Almaniyada Sumqayıt prospekti...




Almaniyanın Lüdviqshafen şəhərində yerləşən Sumqayıt prospektində çəkilən foto sosial şəbəkələrdə maraqla qarşılanıb. Yəni Almaniyada Azərbaycanın Sumqayıt şəhərinin adını daşıyan bir prospektin mövcud olması hər kəsi heyrətləndirib. Amma bəzi şəbəkə istifadəçiləri bunun doğru məlumat olmadığını iddia edib. 

Biz də Sherg.az- olaraq məsələnin doğru və ya yanlış olduğunu müəyyənləşdirmək üçün Almaniyanın Lüdviqshafen şəhəri ilə Azərbaycanın Sumqayıt şəhəri arasında əlaqələrin olub- olmadığını araşdırdıq. 

Aydın oldu ki, artıq 38 ildir ki, Sumqayıtı Almaniyanın Lüdviqshafen şəhəri ilə qardaşlıq əlaqələri birləşdirir. Şəhərlər arasında qardaşlaşma əsasən mədəni, iqtisadi, siyasi, təhsil, səhiyyə, ətraf aləmin mühafizəsi sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişafı ilə müşayiət olunur.

Xatırladaq ki, Almaniya ilə Sumqayıt şəhəri arasındakı dostluq əlaqələri Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 70-ci illərə təsadüf edir. Sumqayıt və Lüdviqshafen şəhərlərarası dostluq əlaqələrinin təməli 1977-ci ilin avqust ayında qoyulub. O, zaman Lüdviqshafen şəhərinin oberburqomistri doktor Lüdviq Verner Sumqayıt şəhərində olub, şəhərlərarası dostluq əlaqələrinin yaradılmasına dair danışıqlar aparıb və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə iki şəhər arasında saziş imzalanıb.