İlham Əliyev Paris səfərində mesajlar verdi
“Fransa şirkətləri işğal altındakı Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərirlər”
Fransada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Senatın sədri Jerar Larşe ilə görüşüb. Jerar Larşe Azərbaycan Prezidentini Senatda görməkdən məmnun olduğunu deyib. O, belə səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Prezident İlham Əliyev də ölkələrimiz arasında münasibətlərin, eləcə də parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayıb.
Dövlət başçısı bir neçə gün əvvəl Bakıda Fransa Senatının bir qrup üzvünü qəbul etdiyini, MEDEF-in üzvləri ilə çox səmərəli görüş keçirdiyini xatırlayıb. Larşe 2014-cü ildə Senatda Mehriban Əliyeva ilə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri kimi görüşdüklərini xatırlayıb. Bu görüşün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, belə görüşlərin ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan verdiyini, Azərbaycan-Fransa əlaqələrinin strateji istiqamətdə inkişaf etdiyini bildirib. Senat sədri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə də maraqlanıb. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın qəti mövqeyini diqqətə çatdırıb. Münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü qeyd edib. Dövlət başçısı fransalı senatorların işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər etdiklərini vurğulayıb. Prezident gərginliyin mövcudluğunun regiona ziyan vurduğunu bildirib. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Sarkisyan nağıl danışmaqdansa, Ermənistandakı dəhşətli iqtisadi vəziyyətə diqqət yetirsin”
Prezident İlham Əliyev Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə də görüşüb. Prezident deyib ki, Ermənistan prezidenti MEDEF-də çıxış edərkən investorları öz ölkəsinə investisiya yatırmağa inandırmaq əvəzinə, tamamilə əsassız iddialarla Azərbaycan iqtisadiyyatını nüfuzdan salmağa çalışıb: "O, innovasiyalar barədə danışırdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan. Ermənistanın təbii ehtiyatlara malik olmaması faktı o demək deyil ki, xalq bundan əziyyət çəkməlidir. Fransa da daxil olmaqla, dünyanın əksər inkişaf etmiş ölkələrinin təbii ehtiyatları yoxdur. Lakin onlar düzgün idarəçilik, şəffaflıq, etibarlılıq, standartlar, təhsil, bilik və innovasiya sayəsində öz ölkələrini inkişaf etdirirlər. Ona görə də Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin. Onların rəsmi statistikasına görə, hər il Ermənistanı 60 min insan tərk edir, bizdə olan məlumata görə isə bu rəqəm 100 minə yaxındır. Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar”.
"Fransız şirkətləri Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır”
Fransa Şirkətlər Hərəkatının vitse-prezidenti xanım Mari Anje Debon belə tədbirlərin Azərbaycan ilə Fransa şirkətləri arasında əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib. O, bu görüşdə onlarla şirkətin nümayəndələrinin təmsil olunduğunu vurğulayıb, tədbirin səmərəli olacağına əminliyini ifadə edib.
Prezident İlham Əliyev yenidən MEDEF-də olmaqdan məmnunluğunu ifadə edib. Bunun iqtisadi əlaqələrimizə töhfə verdiyini bildirib. İndiyədək bir çox layihələrin uğurla həyata keçirildiyini deyən dövlət başçısı bu əməkdaşlıq çərçivəsində Azərbaycan iqtisadiyyatına xeyli investisiyaların yatırıldığını diqqətə çatdırıb. Prezident vurğulayıb ki, fransız şirkətləri Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. Prezident Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib: "Bütün bunlara baxmayaraq, ölkəmiz inkişaf edib, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə görə 37-ci yerdə qərarlaşdırdığını bildirib. Hazırda iqtisadiyyatımıza investisiya axını davam etməkdədir. Fransız şirkətlərini ölkəmizlə əməkdaşlığa dəvət edirik, bunun üçün bir çox sahələr var”.
"İkitərəfli münasibətlərimiz mühüm əhəmiyyət daşıyır”
"Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən də danışan dövlət başçısı Avropada həyata keçirilən bu ən böyük investisiya layihəsinin reallaşmasında Azərbaycanın lider rola malik olduğunu bildirib. Azərbaycan prezidenti bu layihənin istehlakçılar üçün yeni qaz mənbəyi olduğunu vurğulayıb: "Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycan yüklərin daşınmasında mühüm mövqelərə malikdir. Bu məsələdə Azərbaycan-İran-Rusiya üçtərəfli formatı əhəmiyyətlidir. Bakıda dəniz limanı tikilir. Bizim Fransa ilə əlaqələrimiz mühüm əhəmiyyət kəsb edir. İkitərəfli münasibətlərimiz mühüm əhəmiyyət daşıyır”. Görüşdə Azərbaycanda dəmir yolu, qlobal nəqliyyat layihələri, metro tikintisi, rabitə texnologiyaları, kosmik sənaye, hava nəqliyyatı, energetika, neft-qaz sənayesi və digər sahələrdə Azərbaycan ilə çox uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Bu sahədə əlaqələrin inkişafına dair interaktiv fikir mübadiləsi aparılıb. Sonda "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "Thales Air Systems SA” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
"İstəsək, xarici borcumuzu bir neçə aya ödəyə bilərik”
Prezident İlham Əliyev bəyan edib ki, bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə çoxdur: "Əgər istəsək, xarici borcumuzu bir neçə aya ödəyə bilərik. Bu müddət ərzində işsizliyi 5 faizə, yoxsulluğu isə 6 faizdən aşağı endirməyə nail olmuşuq. Azərbaycanda məşğulluğun səviyyəsi əsasən çox əlverişli biznes mühiti və investisiya mühiti sayəsində qalxıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya yatırılıb. Bu proses davam edir və ümidvarıq ki, bu il də çox sayda şirkət investisiya yatıracaq. Çox yaxşı haldır ki, indi onlar təkcə neft və qaz sahəsinə deyil, həm də xidmət, turizm, otel biznesinə, kənd təsərrüfatına investisiya yatırırlar. Xarici və yerli şirkətlərin bütün investisiyaları lazımi şəkildə qorunur. Buna görə də, bu, Azərbaycana investisiya yatırmaq üçün əlavə stimul və maraq yaradır. Eyni zamanda, regionda güclü iqtisadi mövqeyə, qonşularla yaxşı əlaqələrə və güclü maliyyə ehtiyatlarına malik olaraq biz strateji əhəmiyyət kəsb etdiyini düşündüyümüz sektorlara podratçılar cəlb edə bilərik”.
Prezident fransız şirkətlərini işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətdən çəkinməyə çağırıb
Dövlət başçısı vurğulayıb ki, bəzi şirkətlər Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərir ki, bu da qəbuledilməzdir: "Dağlıq Qarabağ və ətraf ərazilərdə Avropadan, Fransadan olan bəzi şirkətlərin fəaliyyəti ilə bağlı müəyyən narahatlığımı ifadə etmək istərdim. Çünki təkcə Dağlıq Qarabağ deyil, ətraf 7 rayon da işğal altındadır. Bəzi şirkətlər bu ərazilərdə qanunsuz fəaliyyət göstərir, bu, qəbuledilməzdir. Beynəlxalq hüququ, bizim qanunvericiliyimizi pozur. Həmçinin, beynəlxalq məhkəmə institutlarına müraciət edir. Ona görə də mən bu narahatlığı ifadə etmək və torpaqlarımızda qanunsuz fəaliyyət göstərən şirkətləri bu fəaliyyətdən çəkinməyə çağırmaq istəyirəm. Bu, ölkələrimiz arasındakı çox yaxşı, dost münasibətlərinə uyğun deyil”.
İsmayıl