"Papağın içinə uşağım üçün pampers qoysunlar" - Yazıçılardan sorğu

Bu gün Novruz bayramının rituallarından biri hesab olunan İlaxır çərşənbə qeyd edilir. Bu çərşənbənin də özünəməxsus adətləri var. Elə papaqatdı kimi. Tarixən qorunub saxlanan bu adətləri indi də gənclər, yeniyetmələr davam etdirir. Amma ən çox böyüklərin xatirələrindən illər əvvəl necə sevinclə gözlənən, şad-xürrəm qeyd edilən Novruz şənliklərini həmişə dinləyirik. Maraqlıdır, yazarlarımızın, ədəbiyyat nümayəndələrimizin uşaqlıq xatirələrində Novruz bayramı necə qalıb? Görəsən onlar da qapı pusub,papaq atıblarmı?
Artıq heç bir bayramı qeyd etmirəm
Novruz xatirələrindən Sherg.az-a danışan yazıçı Cəlil Cavanşir deyir ki, orta məktəbin son sinfində oxuyarkən sinif yoldaşları ilə möhtəşəm Novruz bayramı qeyd edib:
"Sabahacan bütün sinif yoldaşlarımın evlərinə papaq atmışdıq. Çox əyləncəli bayram idi. Ən çox yadımda qalan bayram günüdür. İllər keçib üstündən... Amma artıq heç bir bayramı qeyd etmirəm və papaq atmaq adətinə də laqeyidəm. Artıq belə şeylər məni əyləndirmir”.
Əmim qızları ilə fala baxmışam
Novruzda papaq atdığını, qapı pusduğunu deyən xanım yazarımız Sevinc Elsevər isə bayramın yaxşı xatirələri ilə yanaşı pis hadisələrini də xatırlayır:
"Əlbəttə, bütün uşaqlar kimi mən də papaq atmışam, tonqal üstündən hoppanmışam, əmim qızları ilə fala baxmışam. Amma kədərli bir xatirəm də var Novruz adətləri barədə. Bütün zamanlarda bu adətlərə pis baxan adamlar da olub. Xüsusən papaq atmaq və qapı pusmaq kimi adətləri. Qardaşımın sinif yoldaşı bizə papaq atmışdı. Əvvəl qapımız döyüldü. Papağı götürdük, anam içinə evdə olanlardan qoydu. Papaq anamın əlində qaldı. Qəfil qapı açıldı. Qardaşımın sinif yoldaşı ağlaya-ağlaya evə girdi. Dalınca da atası. Gözümüzün qabağında atası uşağı döydü. O səhnə hələ də gözümün qabağından getmir. Keçən ilin axırı həmin oğlan avtomobil qəzasına düşüb rəhmətə getdi. Həmin kədərli xatirəm təzələndi. Daha təsirli oldu. Bəzi adamlar bu adətlərə pis baxır. Kimsə papaq atmağa çıxıbsa, bunu acından eləyir deyə düşünürlər. Yaxud elə başa düşüləcəyindən qorxurlar. Halbuki, sadəcə maraqlı bir adətdi. Bu gün nənəm bizi evdə kədərli danışmağa qoymazdı. Deyərdi xoş danışın, gözəl cümlələr işlədin,bəlkə qapını kimsə pusdu, yaxşı sözlər eşitsin. İnanın, mən də o cür edirəm. Və uşaqlarıma da tapşırmışam ki, bu gün neqativ heç bir kəlmə işlətmək, kiminsə ümidini qırmaq olmaz”.
Papaq atmağa, qapı pusmağa icazə verilmirdi bizə
Heç vaxt papaq atmadığını deyən yazar Aqşin Yenisey isə atasının kommunist olduğunu, rus mədəniyyətini sevdiyinə görə müsəlman adətlərinə o qədər də heyran birisi olmadığını söyləyib:
"Milli bayramlardan yalnız Novruz qeyd olunurdu evimizdə; o da həyətdə tonqal qalamaq, yeyib-içmək və gecə kənddəki bütün qohumları bir-bir təbrik etməkdən ibarət idi. Papaq atmağa, qapı pusmağa icazə verilmirdi bizə".
Qohumlarımızla birlikdə evlərə papaq atırdıq
Yazıçı Pərvinin sözlərinə görə, xatirələrində papaq atmaqla bağlı çox şeylər qalıb. Xanım yazar deyir ki, uşaqlıqdan atası ilə qohumların evinə gedib, papaq atıb, bayramlaşarmış:
"Atam mənimlə bütün sahələrdə dostluq edirdi. Mənə öz fikirlərini danışırdı, ədəbiyyatla bağlı müzakirələr aparırdıq. Musiqidən, incəsənətdən danışırdıq. Hesab edirəm ki, mənim yazıçı kimi yetişməyimdə atamın həmin xasiyyətinin çox böyük rolu olub. Biz Bakının qəsəbələrindən birində yaşayırdıq. Qonşularımız, yaxınlarımız demək olar ki, hamısı qohumlar idi. Uşaqlığıma aid maraqlı xatirələrimdən biri də odur ki, ya ilaxır çərşənbədə, bəzən də məhz Novruz bayramı günlərində qohumlarımızla birlikdə evlərə papaq atırdıq. Amma şübhəsiz ki, bu simvolik papaq atdı idi. Biz qapı arxasında dayanıb, papağımıza nə qoyacaqlarını gözləmirdik. Ev sahibi gəlib papağı götürəndə içəri girib bayramlaşırdıq, gülüb danışırdıq, bayramlarını təbrik edirdik. Bayramlarda atamla birlikdə bir neçə məhəllədə o cür gəzib qohumlarımızla bayramlaşırdıq”.
Çox qapalı ailədə böyüdüyünü deyən Pərvin söyləyib ki, ona dostlarla, məhəllə uşaqları ilə papaqatdıya icazə verməyiblər:
"Yalnız atamla qohumlarla bu şəkildə bayram qeyd edirdik. Hesab edirəm ki, bu maraqlı adətlər insanlarımızın milliliyindən xəbər verən adətdir. Niyə də davam etdirməyək? Amma son vaxtlar buna maraq azalıb. Təəssüf ki gənclər, müasir cavanlar adətlərimizə maraq göstərmirlər. Həyətlərdə tonqal qalamaq kimi adətlər qalsa da, papaqatdı bir az azalıb”.
Papağın içinə uşağım üçün pampers qoysunlar
Uşaqlıqda papaqatdı, qapıpusdu ilə çox məşğul olan yazarlarımızdan biri də Kəramət Böyükçöldür. Yazıçı bildirir ki, yaşa dolduqca fikirlər dəyişir, hətta Azərbaycan yazarları tək Novruzda yox, elə bütün günü papaq atmaqla məşğuldurlar:
"Sosial problemlər, ehtiyaclar o qədərdir ki, artıq papaq atmaq yazarlar üçün ancaq Novruz adəti deyil. Bu, bizim şairlərimiz yazarlarımız üçün həyat tərzinə çevrilib. O da, şübhəsiz ki, cəmiyyətin diktəsindən irəli gələn məsələdir”.
Papaq atmaqla bağlı xatirələrinin çox olduğunu deyən K. Böyükçöl vurğulayır ki,  uşaq vaxtı papağa qoz, fındıq qoymağı arzulasa da, yaşa dolduqca, həyatı anladıqca papağın içinə öz sevgilisini qoymağı arzulayıb: 
"Mən bir dəfə yazmışdım, "arzulayıram ki, bayram vaxtı sevdiyim qızın evinə papaq atım, atası sevdiyim qızı qoysun papağın içinə. Mən də sevinim”. Demək istəyirəm ki, papaq ümumi simvolik mənadadır. Arzularımız, niyyətimiz var, ehtiyaclarımızı papağın içinə qoysunlar. Bu gün mən də papaq atsam, qoz-fındıqdan çox, istəyərəm ki, papağın içinə uşağım üçün pampers qoysunlar”.
Aysel Aslan,
Ayyət Əhməd