“Körpü banklar” bank sektorunu dirçəldə biləcəkmi? - İzah




"Körpü banklar”ın yaradılmasında əsas hədəf bank sahəsində radikal addımlar olmadan sağlamlaşdırmanın həyata keçirilməsidir”.

Bunu Sherg.az-a yaradılması nəzərdə tutulan "körpü banklar"ın mahiyyətindən danışarkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, hazırda bank və maliyyə sistemindəki mövcud vəziyyət ürəkaçan olmadığından belə bir layihəyə əla atılır:

"Rəsmi açıqlamalar da dəfələrlə bununla bağlı olub ki, problemli bankların sayı kifayət qədər çoxdur və bank sahəsində tədbirlərin sona çatdırılmasına imkan vermir. Çox güman ki, sağlamlaşdırma tədbirləri çərçivəsində atılacaq addımlardan biri də "körpü bank"ların qurulması və bununla da problemi bankların yerləşdirilməsinə, yaxud hər hansı formada aktivlərinin və passivlərinin konsolidasiya olunmasına xidmət edəcək. Ola bilər ki, bunlar hər hansı bankların birgə formada idarə olunmasına, problemlilərin və ya aktivlərin müəyyən olunacaq şəkildə bir-birinə ötürülməsi üçün alət olacaq körpü rolunu oynayan bank quruluşları olacaq. Əslində əsas hədəf dediyim kimi, problemli bankların bazarda sağlamlaşdırma tədbirlərinin güclənməsidir. Bunun radikal yolu ola bilərdi ki, bankların bağlanması üçün qərarlar verilərdi. Necə ki, belə vəziyyəti ötən il bankların bağlanması fonunda gördük. Amma görünən odur ki, həm MBNP, həm Mərkəzi Bank, həm də hökumət belə radikal addımlar atıb, birdəfəlik bir neçə bankın bağlanmasına qərar vermək istəmir. Çünki belə qərar verilsə, maliyyə və bank sektorunda vəziyyətlər daha da gərginləşə bilərdi. Həm depozitlərin geri çəkilməsi sürətlənə bilər və problemlərin artması baş verər”.

Bank sisteminin problemlərinin çox olduğunu diqqətə çatdıran N.Cəfərli deyib ki, "körpü banklar” maliyyə sahəsinə bir az nəfəs almağa imkan versə də, problemlərin kökündən həllini təmin etməyəcək:

"Bank sisteminin problemləri tək bunlar olsa idi, bəlkə də "körpü banklar”ın yaradılması dirçəlməni təmin edə bilərdi. Banklar verdikləri kreditləri yığa bilmirlər. Rəsmi rəqəmlərə görə problemli kreditlərin həcmi 9 faizi keçib. Amma bəzi beynəlxalq reytinq təşkilatların açıqladığı rəqəmlərə bu statistikada 25 faiz həcmində bu göstərilir. Yəni, verilmiş kreditlərin ¼-i qədər kreditlər artıq problemli hesab olunur. Bu da çox böyük rəqəmdir. Müqayisə üçün deyə bilərik ki, dünyada problemli kreditlərin həcmi 3 faizdən çox olduqda bu artıq bank sahəsində böyük problemlərin olduğuna işarədir.
İkinci problem ucuz kreditlərin olmamağıdır. Banklar uzun zamandır ki, kreditləşməni sıxıblar. Çünki faiz dərəcəsi çox yüksəkdir. Mərkəzi Bankın faiz dərəcəsi 15 faizdir. Xaricdən valyuta ilə vəsait cəlb etmək çətinləşir. Faizlər artır. Devalvasiyadan sonra manat ekvivalentində xeyli dərəcədə bahalaşıb. Bahalı kredit olduğu üçün banklar da həmin kreditləri, həm biznesə, həm də əhaliyə baha təklif edirlər. Bu da marağı xeyli dərəcədə aşağı salıb, kreditləşmə zəifləyib. Bu nöqteyi-nəzərdən Azərbaycan banklarının əsas problemi yüksək faiz və problemli kreditlərdir. Bu problemlər həll olunmasa, "körpü banklar” bank sisteminə elə də ciddi təsir etməyəcək”.

Qeyd edək ki, "körpü banklar”ın yaradılması haqqında bu gün Milli Məclisdə İnzibati Prosessual, Mülki Prosessual məcəllələrə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı danışıb. İnzibati Prosessual və Mülki Prosessual məcəllələrə dəyişikliklər gələcəkdə "Bank haqqında" qanuna müvafiq dəyişikliklər etməyə zəmin hazırlamaq üçün təqdim edilib və qanun layihələrində "körpü bank"ların yaradılmasını nəzərdə tutan qətnamə anlayışı əksini tapıb.

Aysel Aslan