“Xalq evləri”nin tikilməsi mənzil problemini qismən həll edir

“Çalışmaq lazımdır ki, ölkənin mənzil bazarı əhalinin gəlirlərinə uyğun olsun”

"Azərbaycanda sosial ipotekanın mexanizmində islahatlar aparılsa, daha səmərəli olar”. Bunu parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli büdcə zərfinin müzakirəsi zamanı deyib. Deputatın sözlərinə görə, gələn ilin dövlət büdcəsi sosial ipotekaya 40 milyon manatın ayrılmasını nəzərdə tutur.

Amma bu maliyyələşdirmənin həcmi mənzillə təminat məsələsində bütün problemləri həll etməyəcək. Millət vəkillərini obyektiv olmağa çağıran Ə.Məsimli əlavə tədbirlərin görülməsinin zəruri olduğunu bildirib: "Müharibədən sonrakı Almaniya nümunəsində olduğu kimi Azərbaycanda da "xalq evləri” təcrübəsini tətbiq etməyi təklif edirəm. Bu təcrübə Almaniyada mənzillə təminatda çatışmazlıq problemini uğurla həll edib”. İqtisadçı deputat qeyd edib ki, əgər həmin vəsaitə, məsələn, sosial ipotekanın maliyyələşdirilməsinə ayrılan vəsaitə sonradan təqribən 50-100 manat dəyərində icarəyə veriləcək yaşayış evləri tikiləcəksə, bu, gənc ailələr, mütəxəssislər və mənzilə ehtiyac duyan digər vətəndaşların mənzillə təminatını daha əlverişli edəcək. Eyni zamanda bu üsul ölkə iqtisadiyyatının inkişafına da səbəb olacaq.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev dövlət hesabına "xalq evlərinin” tikilməsini və evsiz vətəndaşlara ucuz şəkildə verilməsini təqdirəlayiq hesab etsə də, bunun mexanizmlərinin xeyli dərəcədə şübhəli olduğunu deyib. Çünki prosesin hansı formada reallaşacağı və indiki şəraitdə necə həyata keçiriləcəyi bəlli deyil: "Sosial tikintilər sahəsində dünya ölkələrində müəyyən təcrübələr mövcuddur. Məsələn, Türkiyədə və bir çox Avropa ölkələrindəki təcrübələrin mahiyyəti ondan ibarətdir ki, ucuz evlər tikilir və əhalinin ömürlük icarəsi əsasında istifadələrinə verilir. Bu ailələr də tədricən həmin evlərin haqqını kirayədə yaşayan şəxs kimi ödəyirlər. Tam dəyər ödənildikdən sonra evlər ailələrin mülkiyyətinə keçir. Yaxud da müəyyən sosial evlər tikilir ki, insanlar özlərinə ev alana kimi bu evlərdə yaşayırlar. Yəni aztəminatlı ailələrin evlə təmin edilməsi üçün müxtəlif mexanizmlər mövcuddur. Əgər bunların hər hansı birinə əsasən işə başlanılsa, təbii ki, çox faydalı ola bilər”.

İqtisadçı-ekspertin sözlərinə görə, bundan daha önəmlisi insanların öz maddi imkanları ilə ev almasını təmin etməkdir: "Bunun üçün əhalinin gəlirləri artırılmalı, yüksək maaşlı iş yerləri açılmalıdır. Daha çox isə çalışmaq lazımdır ki, ölkənin mənzil bazarı əhalinin gəlirlərinə uyğun olsun”.

Sosial evlərin tikilməsinin iqtisadiyyata təsir məsələsinə gəldikdə isə A.Mehdiyev bunun tikintidə çalışan işçilərlə bağlı olduğunu deyib: "Dövlət bu cür tikintiləri genişləndirməklə əlavə iş yerləri açmış olur ki, xeyli sayda insan özünə iş tapır. Bu sayədə müəyyən qədər işsizliyin aradan qaldırılmasına nail olunur ki, bu da öz növbəsində iqtisadiyyata müsbət təsir etmiş olur”.