Kreml sülh çağırışı səsləndirir

Qarabağın həllində yalnız üç məqam razılaşdırılmayıb
Söhbət azad ediləcək rayonların sayından, Dağlıq Qarabağın statusundan və sülhməramlı qüvvələrdən gedir

"Həmsədrlərin vasitəçiliyi ilə rəsmi Bakı və İrəvan münaqişənin həlli istiqamətində mövqelərini əhəmiyyətli dərəcədə yaxınlaşdırıb”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Rusiya XİN başçısı bəyan edib ki, Moskva regiona sülhün qayıtmasında, iqtisadi əlaqələrin bərpasında səmimi olaraq maraqlıdır: "Bunün üçün əlimizdən gələn hər şeyi edirik. Həm fərdi, həm də Fransa və ABŞ-la birgə həmsədrlik missiyamızı yerinə yetiririk. Həmsədrlərin vasitəçiliyi ilə münaqişənin həlli üzrə baza prinsipləri artıq razılaşdırılıb”. Eyni zamanda Lavrov vurğulayıb ki, Azərbaycan və Ermənistan göstərilən baza prinsiplərinin həyata keçirilməsi ardıcıllığını fərqli formada görür: "Əsas məsələ tərəflərə balanslı həll yolunu tapmaqda yardım etməkdir. Hesab edirik ki, Bakı və İrəvan komromisə getməyə hazır olduqlarını nümayiş etdirə biləcəklər.
Xatırladaq ki, bir müddət öncə Lavrov münaqişənin həlli ilə bağlı danışarkən xeyli məqamların razılaşdırıldığını, sadəcə bir-iki çətin məsələnin qaldığını demişdi. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, rəsmi Bakı münaqişənin danışıqlar yolu ilə beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarı olsa da, Ermənistan müxtəlif bəhanələrlə prosesin davam etdirilməsindən qaçır.

Rusiya XİN rəhbərinin açıqlamaları ilə bağlı "Şərq”ə fikirlərini bölüşən siyasi ekspert Elçin Mirzəbəyli deyib ki, Lavrovun açıqlamalarında bir neçə məqam diqqət çəkir: 

"O bəyan edir ki, danışıqlar masasında sadəcə iki-üç məqam razılaşdırılmayıb. Daha öncə amerikalı həmsədr də buna bənzər fikirlər səsləndirmişdi. Əslində söhbət fundamental sayılan iki-üç məqamdan gedir. Düzdür, vasitəçilər konkret hansı məsələlərin qaldığını açıqlamırlar. Lakin mahiyyət etibarı ilə aydın olur ki, söhbət ilkin olaraq azad ediləcək rayonların sayından, Dağlıq Qarabağın statusundan və sülhməramlı qüvvələrdən gedir. Danışıqların canı bu məqamlardadır. Digər məsələlər təfərrüatlardır. Əgər bu məsələlərdə ortaq razılığın əldə edilməsi mümkün olmayıbsa, hansısa yaxınlaşmadan söhbət gedə bilməz. İndiki şəraitdə danışıqlarda pozitiv məqamlar gözə dəymir. Zənnimcə, Lavrov bütövlükdə Minsk prosesi və öz təşəbbüsləri fonunda bu cür açıqlamalar verir. Yəni bir növ danışıqlar prosesinə dinamika verməyə çalışır. Ancaq onun bəyanatlarına Azərbaycan tərəfindən rəsmi münasibət bildirilib. Dövlətimizin həssas məqamlarla bağlı fundamental və dəyişməz mövqeyi ortadadır. Azərbaycan Prezidenti İlham Əliyev aprel savaşının ildönümü ilə bağlı görüşdə növbəti dəfə bəyan etdi ki, heç bir halda Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Bu məsələ ölkəmiz üçün prioritet olaraq qalmaqdadır. Belə məqamda manipulyativ davranışların mənası yoxdur. İndiki şəraitdə məhz Ermənistanın danışıqlar masası arxasına oturub konkret fikirlər əsasında müzakirə aparmasına, öz mövqeyini dəyişməsinə ehtiyac var”. 

Ekspertə görə, Ermənistanda keçirilən parlament seçkilərindən sonra erməni Milli Konqresinin rəhbəri və keçmiş prezident Levon Ter-Petrosyanın açıqlamalarında maraqlı məqamlar yer alıb: 

"Petrosyan münaqişənin həlli prosesində birbaşa Ermənistanı tənqid edib və bildirib ki, "Azərbaycan ərazilərinin işğal edilməsi faktı beynəlxalq hüquq tərəfindən tanınıb. O baxımdan biz beynəlxalq təşkilatların təzyiqləri ilə qarşı-qarşıya qalmışıq”.

İsmayıl