3 milyon insana rüşvət verilib
Ermənistanın tarixində belə biabırçı seçki keçirilməyib
Xəbər verdiyimiz kimi, Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəicələrinə görə, hakim Respublika Partiyası "qalib” hesab olunub. Seçki prosesini izləyən yerli və beynəlxalq müşahidəçilər isə tamamilə əks fikirdədirlər. Müşahidəçilərin qənaətinə görə, parlament seçkiləri kütləvi saxtakarlıqla müşahidə olunub. Ermənistan polisinə ölkədə keçirilən parlament seçkilərində qayda pozuntuları ilə bağlı 540 müraciət daxil olub. 6 faktla bağlı cinayət işinin qaldırılmasından imtina edilib. Mediada və sosial şəbəkələrdə yayılan foto və video materiallar deməyə əsas verir ki, Sarkisyan rejimi seçkilərdə ehtimal onunan saxtakarlıqları ört-basdır etmək üçün nə qədər ciddi hazırlıq işləri aparsa da, reallığın ictimaiyyətə sızmasının qarşısını almağa nail ola bilməyib.
Elə ilk saxtakarlıq faktı işğalçı ölkənin prezidenti Serj Sarkisyandan gəlib. Belə ki, səsvermə prosesində quraşdırılan cihaz cinayətkar rejimin rəhbərinin şəxsiyyət vəsiqəsini tanımayıb. Şəxsiyyət vəsiqəsinin saxta olduğunu xatırlayan Sarkisyan dərhal cibindən ikinci vəsiqəni çıxararaq, seçki komissiyasına təqdim edir. İndi təsəvvür edin ki, cibində saxta şəxsiyyət vəsiqəsi gəzdirən dövlət başçısının rəhbərliyi ilə hansı əsasla seçkilərin demokratikliyindən danışmaq olar?
Ermənistan tarixində "ən bahalı” seçki...
Parlament seçkilərindən sonra, hakim Sarkisyan partiyası yeni "bazarlar” formalaşdırmağa başlayıb. Ermənistan Təhlükəsizlik Xidməti bütün təşkilatlardan alınmış məlumatları cəmləşdirməklə seçki prosesi zamanı ən azı 3 milyon insana rüşvət paylandığını bildirib. Seçkiləri Ermənistan tarixində "ən bahalı” seçkilər kimi qiymətləndiriblər. Seçki məntəqələrində səslərin hesablanmasından sonra, Ermənistan dövlət orqanının belə bir açıqlama verməsi bir çox namizədlər arasında çaxnaşma yaradıb. Seçkidən sonra, Sarkisyanın öz partiyası daxilində namizədlərinə "xəyanət etməsi” partiya daxilində növbəti dəyişikliklərin aparılacağını göstərir.
Avropa Birliyi: "Ermənistanda seçicilərə təzyiqlər edilib”
Avropa Birliyi Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda seçkilərdə texniki problemlərin olması ilə yanaşı, seçicilərə təzyiq halları, səslərin qanunsuz toplanması xüsusilə vurğulanıb: "Səslərin toplanması, dövlət qulluqçuları və özəl sektor işçilərinə qarşı təzyiqlərin aparılması, seçkilərdə ictimai inamın etimadsızlığının dərinləşməsinə gətirib çıxardı”. Bəyanat AB-nin adı açıqlanmayan təmsilçisinin adından erməni KİV-lərində dərc olunub.
ATƏT Ermənistandakı seçkiləri sərt tənqid edib
ATƏT də düşmən ölkədə keçirilən parlament seçkisini tənqid edib. Təşkilat bildirib ki, Ermənistanda seçicilərin səslərinin satın alınması, dövlət qulluqçularına təzyiq və partiyaların nümayəndələri tərəfindən seçki prosesinə müdaxilə halları qeydə alınıb. Müvafiq nəticələr ATƏT-in ilkin hesabatında təqdim edilib: "Dövlət qulluqçularına, o cümlədən məktəb və xəstəxanalarda çalışanlara təzyiqlər, habelə müəyyən partiyanın lehinə səs toplamaq məqsədi ilə seçicilərə hədə-qorxu gəlinməsi barədə informasiya var. Bu da seçki prosesinə qarşı ümumi narazılıq doğurub”. "İnterfaks” agentliyi də xəbər verib ki, yerli "Vətəndaş müşahidəçi” təşəbbüsünün nümayəndələri seçkilərdə bir sıra pozuntu halları qeydə alıblar. Söhbət texniki vasitələrin nasazlığından, insanların bir yerə toplaşmasından, səsvermə sirrinin pozulmasından, seçkiqabağı rüşvət verilməsi hallarından gedir.
Müşahidəçilərin bəyanatında vurğulanıb ki, seçki prosesində yeniliklərin seçicinin etimadını bərpa edəcəyi ilə bağlı gözləntilərə baxmayaraq, bu, baş verməyib: "Bizim seçkilərin vətəndaşların iradəsini sərbəst ifadə etmələrini şübhə altına almaq üçün ciddi əsaslarımız var”.
"Ermənistanda iqtisadi böhran və korrupsiya davam edəcək”
ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib ki, Ermənistanda keçirilən parlament seçkiləri zamanı çoxlu sayda təşkilati problemlər, nəticələrin saxtalaşdırılması məqsədilə səsvermə prosesinə qanunsuz müdaxilə faktları müşahidə edilib. Ekspertin sözlərinə görə, Serj Sarkisyanın partiyasının qələbəsi Ermənistanda böhranlı iqtisadi vəziyyətin, eləcə də korrupsiyanın davam edəcəyini ifadə edir: "Ölkəyə yenidən Sarkisyan rəhbərlik edəcək. Ona görə də Ermənistanın xarici siyasətində sağlam yanaşma gözləməyə dəyməz. Bundan başqa, yaxın zamanlarda Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində əvvəlki kimi atəşkəsin pozulması halları davam edəcək”.
"Ermənistanda demokratik seçki obrazını yaratmaq cəhdi baş tutmadı”
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Ermənistanda keçirilən parlament seçkiləri seçki adını daşımağa layiq deyil: "Ermənistanda demokratik seçkilərin keçirilməsi obrazını yaratmaq cəhdi baş tutmadı. Çünki düşmən ölkədə real, xalqın fikrini əks etdirən seçkilərin keçirilməsi mümkün deyil. Beynəlxalq səviyyədə bu məsələ çox ciddi müzakirə olunacaq. Seçki saxtakarlığı ilə bağlı yol verilmiş digər qanun pozuntuları da bu yaxınlarda üzə çıxacaq, bununla bağlı müzakirələr aparılacaq”.
"Seçkilərin saxtalaşdırılacağı ilə bağlı proqnozlar özünü doğrultdu”
Millət vəkili Elman Nəsirov da deyib ki, seçki öncəsi verilən proqnozlar özünü təsdiqlədi. Proqnozların əsas mahiyyəti ondan ibarət idi ki, seçkilər total saxtakarlıqla müşayiət olunacaq: "Sarkisyan və onun rəhbəri olduğu hakim Respublika Partiyasının heç bir halda seçkilərin obyektiv, ədalətli, demokratik və şəffaf keçirilməsinə imkan verməyəcəyi bəlli idi. Ermənistanda dəyişikliklərin edilməsinin lehinə mövqe bildirən, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində yeni yanaşmanı müdafiə edən, torpaqların azad edilməsini Ermənistanın gələcəyinin ən mühüm elementi sayan qüvvələr seçki saxtakarlığı ilə məğlub edildilər. Sarkisyan 2008-ci ildə saxtakarlıqla necə hakimiyyətə gəlmişdisə, indi də həmin üsulu tətbiq etdi. Ermənistanda hadisələr bundan sonra ən mürəkkəb ssenari üzrə inkişaf edə bilər və qarşıda ölkədə çox ciddi siyasi kataklizmlərin olacağını indidən söyləmək mümkündür. Ermənistanda yeni etiraz dalğalarının başlanacağı ehtimalı kifayət qədər böyükdür. Bu nöqteyi-nəzərdən Sarkisyanın partiyasının bu seçkilərdəki qələbəsini "taktiki qələbə” kimi qiymətləndirmək olar. Amma strateji baxımdan seçkilər Ermənistanın mövqelərinin daha da zəifləməsinə və ölkədə müxalifətin sıralarının genişlənməsinə gətirib çıxaracaq. Biz Ermənistanda gərgin siyasi mübarizənin şahidi olacağıq”.
İsmayıl