nizamnamə qaydalarına uyğun geyinməyib. Q.Qarayev isə uzunboğaz hərbi çəkmə geyinib, amma belində kəmər yoxdur. Bu da düzgün deyil. Döyüş bölgəsində kimliyindən asılı olmayaraq hamıda vahid geyim olmalıdır. Yəqin ki, ciddi qüsurların müşahidə olunduğu geyimlə bağlı mətbuata açıqlama veriləcək. Orduda kəmər yığışdırılıbmı? Onun yığışdırılması da mümkün deyil. Kəmərin öz vəzifələri var. Stasionar şəraitdə kəmərdən bəlkə də istifadə edilməyə bilər. Amma səhra şəraitində bu, mümkün deyil”. Müdafiə nazirinin və Baş Qərargah rəisinin bir yerdə səfər etməsinin də nizamnaməyə zidd olduğunu söyləyən ekspertin sözlərinə görə, hərbi nizamnamə ordunu idarə edən iki vəzifəli şəxsin bir yerdə olmasını qadağan edir. Hətta onların bir təyyarədə, bir vertolyotda səfər etməsini də qəti qadağan edir: "Nazirin cəbhə bölgələrinə səfəri başadüşüləndir. Orada olan korpus, qərargah komandirlərindən məlumat alır. Amma Baş Qərargah rəisi N.Sadıqovun nazirlə birgə olması yolverilməzdir. Döyüş bölgəsidir, orada istənilən hadisə baş verə bilərdi. Ordumuzu idarə edən iki vəzifəli şəxsi düşmən tərəfdən açılan atəşlə itirə bilərdik. Hərbi nizamnamənin tələblərinə əməl edilməlidir”.

"Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli "Şərq”ə açıqlamasında deyib ki, hərbi geyim qaydaları istər əsgər olsun, istərsə də zabit, hamı üçün eynidir: "Nizamnaməyə görə ordudakı bütün şəxslər geyim qaydalarına əməl etməyə məcburdur və heç bir halda poza bilməzlər”.

Hərbi ekspert təhlükəsizlik baxımından Silahlı Qüvvələrə rəhbərlik edən iki vəzifəli şəxsin bir yerdə səfərə çıxmasının yolverilməz olduğunu deyir: "Bu vəziyyətin çox ciddi problemlər yarada biləcəyini istisna etmək olmaz. Amma nəzərə almaq lazımdır ki, sözügedən səfərlər tanıtım xarakteri daşıyır. Yeni nazir cəbhə xəttindəki vəziyyəti öyrənməyə çalışdığı üçün bu istiqamətdə ən məlumatlı şəxs olan Qərargah rəisini də özü ilə aparıb. Yəqin belə səfər ilk olduğu üçün insanlarda təəccüb yaradıb. Çünki eks nazirin dönəmində biz bu cür səfərlərin şahidi olmurduq. Səfər Əbiyev Nəcməddin Sadıqovla nəinki bir yerdə harasa gedir, heç bir masa arxasında belə əyləşmirdi. Bu baxımdan hesab edirəm ki, əgər ordu idarəçiliyində hansısa bir dəyişiklik hədəfi varsa, müdafiə naziri ilə Baş Qərargah rəisi bir yerdə çalışmalıdır”.

Hərbi ekspert Azad İsazadə isə birmənalı şəkildə deyir ki, nazir və onun birinci müavininin ordu Qərargahını boş qoyaraq cəbhə bölgəsinə səfər etmələri və özlərini təhlükə altında qoymaları düzgün deyil: "Hərbidə hər şey nizamlanıb. Nazir hərbi hissələrə səfər edərkən onu əməliyyat hərbi idarəsinin rəisi müşayiət etməlidir. Əlbəttə, kimlərsə düşünə bilər ki, yeni müdafiə naziri kənar qurumdan gəlib. N.Sadıqov 20 ildən artıq milli ordunun içində olan və hərbi hissələri yaxşı tanıyan adam kimi nazirlə gedib. Ancaq bu rolu başqa yüksək rütbəli zabit də icra edə bilərdi. Həmin şəxsin mütləq Baş Qərargah rəisi olması şərt deyildi”.

Hərbi geyimdəki pozuntulara toxunan ekspert kəmərin olmasını vacib sayır: "Burda ayrıseçkilikdən söhbət gedə bilməz, nazir olmayıb, kim olur-olsun, hamı bir qayda olaraq nizamnaməyə uyğun davranmalıdır. Əgər bu gün özləri geyim formasında qanun pozuntularına yol verirlərsə, sabah hansısa əsgərdən bunu tələb edə bilərlərmi?”