Fransa Azərbaycanla əməkdaşlığa çox maraqlıdır

Parisin ölkəmizlə bağlı strateji planları var

Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya son səfəri bir daha göstərir ki, ölkəmiz siyasi xəttinə sadiq qalaraq sülh və sabitliyi əsas amil hesab edir. Dövlətimiz bütün normal ölkələrlə ikitərəfli münasibətlər qurmaqda və əlaqələri inkişaf etdirməkdə hər zaman maraqlı olub. Fransa Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb.

Həmin tarixdən iki dövlət arasında diplomatik əlaqələr qurulub, qarşılıqlı səfirliklər açılıb. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev prezident seçiləndən sonra ilk rəsmi səfərini Fransadan başlayıb və bir neçə il ərzində bu ölkəyə prezident səviyyəsində rəsmi və qeyri-rəsmi səfərlər həyata keçirib. Ümumiyyətlə, Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələr çoxsaylı səfərlərlə zəngindir. İlham Əliyev də Prezident kimi ilk ikitərəfli səfərini məhz Parisə edib. O cümlədən parlamentlərarası əlaqələr daima diqqətdə saxlanılıb, müntəzəm görüşlər keçirilib. İnvestisiya layihələri barədə danışarkən qeyd etmək lazımdır ki, Azərbaycan Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Fransa ilə ticarət dövriyyəmiz iki milyard dollara yaxınlaşır. Azərbaycanın ilk milli telekommunikasiya peykinin orbitə buraxılması Fransa ilə Azərbaycan arasında kosmik əməkdaşlığın yaranmasına təkan verib.
İki dövlət arasındakı münasibətlər və Prezident İlham Əliyevin Fransa səfəri ilə bağlı "Şərq”ə danışan siyasi ekspert Tofiq Abbasov deyib ki, Sarkisyanın Ollandla görüşündən sonra dövlət başçısının Fransaya səfəri çox vacib bir nüansdır: 

"Ermənistan rəhbərliyinin Fransa səfəri və orada keçirdiyi görüşlərlə bağlı müfəssəl məlumata sahibik. Prezident İlham Əliyev Parisdə aparıcı işgüzar simalarla, dünyada nüfuz sahibi olan şirkət qurucuları ilə görüşüb. Prezidentlə görüşü həmin şirkətlər özləri istəyiblər. Bütün bunlar bir daha göstərir ki, Fransa dövləti Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır və ölkəmizlə bağlı strateji planları var. İki ölkə arasında münasibətlərin kökündə qarşılıqlı əməkdaşlıq və səmərəlilik dayanır”. Ekspert bildirib ki, Fransanın ermənipərəst mövqeyi tarixə dayanır: "Burada ideoloji məqamlar var. Həmçinin, Paris hökumətinin İrəvana yazığı gəlir. Ancaq Azərbaycan müstəqil və güclü dövlət kimi Fransa ilə bərabər səviyyəli münasibətlər qurur. Azərbaycan tərəfdaş olaraq Ermənistandan dəfələrlə üstündür, faydalıdır. Ölkəmiz Qafqazın aparıcı dövlətidir. Ona görə də Fransanın beynəlxalq şirkətləri və siyasi lobbisi, elitası Azərbaycana xüsusi maraq göstərirlər. Fransız rəsmilər də bunu hər görüşdə qeyd edirlər, ölkəmizin önəmini vurğulayırlar. Fransada erməni diasporasının güclü olduğu hamıya bəllidir. Lakin dünya dəyişir, yeni münasibətlər formalaşır, müttəfiqlər əvəzlənir. Azərbaycan yeni dünyanın ən yaxşı tərəfdaş ölkəsidir”. 

Politoloqun sözlərinə görə, əslində həmsədr Fransa çox yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ən böyük maneə işğalçı Ermənistanın yanlış siyasətidir: 

"Aprel döyüşlərindən sonra yaranmış dialoq mühiti, ardınca erməni tərəfinin danışıqlardan boyun qaçırması, cəbhə xəttində mütəmadi təxribata əl atması göz önündədir. Həmsədr Fransa hər şeyi görür, bilir. Hesab edirəm ki, düşmən ölkədə parlament seçkisindən sonra vəziyyət dəyişəcək. Əks halda Azərbaycanın əlində imkanı və haqqı var ki, öz torpaqlarını antiterror əməliyyatları ilə düşməndən təmizləsin. Şübhəsiz ki, Prezident İlham Əliyev həmkarı Ollandla görüşündə Azərbaycanın haqlı mövqeyini bəyan edəcək və münaqişə ilə bağlı reallığı ortaya qoyacaq. Ümid edək ki, reallıq rəsmi Paris tərəfindən qəbul ediləcək”.

İsmayıl