"Azərbaycan artıq konkret nəticələr gözləyir" - Deputat




"Danışıqların aktiv fazaya qədəm qoyması Azərbaycanın maraqlarına xidmət edir”.

Bunu Sherg.az-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın "Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tuta bilər" bəyanatını dəyərləndirərkən Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. 

O qeyd edib ki, həmsədrlər və beynəlxalq ictimaiyyət də problemin sülh yolu ilə həll olunmasında maraqlı olduqlarını bildirir:

"Belə olanda sülh yolu ilə həll üçün yeganə şərt danışıqlardır. Biz bilirik ki, aprel döyüşlərindən sonra danışıqlar bir müddət aktivləşdi. Sonra isə Ermənistan ümumiyyətlə danışıqlardan imtina etməyə cəhd göstərdi. Amma Azərbaycanın diplomatik fəallığı yenidən Ermənistanı danışıqlar masasına gəlməyə məcbur edib.
Rusiya bizim yaxın qonşumuzdur. Biz bilirik ki, Ermənistana təsir imkanları və hərbi siyasi mexanizmləri kifayət qədərdir. Düşünürəm ki, belə bir təklifin Rusiyadan gəlməsi yaxşı təşəbbüsdür. Amma danışıqlar uzun illərdir aparılır. Azərbaycan artıq konkret nəticələr gözləyir. Artıq hamı dərk edir ki, münaqişə çox uzandı, regionda sülhün olması vacibdir. Eyni zamanda hamı bir reallığı dərk etdi ki, bu, dondurulmuş münaqişə hesab edilə bilməz. Düşünürəm ki, Rusiyanın təşəbbüsü yaxşıdır.

Seçkilərdən sonra Ermənistanda olan ictimai əhval-ruhiyyənin böyük hissəsi də Azərbaycan torpaqlarının işğalda saxlanmasınının doğru hesab edilməməsindən xəbər verir. Bu rəy də nəzərə alınmalıdır. Ona görə də, S.Sarkisyanın hərbi-siyasi xunta rejimi bunu diqqətə alsa, yaxşı olar. Müəyyən hallarda Moskvanın təşəbbüsü yaxşıdır və nəticə verən danışıqlar olmasını arzu edirik”.

Ayyət Əhməd