Həmişə narazı sərnişinlər...

Bakının İstanbuldan nəyi əskikdir?

İstanbul avtobuslarında kabelsiz internet quraşdırılıb. Bunu İstanbul bələdiyyə başqanı Qədir Topbaş bildirib. Bundan əlavə İstanbul bələdiyyəsinin sərnişindaşıma üçün aldığı yeni avtobuslarda xüsusi sürücü kabinəsi var. Kabinə sürücünün sərnişinlərlə təmasını əngəlləmək məqsədi daşıyır.

Dünən səhər bu xəbəri izləyəndə bizim "gözəl-göyçək” avtobuslarımız gözümün önünə gəldi: yan-yörəsi qohum-əqrəba, dost-tanışdan, əli mobil telefondan, qulağı meyxanadan, üzeyir mahnılarından, dili də "zəhər tuluğu”ndan əskik olmayan sürücülərimiz, salonu daim zir-zibilli, tozlu, yağışdan sonra şüşələrindən küçə görünməyən, sürücüsünün salonu isə disko-zalı xatırladan avtobuslarımız. Və həmişə narazı sərnişinlər.

Bakının İstanbuldan nəyi əskikdi? Pulumuz pul, qanunlar da yerli-yerində. Bəs ictimai nəqliyyatın problemi niyə heç cür düzəlmir?

Nəqliyyat problemləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov "Şərq”ə açıqlamasında dedi ki, bu sualın konkret bir cavabı var; daha çox qazanmaq istəyi. Əslində, təbii istəkdir. Kim qazanmaq istəmir ki?! Amma məsələ necə qazanmaqdadı. Qanunla, yoxsa, qanunları pozaraq. Ölkədə nəqliyyata cavabdeh olan Nəqliyyat Nazirliyi də, sərnişin nəqliyyatını yönləndirən şirkətlər də, qanunları pozaraq gəlir əldə etdiklərindən sərnişin nəqliyyatının durumu heç cür düzəlmir:

- Nəqliyyat Nazirliyinin cavabdeh olduğu hansı sahədə müsbət irəliləyiş var? Neçə ildir, deyirlər, ictimai nəqliyyatda kart sisteminə keçiləcək. İlin başında deyirlər, mayda olacaq. May gəlib çatanda deyirlər, sentyabrda olacaq. Sentyabr keçir, deyirlər, ilin sonu, ilin sonu yaxınlaşanda atırlar yeni ilə. İndi deyirlər, 2014-cü ilin yanvarında tətbiq ediləcək. Gözləyək, yanvarı. Digər məsələ. Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il 141 saylı qərarı ilə avtomobil nəqliyyatı ilə sərnişin və baqajdaşıma qaydaları təsdiq olunub. Həmin qaydalara əsasən sərnişindaşıma bilet satışı ilə həyata keçirilməlidir. Fərqi yoxdur, şəhərdaxili, ya da şəhərətrafı. Siz hansısa avtobusda bilet satıldığını görmüsünüzmü? Görə bilməzsiniz. Çünki səhər iş saatı başlayanda dispetçer bir rulon bileti verir sürücüyə, o da qoyur cibinə. Axşam iş saatı bitəndə dispetçer məntəqəsinə gəlib gün ərzində topladığı məbləği nəğd formada ödəyir kassaya. Biletləri də cırıb atır. Bu, məlum bir məsələdir. İctimai nəqliyyatda nəğd ödəmə sistemidir. Bu pullar hara gedir? Sərnişindaşımanı həyata keçirən şirkətin cibinə. Onlar da bu pulu nazirliklə paylaşırlar. Sahibkarlar həmişə narazıdır. Narazılıq edirlər ki, yükümüz ağırdır. "Yük” deyiləndə ayrı-ayrı şəxslərə qeyri-qanuni ödədikləri məbləğ nəzərdə tutulur. Sərnişindaşımadan əldə olunan gəlirin yönləndirilməsi qeyri-şəffafdır. Burada korporativ maraqlar ictimai və dövlət maraqlarını üstələyir. Elə ölkələr var ki, orada dövlət azgəlirli sahələrə dotasiyalar ayırır. Məsələn, Estoniyada dövlət sərnişindaşımaya dotasiya ayırıb və orada gediş-gəliş pulsuzdu. Bizimkilərə dotasiya ayrılsa da, yenə deyəcəklər azdır. Çünki gəlir hüquqi ünvanına çatmayacaq. İstanbulda sərnişindaşımada qayda-qanun, nizam-intizam sağlam rəqabət mühitinin yaradılması nəticəsində mümkün olub. Məlumdur ki, sərnişindaşımada marşrutların hamısı çox gəlir gətirən olmur. Bu, asılıdır, sərnişin sıxlığından. Elə marşrutlar var ki, orada daim sərnişin sıxlığı müşahidə edilir, amma elə marşrutlar da var ki, sərnişinlərin sayı nisbətən az olur. İstanbul bələdiyyəsi marşrutlara sahiblik edən şirkətləri tez-tez dəyişdirir. Yəni, bütün şirkətlərə eyni dərəcədə gəlir etmək imkanı yaradır. Həm də orada ictimai nəqliyyata kifayət qədər büdcəsi olan, öz büdcəsi hesabına ictimai maraqları təmin edə bilən bələdiyyələr nəzarət edir. Bələdiyyələr büdcə gəlirlərini hara, nəyə sərf etdiklərini şəffaf şəkildə açıqlayırlar. Bizdə bu sistem formalaşmayıb. Ona görə də ictimai nəqliyyat problemlərdən azad ola bilmir.

Ə.Hüseynov sürücü kabinəsi məsələsinə də toxundu və bildirdi ki, kabinəli avtobusların istifadəyə verilməsi Nəqliyyat Nazirliyindən asılıdır:

- Bakıda kabinəli avtobuslar necə ola bilər, bir halda ki, nəğd ödəmə sistemidir? Sürücü kabinəsi olan avtobuslar kart sistemi ilə işləyir. Bizim avtobuslar kimi dayanacaqdan kənarda saxlatmaq, enmək, minmək söhbəti yoxdur. Sürücü avtobus salonuna güzgü vasitəsilə nəzarət edir. Sürücüyə isə kamera vasitəsilə dispetçer məntəqəsi. Əgər dispetçer görürsə ki, sürücü sükanı bir əlli tutub, yaxud da hərəkət zamanı mobil telefonla danışır, onu cərimə edirlər, hətta işdən kənarlaşdırırlar. Almaniyada sürücünün özü ilə mobil telefon götürməsi, ümumiyyətlə, qadağandır. Sürücü ilə dispetçer məntəqəsi arasında rabitə sistemi mövcuddur. Sürücüyə lazım olan informasiyanı dispetçer ötürür. Bizim avtobuslarda da, bir ara dedilər ki, kamera quraşdırılıb. Əslində, o kameralar sürücünün başı üzərində olmalıdır və gün ərzində cərəyan edən prosesləri yaddaşa almalıdır. İş gününün sonunda isə kameranın yaddaşına baxış keçirilməli və qaydaları, nizam-intizamı pozan sürücülər cəzalandırılmalıdır. Nəqliyyat Nazirliyi sürücü kabinəsi olan avtobuslar sifariş edə bilər. Bu, sifarişçinin istəyindən asılıdır. Sadəcə, sürücü kabinəsi olan avtobuslar bizimkilərə sərf etmədiyindən köhnə üsulla sərnişindaşımaya üstünlük verirlər.