Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən münasib format ola bilərmi?
"Qarabağda müharibə başlasa, Rusiya, Gürcüstan və Türkiyə də cəlb olunacaq”. Bunu Bakıda Dağlıq Qarabağ münaqişəsi mövzusunda keçirilən beynəlxalq konfransda Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Birliyinin rəhbəri Maksim Şevçenko deyib.
Şevçenko bildirib ki, ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər Azərbaycan və Ermənistana eyni silahları satırlar və bununla da balansı qoruduqlarını iddia edirlər: "Lakin tərəflər müharibəyə başlayarsa, münaqişəyə Rusiya, Gürcüstan, o cümlədən Türkiyə cəlb olunacaq. O zaman islam və cihad çağırışları, digər tərəfdən xristian həmrəyliyi çağırışları səslənəcək. Radikal addımlar, müharibə terrorizmin inkişafına şərait yaradar”. Şevçenko həmçinin bəyan edib ki, regionda Qərbin təsirinin artmasında maraqlı olmayan üç dövlətdən ibarət Rusiya-Türkiyə-İran formatı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən münasib formatdır: "Türkiyəyə Avropada təhqiramiz münasibət bəslənir, Rusiya və İran isə "şər oxları” kimi təqdim olunur. Qərb Qarabağ münaqişəsinin həllində, Qafqazda sülhdə maraqlı deyil”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında deyib ki, Qarabağ cəbhəsində başlayacaq müharibə 1990-cı illərin savaşından çox fərqli olacaq:
"Artıq silahlar və hərbi texnikalar tamamilə yenilənib. Azərbaycan müxtəlif ölkələrdən müasir silah-sursat alıb və almağa davam edir. Düşmən ölkə isə dilənçiliklə silahlanır. Buna baxmayaraq, ermənilərin əlində köhnə də olsa texnika, raket var. Yəni geniş miqyaslı müharibə başlayarsa, bölgədə vəziyyət həddindən artıq gərginləşə bilər. Nəzərə almaq lazımdır ki, müharibə təkcə Qarabağ ərazisində getməyəcək, daha geniş areala yayılacaq. Çünki düşmən sadəcə cəbhə xəttində deyil, bütün sərhəd boyu təxribata əl atır. Belə olan halda Azərbaycanın düşmənə müharibə yolu ilə cavab verməkdən başqa əlacı qalmır. Şevçenko onu da düz deyir ki, müharibə başlayan zaman Azərbaycanı dəstəkləyən ölkələr olacaq. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və s. ölkələr açıq şəkildə bizim yanımızda yer alacaqlar. Amma inanmıram ki, düşmən tərəfə görə xüsusi xristian həmrəyliyi formalaşsın. Rusiyadan başqa heç bir ölkə Ermənistana real dəstək verməyəcək. Qərb ermənilərin əvəzinə müharibə aparmayacaq”.
Üçlü formatdan danışan ekspertin fikrincə, Rusiya və İran heç vaxt Azərbaycanın maraqlarından çıxış etməyəcək: "Moskva açıq-aşkar Ermənistanı dəstəkləyir. İranın mövqeyində də ciddi suallar var. Tehran hökuməti münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu deyir. Amma tərəfdaş və müsəlman ölkə rəhbəri deməlidir ki, "Ermənistan işğal etdiyi əraziləri dərhal tərk etsin”. Bu baxımdan hesab etmirəm ki, İran və Rusiyanın yer aldığı format münaqişənin həllində hansısa müsbət rol oynasın”.
İsmayıl