"Oftalmologiyanı Məcnunun Leylini sevdiyi kimi sevirəm" - Paşa Qəlbinur





Sabah azərbaycanın görkəmli şair, oftalmoloqu Paşa Qəlbinur (Paşa İsmayıl oğlu Musayev) 65 illik yubileyini qeyd edəcək. Qeyd edək ki, P. Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində qulluqçu ailəsində anadan olub. 1958-1968-ci illərdə burada Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirib. 1968-1975 -ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profılaktika fakültəsində təhsilini davam etdirib. 1975-1977-ci illərədə o, Gəncə şəhər göz xəstəxanasında və 1 saylı uşaq poliklinikasında həkim-okulist işləyib. Sonra N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında baş laborant kimi fəaliyyət göstərib. 1978-1981-ci illərdə İ.M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının nəzdində əyani aspiranturada təhsil alıb. 1981-1988-ci illərdə N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, həm də ictimai peşələr fakültəsində dekan müavini işləyib. Hazırda həmin kafedranın professoru, həm də kafedranın müdiridir. Tibb elminə dair yüzdən çox elmi əsərin, on elmi kəşfin müəllifidir. 

On mindən çox cərrahiyyə əməliyyatı aparıb. Brüsseldə (Belçika) 51-ci Ümumdünya İxtiralar salonunda "Brüssel Evrika 2002" sərgisində "Oftalmologiyada yeni dərman preparatı Aktirol"un kəşfı Böyük qızıl medala və Belçika Maliyyə Nazirliyinin xüsusi prizinə layiq görülüb. Yeni dərman preparatı (şərikli – müəlliflər bacısı Sevinc və tələbəsi Olqa Stroyeva) onun rəhbərliyi altında hazırlanmışdır. Azərbaycan Alimlər İttifaqı İdarə Heyətinin (1989), Amerika və Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin idarə heyətinin üzvü (1997), Azərbaycan üzrə Nobel İnformasiya Mərkəzinin nəzdində fıziologiya bölməsinin ekspertidir (1996). Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyi Bilimsəl qurumunun həmsədri seçilmişdir (2001). ABŞ-ın Biblioqrafiya İnstitutunda keçirilən "2000 alim və intellektual" seçimində "İlin adamı" mükafatına layiq görülmüşdür. 

Yusif Məmmədəliyev adına mükafata (1999), "İman" izzət və iltifat diplomuna (2000) layiq görülmüşdür. 

"Araz" ali ədəbi mükafatın laureatıdır (1996). Aybəniz Əliyeva "Paşa Qəlbinur" (1996), A.Məmmədov "Qəlbinur poeziyası XXI əsrin astanasında" (1999) kitabını ona həsr etmişdir. "Paşa Qəlbinur – 50" biblioqrafiya məlumat kitabı buraxılmışdır. Xarici ölkələrdə konfrans və elmi simpoziumlarda olub. P. Qəlbinur ədəbi fəaliyyətə 1978-ci ildə "Ulduz" jurnalının 4-cü sayında çap etdirdiyi "Xal", "Ay gecəyə hicran sıxır", "Mən ilhamı gözlərimlə görmüşəm" şeirləri ilə başlayıb.. "Gözlər" adlı ilk şerini 13 yaşında ikən yazıb. Dövri mətbuatda vaxtaşırı çıxış edir. "Gənclik" respublika ədəbi birliyinin üzvüdür. 2008-ci ildən Dünya Azərbaycanlıları Konqresinin həmsədridir.

P.Qəlbinurun həm uzunmüdətli, şəffaf və yaradıcı həkim fəaliyyətini, həm də ədəbiyyatımızda, poeziyamızda tutduğu yeri nəzərə alıb, onunla bir övqat söhbəti etdik.

- Paşa müəllim, necə oldu ki, bu sənəti seçdiniz?

-Orta məktəbdə oxuyanda hansı sənəti seçməyimlə bağlı çox fikirlərə düşmüşəm. Bir vaxtlar təyyarəçi olmaq istəyirdim, uçmaq istəyirdim. Bir müddət idmançı olmaq istəyirdim. Çünki güləşlə məşğul olurdum. Güləşçi olmaq istəyirdim. Bəzən futbolçu olmaq istəyirdim. Ancaq günlərin bir günündə göz həkimi olan Sülhəddin dayımın gözündən əməliyyat etdiyi bir neçə xəstə ilə təmasda olanda məndə bu sənətin romantikliyinə bir məhəbbət yarandı. Orta məktəbin yuxarı siniflərində artıq qərara gəldim ki, göz həkimi olmalıyam. Elə bu qərarımın arxasınca getdim və istəyimə nail oldum.

-Bu sahədə irəli getmək üçün sizə stimul verən nə oldu?

-Çox qısa bir müddətdə təyinatla Gəncə şəhərində çalışanda bir xəstəm vardı. Onu heç cür müalicə edə bilmirdim. Onun xəstəliyi gözün bulloz distrafiyası idi. O zamanlar bu xəstəliyin müalicəsi yox idi. Qərara gəldim ki, bu sahədə çalışacam və elmi işim də həmin xəstəliklə bağlı olacaq. O xəstəliyə qalib gələcəm. Moskvada aspiranturada oxuyanda dissertasiya işimin mövzusu gözün bulloz distrafiyasının müalicəsi oldu. Burada mənə yeni elmi üsul təklif olundu. Bu "Musayev üsulu" adlanır. Bu yeni bir istiqamət idi. O üsulla həmin xəstəliyi aradan qaldırmaq mümkün oldu.

-Sizcə yaxşı həkim necə olmalıdır?

-Həkimlik xəstə ilə həkimin arasındakı inamdan asılıdır. Heç də təsadüfi deyil ki, böyük Mikelancelo deyirdi: "İbn Sina ilə bir yerdə olub səhv eləmək başqaları ilə birgə olub düz hərəkət etməkdən daha üstündür". Bu, sözün məcazi mənasındadır. Həkim xəstəni bütün varlığı ilə müalicə etməyə çalışmalıdır. Böyük Mövlanə deyir: "İnsan gözdən ibarətdir, qalanı əfsanədir". Əslində bu, ifrat bir fikirdir. Amma bunun içərisində bir göz həkimi üçün mütləq bir məhəbbət var. Yəni hər bir peşənin sahibi öz sənətini bütün varlığı və bütün dünyanı sevdiyi qədər sevməlidir. Mən də oftalmologiyanı Məcnunun Leylini sevdiyi kimi sevirəm.

- Bu gün Azərbaycanda oftolmologiyanın inkişafı hansı səviyyədəddir?

Nyuton deyir ki, biz gələcəyi ona görə bilirik ki, rənglərin çiyni üstünə çıxmışıq. Bizdən əvvəl çox böyük alimlər, elm fədailəri oftolmologiya elmini mübarək bir mərtəbəyə qaldırıblar. Biz də estafeti onlardan qəbul etmişik. Ancaq dayanmırıq. Çünki hərəkətdə dayanmaq ölümə dayanmaqdır. Elmi irəli aparmaq üçün hərəkət edirik, çalışırıq. Azərbaycan oftalmologiyasının dünya oftalmologiyasında müəyyən xəstəliklərin müalicəsində imzası var.

- Tələbələrinizlə ünsiyyətiniz, münasibətiniz necədir ?

-Mən hər dəfə mühazirəyə hazırlaşanda özümü orta məktəbin ilk siniflərində oxuyan şagird kimi hiss edirəm. Hər dəfə auditoriyaya daxil olanda əvvəlki dərsdən daha yaxşı, daha gözəl fikirlər aşılamağı, tələbələrin qəlbinə yol tapmağı düşünürəm. Baxın, insanlar qan itirəndə onlara az miqdarda qan köçürürlər. Bunu ona görə köçürmürlər ki, onun qanı 4,5 litr olsun. Bunu ona görə köçürürlər ki, yeni köçürülən qan yaradıcı orqanları qıcıqlandırır və insanın öz bədəni qan ifraz edir. Bədənin özü qanı bərpa edir. Müəllim tələbəninin başına bilik qoymaq üçün deyil. Müəllim tələbəni həvəsləndirmə və o qanyaradıcı orqanları qıcıqlandırmaq missiyasındadır. Müəllim tələbənin taleyinə yazılmağı bacarmalıdır.

-Sizin taleyinizə, qəlbinizə hansı müəllimləriniz yazılıb?

-Bizim gözəl müəllimlərimiz olub. Onları yaxşı xatırlayıram. İbrahim bəy Topçubaçov, Mustafa Topçubaşov, Zərifə xanım Əliyeva, Zəhrə xanım Quliyeva, akademik Mixail Mixailoviç və s kimi müəllimlərim olub. Bu müəllimlərim mənim fikrimi, zehnimi, həvəsimi, sənətimə olan məhəbbətimi, eşqimi birə-min artırmağı bacarıblar.

Bilirik ki, siz həm də görkəmli bir şairsiniz. Hətta bəzən sizi poeziyamızın Paşası adlandırırlar. Necə oldu ki, şeir yazdınız?

Şairlik mənim taleyimdir. Mən bir şair taleyi yaşayıram. Mən onu seçməmişəm. Mənim poeziyam, ilham pərim məni seçib. Mən də bu sevgiyə, bu seçimə ömrüm boyu sadiq qalmağa çalışaram. Şeir yazmaq kitab oxumaqla da bağlı deyil. Nəysə istəməklə də bağlı deyil. Bu ayrı bir taledir. Mən bu taleyimdən razıyam. Çox xoşbəxtəm ki, fikrimi başqa bir dildə, şeir dilində ifadə edə bilirəm.
-Təbabət, fəlsəfə və poeziyanının bir-birinə bağlılığını, vəhdətini nədə və necə görürsünüz?
-Təbabət, poeziya və fəlsəfənin birləşdiyi nöqtədə olan tədqiqatlar aparıram. Onu müxtəlif məqalələr şəklində çap etdirirəm. "Təbabət, poeziyanın fəlsəfi əyarı kimi" monoqrafiyam da işıq üzü görüb. Bu tədqiqatlarda subyektiv olan poeziya obyektiv lada keçirilə bilir.

-Fəlsəfə haqda nə danışa bilərsiniz...

-Fəlsəfəni bilmək hər hansı həkimin mübarək borcudur. Onunla sənət obyekti kimi məşğul olmaq lazımdır. Mənim obyektim fəlsəfə, təbabət və incəsənətdir. Üçü də mənim peşəmə aiddir. Tale elə gətirib ki, şair doğulmuşam. Ədəbiyyatda varam. Fəlsəfəni əvvəldən bir peşə kimi öyrənmişəm. Həkimlikdə isə mənim sənətimdir. Onların üçü də bir-birinə nüfuz edib, bir nöqtədə birləşəndə yeni bir effektə transformasiya olmağa başladım. Təbabət, fəlsəfə və poeziyayanın üçünün birləşdiyi nöqtədə olan tədqiqatdan məlum olur ki, bu üç sahədən irəli gələn şeir ən yüksək əyardan olan poeziya nümunəsi kimi qəbul olunmalıdır.

- Şeirlərinizdə Allaha bağlı insan olduğunuz açıq şəkildə duyulur...

- Fikir verin, rəssam bir tabloya bir imza qoyur ki, bu kimin əsəridir. Ancaq insanda Allahın mübarək imzası var. Bütün orqanlarda, toxumalarda, hüceyrələrdə, hətta hüceyrənin içərisindəki yarımkeçici membranlarda da Allahın imzası var. Ölmüş bir insanın bir tükü ilə onun kimliyini, hansı xəstəlikdən öldüyünü müəyyən etmək olur. Bu, tanrının böyüklüyüdür.

- Dünya Azərbaycanılıları Konqresinin(DAK) həmsədrlərindən olmusunuz. Bu təşkilatın fəaliyyətini necə dəyərləndirirsiniz?

- Dünya Azərbaycanlıları təşkilatlarından biri də DAK- dır. Onun fəaliyyəti dünyanın hansı nötqəsində hətta bir nəfər azərbaycanlı varsa, onun taleyi ilə bir yaşamaq, bizim ümumi dərdlərimizi unutmağa qoymamamaqdır. Azərbaycan kiçik olsa da, dünyada 50 milyon azərbaycanlı var. Dünyanın ən böyük şairi, filisofu olan Nizami Gəncəvi xalqımızın yetirməsidir. Kiçik yalnız say anlamındadır. Böyüklük isə enerjidə, xalqın oğullarının gücündə və insan ruhunun qüdrətindədir. Bu mənda Nizami babamızı, Əfzələddin Xəqanini, Tusini yada salanda insan daxilən böyüyür və özünü böyük hiss edir.

Ayyət Əhməd