Zəlimxan Məmmədli: “Bütün hallarda belələrini Azərbaycan türklərinin düşmənləri sayıram”
Zamin Hacı: “Bu günü bayram edənlərin halına acıyıram. Rus işğalını görməzdən gələn adamlardır”
Bir müddətdir ki, "28 aprel çevrilişi” "facebook” sosial şəbəkəsinin müzakirə mövzusuna çevrilib. Mövzuya dair yazılan rəylərdən aydınca müşahidə olunur ki, bu tarixlə əlaqədar ikili yanaşma ortaya qoyulub. Bir qrup bunu Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi, milli istiqlalın çökdürülməsi ilə izah edib, tariximizin qan yaddaşı kimi dəyərləndirir.
Digər tərəf isə sovetlərin qələbəsi kimi qələmə verib, həmin tarixin bayram edilməli olduğunu söyləyir. Artıq fikir toqquşmaları o həddə çatıb ki, tərəflər bir-birinin ünvanına ağır ittihamlar irəli sürür. Çevrilişi bayram edənlər "hər kəs mövqeyində müstəqildir” iddiası ilə çıxış etsələr də, millətçilər onu işğala dəstək hesab edərək qarşı tərəfi "düşmən dəyirmanına su tökən” adlandırır. Maraqlıdır, görəsən, çoxsaylı işıqlı insanlarımızın qətlə yetirildiyi və milli istiqlalımızın boğulduğu bu çevrilişin ölkəmizdə bayram edilməsi nə dərəcədə doğrudur? Bunu qələbə kimi qeyd edənlər kimlərdir və nəyə nail olmaq istəyirlər? Məsələyə münasibət bildirən Milli Azadlıq Hərəkatı fəallarından olan, "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Şərq”ə söyləyib ki, 27-28 aprel irtica, soyğunçuluq və qırmızı terroru Azərbaycan Xalq Cümhuriyyətini devirdiyi tarixdir: "Ümumiyyətlə, Azərbaycan türkünün inkişafını əngəlləyən və türkə qarşı düşmən olan qüvvələrin iş birliyi günüdür. Namusumuzun ayaqlandığı, qaymaqlarımızın qətlə yetirildiyi gündür. Bu səbəbdən hesab edirəm ki, həmin tarixi bayram kimi qeyd edənlər ermənilərlə iş birliyi olanlardır. Həmin günü bayram etməyin demokratiya və söz azadlığı ilə hansısa bir formada əlaqəsi yoxdur. Söz azadlığı həqarət demək deyil. Milli təhlükəsizlik orqanlarımız məsələyə hökmən reaksiya verməlidirlər”
Həmsöhbətimizin fikrincə, tarixə həqarətli yanaşmaya qarşı qanun hazırlanmalıdır: "Millətin adına və tarixi şəxsiyyətlərinə toxunmağa bir yasaq olmalıdır. Son zamanlar siyasətdə iflasa uğramış adamlar böyük tarixi şəxsiyyətlərimizə ləkə yaxmaq istəyirlər. Belə proseslər durdurulmalıdır. 27-28 apreli qələbə adlandıranlar Ermənistanın Azərbaycan təcavüzünə haqq qazandırırlar. Bu, istiqlalımıza balta saplamaqdır. Bütün hallarda belələrini Azərbaycan türklərinin düşmənləri sayıram. O günlər işğal tarixidir. Azərbaycanı inkişafdan ləngidən və 1937-ci il repressiyalarına yol açan tarixdir. Lakin bütün hallarda düşünürəm ki, cəmiyyətin içərisinə girmiş o despotlar Azərbaycan xalqını öz şərəfli yolundan döndərə bilməyəcəklər”.
Köşə yazarı Zamin Hacı da 28 aprelin işğal günü olduğunu deyib. Onun sözlərinə görə, hər bir şəxsin istədiyini qeyd etməyə haqqı var. Amma burada məsələ azadlıqdan kənara çıxıb: "Bəzi ölkələrin cinayət məcəlləsində kommunizmin təbliğatını qadağa edən maddələr mövcuddur. Bu da təbiidir. Çünki kommunizm və bolşevizm faşizmin bir növüdür. Azərbaycana xələl gətirmiş bir sistem idi. Bu günü bayram edənlərin halına acıyıram. Rus işğalını görməzdən gələn adamlardır. Onlar uydurma və məntiqsiz fikirlərlə savadsız insanları aldatmağa çalışırlar. Deyirlər ki, guya ruslar bizə mədəniyyət gətirib, sovet ittifaqı təhsil verib. Bunlar cəfəngiyyatdan başqa bir şey deyil. Baxın, dünyada "Nobel” mükafatının onda birini SSRİ alıbsa, onda doqquzunu Amerika və Avropa ölkələri qazanıb. Bu fakt da sübut edir ki, SSRİ təhsilinin yaxşı olmasına dair səslənən fikirlər də mənasızdır. Bütün hallarda işğalı və təcavüzü dəstəkləmək arzuolunan deyil. Separatçılığa haqq qazandırmağın heç bir əsası yoxdur”.
Ayyət Əhməd