Nə qədər baha və keyfiyyətsiz internet problemi olar axı?





"Görəsən NRYT Nazirliyi və İN-nin İstehlakçıların hüquqlarının qorunmasına cavabdeh qurumu bir dəfə də olsun maraqlanıblarmı ki, mobil operatorlar Backbone Provayderlərdən (Delta Telecom-dan və Azertelecom-dan) nə qədər internet trafik alır və nə qədər özlərinin mobil istifadəçilərinə satır?" 

Sherg.az xəbər verir ki, bunu Azərbaycanda internet sürətinin zəifliyindən danışarkən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

Onun sözlərinə görə, uzun müddətdir ki, hər bir Mobil operator cəmi ~10 Gb/s –dək internet trafiki alıb özlərinin bir neçə milyonluq müştərisinə satırlar:

"Hər hansı bir xarici ekspertə belə bir rəqəm ağlasığmaz, bəlkə də gülməli görünə bilər. Onları heç bir halda buna inandırmaq da olmaz. Çünki indi bu sürət xaricdə az qala bir nəfərin, ciddi bir qurumun istifadə edə biləcəyi internet sürətidir”.

Necə olur axı bu nəhənglikdə operatorlar milyonlarla müştəriyə bu cür balaca bir həcmi bölüşdürüb sata bilirlər? Sual doğuran məqamlardan biri də budur. Uzun illərdir ki, bu operatorların heç birinin trafiklərində ciddi artım da müşahidə olunmur. Qonşu ölkələrin operatorları, provayderləri isə hər il trafiklərin bir neçə dəfə artdığını bəyan edirlər. Bizdə isə istər müştəri artsın, istərsə də tələbat artsın xeyri yoxdur. Operatorlar ancaq bu trafiki bölüşdürüb verirlər. Nə qədər çəkidə aldatmaq olar axı? Nə qədər zəif və baha internet problemi olar axı? Axı bir gün kimsə alınan internet trafiki və müştərilərə satılan toplam internet trafikin müqavilələrdə qeyd olunan həcmini müqayisə edib ağlasığmaz fərqi aşkar edəcək. Onda sual ortaya çıxacaq axı müştərilərə satılmaq üçün müqavilədə qeyd olunan, faktiki heç yerdən alınmayan, havada olan bu ~200 Gb/s internet trafiki haradan alınıb? Bu sualı, aidiyyatı qurumlar elə indi də cavablaya bilərlər”.

Ayyət Əhməd