Türkiyə parlamenti Xocalıya dair rəsmi qərar qəbul etməyib - Deputat




"İndiyə qədər Türkiyənin paytaxtı Ankarada, başqa şəhərlərdə çoxsaylı Xocalı soyqırımı, Dağlıq Qarabağla bağlı irili-xırdalı abidələr, parklar salınıb, küçə adları verilib”.

Bunu Sherg.az-a Türkiyədə "Qarabağ” parkının salınmasına münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib. 

O bildirib ki, Türkiyə Böyük Millət Məclisi hələlik Xocalı soyqırımı ilə bağlı rəsmi qərar qəbul etməyib, amma bir neçə dəfə TBMM-də bununla bağlı əlavə qərarlar qəbul olunub:

"20-dən çox Türkiyə bələdiyyəsində Xocalı soyqırımının tanınması haqqında qərarlar verilib. Bu ondan xəbər verir ki, Türkiyə və Azərbaycan iki qardaş dövlətdir. Türkiyə bizim 1 nömrəli tərəfdaşımızdır. Səsimizi, sözümüzü dünyaya çatdıran dövlətdir. Qarabağ probleminin həlli üçün Türkiyə müəyyən addımlar atır. Beynəlxalq qurumlarda, tədbirlərdə də Türkiyə rəsmiləri tərəfindən dəstək verilir. Bu, bir daha təsdiq edir ki, Dağlıq Qarabağ probleminin həllində Türkiyə bizimlə həmfikirdir və hər zaman yardımçımızdır. Referendumdan bir neçə gün öncə, çox böyük bir toplantıda Rəcəb Tayyib Ərdoğan fikir səsləndirdi ki, Türkiyə sərhədlərinin təhlükəsizliyinin təminatının bir hissəsi də Qafqazdan keçir. Prezident xüsusilə, Cənubi Qafqazı vurğulayıb, bununla erməniləri təşvişə salan bir xəbərdarlıq, mesaj verdi. Qardaş Türkiyənin və başqa dövlətlərin yardımı ilə Azərbaycan torpaqlarını işğaldan azad edəcək. Türkiyənin regionda olan gücü, nüfuzu, Türkiyə-Rusiya yaxınlaşması, Türkiyə-Azərbaycan-Rusiya üçlüyü, İranın da məsələyə daxil olması bizim bir nömrəli problemimiz Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək olan məqamlardır”.

Qeyd edək ki, 20 gün ərzində Pursaklar Bələdiyyəsi tərəfindən salınan "Qarabağ” parkı Azərbaycan və Türkiyə arasında dostluq əlaqələrini möhkəmləndirmək məqsədi daşıyır.

Aysel Aslan