"Banklar kredit verə bilmir, verdiklərini də yığa bilmir" - Təcili




"Həm ölkə daxilində, həm də xaricdə baş verən proseslərin manata basqını artırması qaçılmaz olacaq”.

Bunu Sherg.az-a ötən günlərdə Neft Fondunun hərraca çıxardığı dolların alınmamasına münasibət bildirərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, hazırda ciddi manat qıtlığı yaşanır:

"Mərkəzi Bank əlində olan bütün imkanlardan istifadə edərək həm hərraclar vasitəsilə, həm də dövriyyədə olan əlavə manat kütləsinin yığılması alətləri ilə dövriyyədə manat kütləsini azaltmağa çalışır. Mərkəzi Bankın atdığı bu addımın təbii ki, əsas hədəfi sərbəst manat kütləsinin dövriyyədə azaltmağa nail olmaqla məzənnəyə olan basqıları azaltmağa yönəlib. Qısa müddətdə bu effekt verə bilər. Göründüyü kimi manat sabitləşib. Amma bu iqtisadiyyata böyük zərbə vurur. Çünki manat kütləsi azaldıqca iqtisadi aktivlik azalır, banklarda manat qıtlığı yaşanır. Banklar kredit verə bilmir, verdikləri krediti isə yığa bilmirlər. Bununla da iqtisadi aktivliyə böyük zərbə vurulur. Mərkəzi Bankın atdığı addımlar hökumətin hədəfində olan iqtisadi canlanmaya hesablanmış addımları heçə endirir. Son dövrlərdə baş verən hadisələr məhz bununla bağlıdır. Bu addım çox qısamüddətli effekt verə bilər. Mərkəzi Bank nə qədər çalışsa da, tənzimləməni uzunmüddətli təmin edə bilməz. Dünyada gedən proseslər, sabah baş tutacaq Federal Ehtiyatlar Sisteminin toplantısı buna ciddi təsir edir. Çox güman ki, uçot dərəcəsi artırılacaq. Neftin qiyməti isə son 3-4 gündə təqribən 12 faizə yaxın ucuzlaşıb. Bu da Azərbaycanın gəlirlərinə təsir göstərir”.


Azərbaycanın idxaldan asılılığının hələ ki, yüksək səviyyədə olduğunu diqqətə çatdıran N. Cəfərlinin sözlərinə görə, bayramlar öncəsi idxaldan asılılıqla bağlı problemlər, valyuta tələbatının daha çox yaranması ehtimalı var:

"Bu günlərdə ölkədən səfər edən insanların sayı da artacaq. Bu da valyutaya tələbatını yüksəldəcək. Ona görə, Mərkəzi Bankın son vaxtlar atdığı addımlar iqtisadi aktivliyin kifayət qədər aşağı salınmasına, səbəb olur. Bu da iş yerlərini, gəlirləri azaldır və gələcəkdə ciddi problemlərin yaranmasına səbəb olacaq. Mərkəzi Bank uzun zaman hazırkı tədbirləri davam etdirə bilməyəcəyini nəzərə alıb, Azərbaycanda iqtisadiyyatın canlanması üçün manat dövriyyəsini bu qədər sıxmamalıdır. Əslində daha çox banklara manat kütləsini buraxmalıdır ki, banklar da kreditləşməyə başlasın və iqtisadi aktivlik artsın. Ümumi olaraq yenə qeyd edirəm ki, bunun qısamüddətli effekt olduğunu düşünürəm və bir müddət sonra Mərkəzi Bank manat kütləsini artırmağa məcbur olacaq, bununla valyutaya olan tələbat yenidən canlanacaq”.

Qeyd edək ki, Mərkəzi Bankın nəzarəti altında Bloomberg platforması üzərindən həyata keçirilən hərracda 1,73 ilə başlayan sorğular daha çox olub. Halbuki, rəsmi məzənnə 1.7563 idi. Nəticədə hərraca 35 milyon çıxaran neft Fondunun dollarını alan olmayıb və cəmi 13 milyon 450 min dollarını manata çevirə bilib.

Aysel Aslan