“Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir”
Bazar münasibətləri Azərbaycanda fəaliyyətdə olan sənaye sahələri və müəsissələrindən keyfiyyət problemlərinə dair yeni prinsipial yanaşmanın formalaşmasını tələb edir. Məhsulun yüksək keyfiyyətinin əldə edilməsi təkcə istehsalçı və istehlakçı üçün deyil, bütövlükdə ölkənin iqtisadiyyatı üçün çox mühüm faktordur.
Məhsulun, işin və xidmətin yüksək keyfiyyəti satış və rentabelliyi yüksəldir ki, bu da ölkənin ixrac potensialının artırılmasına səbəb olur. Nəticədə zəncirvari reaksiya ilə olkə vətəndaşlarının rifah halı və həyat səviyyəsi də yüksəlir. Odur ki, istehsal prosesinin müxtəlif səviyyələrində sistemli işlərin və tədbirlərin yerinə yetirilməsi ilə məsulun keyfiyyətinin yaxşılaşdırılmasını həyata keçirmək olduqca vacibdir.
Yüksək keyfiyyətli məhsul istehsalı yeni texnologiyanın tətbiqini tələb edir
Rəqabət qabiliyyətli məhsul istehsal etməyin yolları müxtəlifdir. Ümumi halda bu yol məhsulun keyfiyyətnin yüksəldilməsi və istehsal xərclərinin azaldılmasından keçir. Bu amil Ümumi Daxili Məhsulun formalaşmasının, ölkə büdcəsinin doldurulmasının əsas mənbələrindən sayılır. Sənaye müəssisəsinin səviyyəsinin yüksəldilməsi, rəqabət qabiliyyətli məhsul istehsalı elmin ən son nailiyyətlərindən istifadə edilməsini, yeni texnika və texnologiyanın istehsalata tətbiqini də şərtləndirir. Bu məsələlər bazar iqtisadi münasibətlərini seçmiş ölkələr, o cümlədən Azərbaycan üçün daha çox aktualdır. Yüksək keyfiyyətli məhsul istehsalı dünya bazarlarında yeni seqmentlərin əldə edilməsi deməkdir. Keyfiyyətli məhsul istehsalı isə bilavasitə ciddi nəzarət mexanizmi ilə bağlıdır. Müasir nəzarət vasitələri bir çox hallarda avtomatik vasitələrdir. Avtomatik nəzarət vasitəsi nəzarət əməliyyatını insanın iştirakı olmadan həyata keçirir. İnkişaf etmiş ölkələrdə bu sistem uğurlu nəticələr verməkdədir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturu xeyli təkmilləşib
Keyfiyyət infrastrukturunun inkişafı istiqamətində akkreditasiyanın rolu da çox mühümdür. Azərbaycanda keyfiyyət infrastrukturunun inkişafı və akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsi olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturu xeyli təkmilləşib. Görülən ardıcıl tədbirlər çərçivəsində Prezidentin 2012-ci il 4 aprel tarixli Fərmanı ilə Dövlət Akkreditasiya Xidməti yaradılıb. Məhz bundan sonra Xidmət tərəfindən beynəlxalq standartların tələbləri əsasında məhsul və xidmətlərin, idarəetmə sistemlərinin sınaq və kalibrləmə laboratoriyaları akkreditasiya olunub. Etalon bazasının genişləndirilməsi də ölkə iqtisadiyyatının keyfiyyətli və rəqabətə davamlı məhsul istehsalı baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda Dövlət Metrologiya Xidmətinin nəzdində müasir avadanlıqlarla təmin edilmiş kalibrləmə laboratoriyaları fəaliyyət göstərir. Yaxın zamanlarda qaz qarışıqlarının hazırlanması, qaz analizi, nəmlik, müqavimət, elektrik tutumu, həcm, yüksək gərginlik, optika, akustika və titrəmə, dalğa uzunluğu və s. etalon laboratoriyalarının yaradılması nəzərdə tutulur. Yerli məhsulların ixracında müasir standartların Azərbaycanda tətbiqi də vacib məsələlərdən hesab olunur. Bu gün ölkədə qüvvədə olan 941 milli standartdan 41faizi beynəlxalq standartlara uyğunlaşdırılıb.
Azərbaycan ixrac potensialı üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, sazişlər imzalayır
Milli məhsullarıın beynəlxalq bazara çıxarılmasına nail olmaq məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2008-ci ildən Avropa İttifaqı ölkələri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində Avropa İttifaqı və Ümumdünya Ticarət Təşkilatının Ticarətdə Texniki Maneələr Sazişinin tələblərinə və qaydalarına uyğun olan keyfiyyət infrastrukturu ilə bağlı qanunvericilik aktları hazırlanıb. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin bu təşkilatının tələblərinə uyğunlaşdırılması məqsədilə "Texniki tənzimləmə haqqında”, "Standartlaşdırma haqqında”, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihələri hazırlanıb. "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanun qəbul edilib. Həmin sənədlərin qəbulu Azərbaycanda istehsal olunan məhsulların beynəlxalq bazara və Avropa İttifaqının iqtisadi məkanına sərbəst daxil olması imkanlarını genişləndirib.
Ölkəmizin ixrac imkanları sürətlə genişlənir..
Beynəlxalq təşkilatlarda üzvlük və xarici qurumlarla əməkdaşlıq ölkəmizin xarici tərəfdaşlar qarşısında möhkəm etibar qazanması, yerli sahibkarların öz məhsullarını maneəsiz və operativ şəkildə xaricə çıxarması üçün vacib şərtdir. Beynəlxalq təşkilatlarda üzv qismində təmsil olunmaqla dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətləndirilməsinə yaxşı imkan yaranır. Azərbaycan metrologiya, texniki tənzimləmə və standartlaşdırma, kalibrləmə və ölçmə sahəsində onlarla beynəlxalq təşkilatın üzvüdür. Komitənin Təcrübə-Sınaq Mərkəzinin yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyası Almaniya Akkreditasiya Qurumu tərəfindən akkreditasiya olunub. Beləliklə, laboratoriyanın sınaq nəticələrinin Avropa Birliyi ölkələrində tanınması təmin edilib. Hazırda Dövlət Akkreditasiya Xidmətinin Avropa Əməkdaşlığı Təşkilatına assosiativ üzv olunması istiqamatində iş aparılır. Bundan başqa, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Standartlaşdırma Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir. Məhz bu əməkdaşlıq Azərbaycan məhsularının dünya bazarına çıxışını təmin edir.
"Made in Azerbaijan” brendi dünya bazarlarına çıxır..
Dövlət başçısının Fərmanı ilə xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və "Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı qaydalar təsdiqlənib. Qaydalarda yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent alması məsələləri öz əksini tapıb. "Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılan qeyri-neft məhsullarının keyfiyyət və qiymət sarıdan rəqabətqabiliyyətli olması qarşıda əsas məqsəd kimi qoyulub. Azərbaycan məhsulları ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən "Gulfood 2017” sərgisində "Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunub. Sərgi çərçivəsində Azərbaycanın "Azprotein” şirkəti ilə BƏƏ-nin "General Tradeing Company” şirkəti arasında Dubaya ət ixracına dair müqavilə imzalanıb. Bundan başqa, Azərbaycanın "Asico” şirkəti Küveytə meyvə-tərəvəz, "AHEC” şirkəti Misir, Əfqanıstan və Səudiyyə Ərəbistanına fındıq ixracına dair təkliflər alıb. "Astara tea” və "Kercom” isə Dubaya çay və bal ixracına dair ərəb şirkətləri ilə danışıqlara başlayıb. Dövlət başçısının tapşırığına uyğun olaraq Belarusun paytaxtı Minsk şəhərində "Azərbaycan Ticarət Evi” MMC yaradılıb. Prezident İlham Əliyev tərəfindən həmçinin böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıq sahələrinin genişləndirilməsi, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub.
"Yerli iş adamları öz məhsullarını təbliğ etməlidirlər”
İxracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi artıq tətbiq olunmaqdadır. İndiyədək bu mexanizm çərçivəsində şərab, pambıq ipliyindən məmulatlar, konservlər, sular, şirələr, fındıq və digər məhsullar üzrə Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və s. ölkələrə ixrac edilib. Ukraynada da belə ticarət evinin yaradılması, Rusiya və bir sıra digər ölkələrdə isə ticarət nümayəndələrinin fəaliyyəti nəzərdə tutulub. Ölkənin ixrac imkanlarının aşkar edilməsi və yeni bazarlara çıxmaq üçün əlavə şəraitin yaradılması məqəsədilə "www.export.az” portalı və İxracın və İnvestisiyaların Təşviqi Fondu yaradılıb. Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir. Prezident İlham Əliyevin 16 mart 2016-cı il tarixli sərəncamı ilə "Strateji yol xəritəsi”nin başlıca istiqamətləri də məhz bu məqsədi daşıyır. Məhz sözügedən strategiyada keyfiyyət infrastrukturu sahələrinin inkişafına yeni yanaşma Azərbaycan məhsullarının dünya bazarlarına çıxışı üçün etibarlı təminat yaradır. Saatlıda keçirilən müşavirədə Prezidentimiz bir daha vurğuladı ki, sahibkarlar özləri də fəal olmalı, yeni bazarlara çıxmalıdırlar: "Azərbaycan dövləti bunu təşkil edir, biznes-forumlar keçirilir, Ancaq iş adamları da öz məhsullarını təbliğ etməlidirlər. Çalışmalıdırlar ki, bu imkandan istifadə edib öz məhsullarını daha çox xarici bazarlara satsınlar”.
"İxrac olunan ölkələrin qanunlarının mənimsənilməsinə ehtiyac var”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişilinin sözlərinə görə, Azərbaycanda aparılan iqtisadi islahatların mühüm istiqamətlərindən biri ixrac potensialının artırılması və ixraca yönəlik sahələrin inkişafıdır: "İxrac fəaliyyətinin əsas hissəsi xarici bazarlara çıxış, bazar araşdırmaları, xarici bazarlarda milli sahibkarların maraqlarının qorunması və ticarət maneələrinin aşılmasıdır. Bu baxımdan, Prezidentin müvafiq Fərmanı ilə xaricdə Azərbaycanın ticarət nümayəndələrinin təyin edilməsi yaradılacaq güclü ixrac potensialının reallaşmasına hesablanıb. Xarici bazarlarda çox güclü rəqabət var. Azərbaycan ixracatçılarının bu rəqabətdə rəqiblərinə qalib gəlməsi üçün bir tərəfdən keyfiyyətli məhsul istehsal etməsi tələb olunursa, digər tərəfdən də güclü marketinq və təbliğat işlərinin aparılması, ixrac olunan ölkələrin qanunlarının mənimsənilməsinə ehtiyac var. Ticarət nümayəndələri bütün bu məsələlərdə milli ixracatçıların maraqlarını qoruyaraq ümumilikdə ölkənin iqtisadi maraqlarını təmin edəcəklər”.
İqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, ölkəmizin iqtisadiyyatının yeni ixrac imkanları araşdırılmalı və bu sahədə mövcud olan potensialdan tam istifadə edilməlidir:
"Hər hansı bir ölkə kənardan nəsə alıb-satmasa, yaşaya bilməz. Azərbaycanda çox böyük ixrac potensialı var. Lakin bunu reallaşdırmaq lazımdır. Bu və ya digər sahədə istehsal imkanlarının yaradılması məsələnin birinci şərtidir. Həmin istehsalın nəticələrinin realizasiyası istiqamətində ciddi addımlar atılmalıdır. Məhsullarımız təbliğ olunmalı, reklam edilməli, bazarlarda daha rahat şəkildə satılmalıdır”.
Azərbaycanda keyfiyyətli qeyri-neft məhsullarının istehsalı və ixracı üçün böyük potensial var
Vurğulamaq lazımdır ki, uğurla həyata keçirilən islahatların nəticəsi olaraq, son illərdə Azərbaycanda yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilib. Ölkədə rəqabətə davamlı məhsulların istehsalını artırmaq məqsədi ilə hazırda sənaye parklarının və məhəllələrin təşkili işləri uğurla davam etdirilir. Azərbaycanda rəqabətə davamlı, keyfiyyətli qeyri-neft məhsullarının istehsalı və ixracı üçün böyük potensial var. Dəstəkləyici sektorların inkişaf strategiyasının düzgün müəyyən edilməsi, iqtisadi artımın dayanıqlılığının təmin edilməsi əsas məqsədlərdəndir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin müəyyən edilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Ölkəmizin müxtəlif yerlərində yaradılan sənaye parkları, istixanalar bol məhsulun yetişdirilməsində böyük rol oynayırlar. Dövlət gələcəkdə həm daxili tələbatın yerli istehsalla təmin edilməsi, eyni zamanda çox böyük ixrac imkanlarının yaranması üçün kənd təsərrüfatının, sənaye potensialının inkişafını təmin edir. Dövlətin dəstəyilə həyata keçiriləcək bu tədbirlərdən sonra Azərbaycanın istehsal etdiyi məhsullar ayrı-ayrı dövlətlərin əmtəələri ilə rəqabətə girəcək, "Made in Azerbaijan” brendi dünya bazarlarında xüsusi yer tutacaq. Nəticədə Azərbaycanda qeyri-neft sektorunun inkişafı sürətlənəcək, ölkəmizə əlavə valyuta daxil olacaq, yeni iş yerləri açılacaq. Bu da Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin məntiqi nəticəsi olan qeyri-neft sektorunun inkişafı hesabına mümkün olacaq.
İsmayıl Qocayev
Yazı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür