"...Neftin 50-60 dollar arasında stabilləşməsinə nail ola bilərik”




"Neftin qiyməti OPEK üzvü olmayan ölkələrin atacağı addımlardan asılıdır”.

Bunu Sherg.az-a neftin qiymətinin bahalaşacağı ilə bağlı proqnozlara münasibət bildirərkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

O bildirib ki, OPEK üzvlərinin hasilatı azaltması ilə bağlı qərarına yenidən baxılmalıdır:

"Xüsusilə, bu qərarın uzadılması olduqca vacibdir. Əks halda yenidən bazara neft məsullarının daxil olması artacaq. Nəticədə qiymətlərin aşağı düşməsi müşahidə oluna bilər. Bu konteksdən OPEK üzvü olan və ya olmayan dövlətlər xüsusilə, Rusiya neftin qiymətinin tənzimlənməsində ciddi təsirlərə malik olacaq. Neftin qiymətinin kəskin artacağı ehtimalı olsa da, bu, o qədər gözlənilən deyil. Çünki İŞİD neftinin istehsalı qiymət yüksək olacağı halda arta bilər. 

Bu da, nəticə etibarı ilə yenidən qiymətlərin azalmasına təsir göstərər. İndiki məqamda neft ölkələri danışırlar ki, qiymətin 50 -60 dollar intervalında stabilləşməsi mümkün olar. Bu neft ölkələrində yenidən iqtisadi canlanmaya imkan verə bilər. Düşünürəm ki, yüksək qiymətlər hədəf olmamalıdır və hədəf də deyil. Əsas hədəf qiymətin mövcud interval ətrafında stabilləşməsini təmin etməkdir. Güman edirəm ki, OPEK ölkələri hasilatın azaldılması ilə bağlı sənədi qəbul etsə, neftin 50-60 dollar intervalında stabilləşməsinə nail ola bilərik”.

Qeyd edək ki, bu ilin sonunda "Brent” markalı neftin qiyməti 62,5 dollara qədər bahalaşacaq. ABŞ-ın "Morqan Stenli” bankının analitikləri bu ilin ikinci rübündən etibarən dünyada neft ehtiyatlarının azalacağını bildirib.

Ayyət Əhməd