“Fransa belə təkliflə çıxış edirsə, deməli..."




"Fransa belə təkliflə çıxış edirsə, deməli, müsbət amil müşahidə oluna bilər”.

Bunu Sherg.az-a Fransanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü öz ərazisində təşkil etmək təklifinə münasibət bildirərkən politoloq Fikrət Sadıqov deyib. 

O bildirib ki, görüş baş tutacağı təqdirdə danışıqların konkret gündəliyi olmalıdır:

"Gündəlikdə hansı məsələlərin durması isə indiyə qədər aydın deyil. Gündəlikdə gərək konkret məsələlər dayansın. Fransalı həmsədr bu məsələləri açıqlamadı.

Digər tərəfdən yaddan çıxarmaq lazım deyil ki, aprel ayında Fransada prezident seçkiləri baş tutacaq. Birmənalı şəkildə Fransua Ollandın hakimiyyətdə əvəzlənməsi baş verəcək. Onun əvəzinə tərəfdarlarından və ya ona müxalif olan namizədlərdən biri prezident kürsüsündə əyləşəcək. Bu məqamlar Azərbaycan və Ermənistan prezidentlərinin Fransada görüşməsi təklifinin həyata keçirilməsinə mane ola bilər. Yenə deyirəm, həmsədr dövlətin hansısa görüş təşkil etmək istəyi müsbət nəticə verə bilər”.

Qeyd edək ki, ATƏT Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti bu gün Xankəndidə həmsədrlərin separatçıların başçısı Bako Saakyanla görüşündə yüksək səviyyədə görüşün mümkünlüyünə dair suala cavab verib. Onun sözlərinə görə müvafiq şərait yarandıqda görüş baş tutacaq. Görüş Fransada keçirilə bilər.

Ayyət Əhməd