"Orda kabab çəkilir, spirtli içki içilir" - Şəhidlərimiz təhqir olunur






Mingəçevir şəhərinin mərkəzi hissəsində yerləşən Şəhidlər Xiyabanının yaxınlığında kafe-restoranın fəaliyyət göstərməsindən yerli sakinlər narazıdır. Şəhər sakinləri narazılıqlarını bakipost.az xəbər portalına ünvanladıqları müraciətdə bildiriblər. Sakinlər qeyd edir ki, Şəhidlər Xiyabanının bir addımlığında kafe-restoran açılıb. 

Müştərilər yeyib-içir, musiqiyə qulaq asır, gülüşürlər. Hətta dəfn mərasimləri zamanı da kafedən səs-küy, musiqi sədaları gəlir. Belə vəziyyət birmənalı şəkildə şəhidlərin ruhuna hörmətsizlikdir.

Mingəçevin rayon icra başçısının köməkçisi Kamran Məhərrəmov isə açıqlama verərək Şəhidlər Xiyabanının yanında sadəcə, çay evinin olduğunu deyib və əlavə edib: «Mən də deyilən ərazi tərəfdə yaşayıram. Orada restoran yoxdur. Şəhidlər Xiyabanının arxasında çayçı var. Orada da şəhidlərin xatirəsinə hər hansı hörmətsizlik yoxdur».

Məsələ ilə əlaqədar bağlı Qarabağ Qaziləri İctimai Birliyi ilə əlaqə saxladıq. Birliyin sədri Etimad Əsədov yerli sakinlərdən bir neçəsi ilə əlaqə yaradıb vəziyyətlə bağlı araşdırma apardıqlarını və məlumat əldə etdiklərini dedi:

- Tanıdığımız bir neçə şəxslə danışdıq, yazılan faktların doğru olduğunu söylədilər. Bildirdilər ki, həqiqətən də Şəhidlər Xiyabanına bitişik ərazidə kafe-restoran fəaliyyət göstərir. Hasarın bir üzü Şəhidlər Xiyabanıdır, o biri üzü kafe-restoran. Orda çay da verilir, yemək də, spirtli içki də. Kabab da çəkilir. Canlı musiqi olmasa da, kasetlər qoyulur, musiqiyə qulaq asılır. Yəni, hər cür dəfə-daraqla birlikdə əsl restorandır. Şəhid ailələri 5-6 ay öncə bununla bağlı əraziyə toplaşıb narazılıqlarını bildiriblər. Şəhid ailələrini arxayın edib yola salıblar ki, restoranın fəaliyyəti dayandarılıcaq. Amma vəziyyət dəyişməyib. Yəni, şəhid ailələrinin, yerli sakinlərin narazılığı birinci dəfə deyil. Zaman-zaman etirazlar olub bununla bağlı. Ancaq icra hakimiyyəti heç bir ölçü götürməyib.

E.Əsədov şəhid ailələrinin narazılıqlarında haqlı olduğunu dedi:

- Ümumiyyətlə, məzarlıqlara yaxın ərazilərdə hər hansı icitmai-iaşə obyektinin fəaliyyət göstərməsi düzgün deyil. Şəhidlər Xiyabanına bitişik ərazidə kafe-restoranın fəaliyyət göstərməsi isə əlbəttə, qəbulolunmazdır. Bu, şəhidlərin ruhuna nəinki hörmətsizlikdir, hətta açıq-aşkar təhqirdir. Bir yerdə ki Vətən uğrunda şəhid olmuş övladlarımız uyuyur, ora kimlərinsə gəlib yeyib-içib keflənmələri, badə qaldırıb tost demələri, gülüşüb-qəhqəhə çəkmələri necə uyğun gələ bilər? Tutalım, lap restoran deyil, kafedir. Kafedə əyləşənlər çay içib, domino oynayır, anekdot danışıb gülüşür. İstər kafe olsun, istər restoran, heç bir halda şəhid məzarlığı ilə mütənasiblik təşkil edə bilməz. Bunlar fərqli məsələlərdir. Mingəçevir rayon icra hakimiyyəti buna imkan verməməliydi. Olmazmı ki, Şəhidlər Xiyabanının ətrafı park olsun, yaşıllıqlar salınsın, insanlar da əyləşib dincəlsinlər?!. Elə gərək kafe-restoran olsun ki, kababın iyi ətrafa yayılsın?!. Aprel hadisələrinin ildönümü, ordumuzun uğurlu döyüş əməliyyatları, Aprel şəhidlərinin anıldığı bu günlərdə Mingəçevirdə Şəhidlər Xiyabanı ilə bağlı yaşanan bu durum qətiyyən yolverilməzdir. Azərbaycan dövlətinin şəhidlərlə bağlı yürütdüyü siyasətə də kölgə salır.

Məlahət Rzayeva