Azərbaycanda narkomaniya niyə artıb? - Səbəb və çıxış yolu
Aydınxan Əbilov: "Bu və digər vaxtlarda müxtəlif statistik məlumatlar səslənir, amma onlara nəzər saldıqda müşahidə edirik ki, 10-100 qat daha çoxdur"
"Mentalitetimizə görə, insanlar öz xəstəliklərini, pis vərdişlərini, hətta yaxınlarının bu "keyfiyyətlərini” heç vaxt ictimailəşdirmirlər”.
Bunu Sherg.az-a Azərbaycanda narkomanların sayının 29 minə çatmasına münasibət bildirərkən kulturoloq Aydınxan Əbilov deyib.
O bildirib ki, səhiyyə və qeydiyyat orqanlarında narkotik vasitələrdən istifadəyə görə qeydiyyatdan keçənlərin sayı reallıqdan daha azdır:
"Biz nə qədər bildirsək də, bu günə qədər Azərbaycanda narkomanların, narkotik vasitələrdən istifadə edən şəxslərin dəqiq statistikasını deyə bilmərik. Bu və digər vaxtlarda müxtəlif statistik məlumatlar səslənir, amma onlara nəzər saldıqda müşahidə edirik ki, 10-100 qat daha çoxdur. Azərbaycanda ictimai mühit, sərhədlərimizin dünyaya açılması, tranzit yollarının buradan keçməsi narkomaniyanın Azərbaycanda artmasına səbəb olur. Düzdür, dövlətimiz bununla bağlı güclü mübarizə aparır, leqal və qeyri-leqal narkotik vasitələrin, uyuşdurucu komponentləri olan dərmanların Azərbaycanda satışı ilə bağlı mübarizə davm etdirilir. Bunun nəticəsi olaraq Azərbaycanda narkotik maddə istifadəçilərinin sayı azalıb. Üstəlik sağlam həyat tərzi, idmana verilən dəyər Azərbaycan gənclərinin nəinki narkotik, hətta zərərli vərdişlərdən, alkaqol və siqaretdən uzaqlaşmasına gətirib çıxarıb. Bu o demək deyil ki, bizdə narkomanlar yoxdur".
A.Əbilov narkomanları qruplara bölüb:
"İlk olaraq doğrudan narkotik vasitələrin aludəçiləri. İkinci, narkobaronların toruna düşmüş insanlar. Üçüncü, yüksək səviyyəli, varlı ailələrin övladları özlərinə başqa əyləncə, zövqverici vasitə tapa bilmədiklərinə görə narkotikə qurşanmış şəxslər, var-dövlətdən harınlamış insanlar.
Dördüncü, nə qədər qəribə gəlsə də, çox yüksək dozalı komponentləri olan dərmanlardan istifadə edən, əsasən sağlam görünən xəstə insanlar. Bu hər kəsin yaxınları, yaşlılar ola bilər. Çox yüksək dozalı dərmanlar qəbul edən zaman həmin dərmanların təsiri ilə istər-istəməz faktiki narkomana çevrilirlər. Azərbaycanda bununla bağlı məlumatlar yoxdur. Poliklinikalara müraciət edən xəstələrin sayına görə deyə bilərik ki, çox insan bu və ya digər səbəbdən narkotik tərkibli dərmanlardan asılılığa düşüblər və onlar bunu qəbul etməyəndə pisləşirlər. Növbəti kateqoriya isə gənclərin, yeniyetmə və uşaqların istifadə etdiyi, artıq bəla səviyyəsinə çevrilmiş apteklərdə satılan müxtəlif narkotik tərkibli dərmanların istifadəsidir. Sonuncu, yapışkan və insanlarda beyin dəyişikliyinə, həzzə aparan yapışqan maddələrini iyiləmədir. Bütün bu problemlər həm həmin şəxslərin yaxınlarına həm də dövlətə qarşı böyük problemə çevrilib. Çünki hər bir narkoman potensial xəstəyə çevrilir. Onlar əksər vaxtlarda qanunları pozur, cinayət törədirlər. Başqa insanları da öz sıralarına qoşurlar. Cinayətlərin əksəriyyəti də məhz narkomanlar tərəfindən törədilir. Ölüm hadisələri, quldurluq, evlərin talan olunması və ya oğurluq kimi cinayətlərin səbəblərini araşdıranda məlum olur ki, onların əksəriyyəti narkotik vasitələri almaq üçün pul qazanmaq istəyən insanlar tərəfindən törədilir”.
A.Əbilov əlavə edib ki, narkomanlar sonradan xəstəxanalarda əksərən dövlət tərəfindən müalicə olunurlar və bu müddütdə onların yaşayış minimumu təmin edilir:
"Narkomaniya ilə nə qədər mübarizə aparılır, bunun aradan qaldırılması üçün müxtəlif ölkələr təkliflər səsləndirir. Məsələn, qonşu Gürcüstanda narkotiklərin öz şəxsi istifadə üçün leqallaşdırılması parlament səviyyəsində müzakirə edilib. Daha çox milli mənəvi məsələləri qabartmaqla insanlarda psixoloji gərginliyi arada qaldıran siyasətin aparılması, televiziyada, sosial çarxlarda, mətbuatda narkomaniya ilə mübarizənin vacibliyinin aktuallaşdırılması lazımdır”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29.448 nəfər qeydiyyatda olub. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatına görə narkomanlardan 24.056 nəfəri dispanser, 5.392 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 18 yaşa qədər 5 nəfər, 612 nəfəri qadın, 183 nəfəri toksikoman, 20.576 nəfəri (459 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2016-cı ildə 2.142 nəfər yeni qeydiyyata götürülüb, 1.249 nəfər isə qeydiyyatdan çıxarılıb.
Ayyət Əhməd