Rusiyada Ümumrusiya Azərbaycan Konqresi niyə ləğv edilir?

“Bu addımın arxasında ölkənin müxtəlif siyasi dairələri və erməni lobbisi dayanır”


Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Komitə hesab edir ki, Konqresin ləğvi xalqlar arasında qarşılıqlı etimada əsaslanan çoxəsrlik dostluq ənənələrinin, habelə Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir.
Bu addım münasibətlərin inkişafında maraqlı olmayan qüvvələrin mənafelərinə xidmət edə bilər: "Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə ulu öndər Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılıb. Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatıdır. Qurumun Rusiyanın 80-dən çox bölgəsində şöbələri var”. Komitə bildirib ki, Konqres Rusiyanın qanunları çərçivəsində fəaliyyət göstərir, ölkədə mövcud olan dini və etnik tolerantlığın möhkəmlənməsinə, millətlərarası dostluğun, mədəniyyətlərarası dialoqun dərinləşməsinə öz töhfəsini verir: "Zəruri məqamlarda isə iqtisadi tərəqqinin, ictimai-siyasi sabitliyin tərəfdarı kimi prinsipial və ardıcıl mövqe nümayiş etdirir. Azərbaycan ictimaiyyəti ümid edir ki, Rusiyanın müvafiq qurumları obyektiv, ədalətli, iki ölkənin milli maraqlarına uyğun qərar qəbul edəcək və ÜAK-ın uğurla fəaliyyətinə imkan yaradacaq”.

Müraciətlə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli bunun biabırçılıq olduğunu deyib. Ekspertin fikrincə, Rusiyanın Ədliyyə Nazirliyi böyük bir haqsızlığa imza atıb: 

"Konqres ictimai-siyasi təşkilatdır və Rusiya qanunvericiliyinə uyğun fəaliyyət göstərir. Qurumun əsas vəzifəsi Rusiyada yaşayan azərbaycanlıların mədəni-ictimai hüquqlarını qorumaqdan ibarətdir. Onun nizamnaməsi Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilib. Əgər nizamnamədən kənara çıxma halı olubsa, o zaman təşkilata xəbərdarlıq edilməlidir. Bir neçə xəbərdarlıqdan sonra təşkilatın fəaliyyətinə xitam verilə bilər. Amma Konqresə indiyədək heç bir xəbərdarlıq edilməyib, hansısa qanun pozuntusu barədə məlumat verilməyib. Görünür, Rusiya tərəfi Azərbaycanla münasibətləri gərginləşdirmək istəyir. Fikrimcə, bu addımın arxasında ölkənin müxtəlif siyasi dairələri və erməni lobbisi dayanır. Ermənilərin Rusiyada bir neçə diaspora təşkilatı var. Onların fəaliyyətinə geniş imkan yaradılır və istənilən hərəkətlərinə göz yumulur”. 

Politoloq bildirib ki, Azərbaycanda rus icmasını təmsil edən təşkilat var. Dövlət tərəfindən xüsusi yer ayrılan icmanın sədri Mixail Zabelin həm də Milli Məclisin deputatıdır: 

"Yəni ölkəmizdə rusların ictimai-siyasi fəaliyyətinə hər cür fəaliyyət yaradılır. Amma Rusiyadakı diaspora təşkilatımız öz vəsaiti hesabına məkan tutublar. Biz ölkəmizdəki 140 min rus icmasına necə münasibət göstəririksə, Moskva hökuməti də Rusiyadakı milyona yaxın azərbaycanlıya eyni mövqedən yanaşmalıdır. İzah edilməsi çətin olan və hüquq normalarına sığmayan məsələdir. Bir Azərbaycan vətəndaşı kimi bunları pisləyirəm və Rusiyanı qanunlara riayət etməyə çağırıram”.

İsmayıl