Türkiyənin İrandan gözləntisi var

Ərdoğan İran və Suriya məsələsində ortaq mövqeyin yaranmasında maraqlıdır



İran prezidenti Həsən Ruhani dekabrın 17-də Türkiyəyə səfərə gedəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Nazirin sözlərinə görə, türkiyəli baş nazir Rəcəb Tayyib Ərdoğan da İrana səfəri gözlənilir.

İran prezidentinin Türkiyə səfərini şərh edən politoloq Elşən Manafov "Şərq”ə bildirib ki, səfər Suriya məsələsinin çözülməsi ilə bağlı proseslərdə ortaq mövqeyin müəyyən edilməsinə hesablanıb. Ekspertin sözlərinə görə, Suriya probleminin aradan qaldırılması barədə İran və Türkiyənin hakim siyasi dairələrinin mövqeyi kifayət qədər fərqli olub: "İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) arasındakı danışıqlarda razılaşmalar əldə olundu. Qarşıdakı 6 ay müddətində uranın 5 faiz zənginləşdirilməsi ilə bağlı İran tərəfi öhdəlik götürdü. Bəyan etdi ki, nüvə enerjisini yalnız yaxşı məqsədlər üçün istifadə edəcək. Bu məqamdan başlayaraq cənub qonşumuzla Qərb arasındakı münasibətlərdə gərginlik səngiyib. Ehtimal var ki, qarşıdakı aylar ərzində İrana iqtisadi sanksiyalar azalacaq. Bu da İran iqtisadiyyatının dirçəlməsinə bu və ya digər formada öz töhfəsini verəcək”.

Ekspertin qənaətinə görə, Türkiyənin mövqeyi NATO-nun mövqeyinə yaxın olsa da, Ərdoğan iqtidarı zamanında Osmanlı dövlətinin Ərəb ölkələrində oynamış olduğu rolu qaytarmaq fikrindədir: "Türkiyə üçün problem ondan ibarətdir ki, Suriyanın parçalanması və Kürdüstan dövlətinin yaradılması ilə əlaqədar məxfi planlar gündəmdədir. Ona görə də Ərdoğan Məsud Bərzani ilə görüşündə Kürdüstan ifadəsi işlətdi. Yəni, Ərdoğan hökuməti B.Əsəd hakimiyyətinin legitimliyinə şübhə ilə yanaşır. Ərdoğan şəxsən mesajlar verib ki, Əsəd hakimiyyəti təhvil verməli və Suriyada normal demokratik seçkilərin keçirilməsinə şərait yaratmalıdır. Görünür, Qərb və İran arasındakı münasibətlərdə müəyyən yumşalma yarandıqdan sonra Türkiyə də İran və Suriya məsələsi ətrafında ortaq mövqeyin yaranmasında maraqlıdır. Üstəlik, Türkiyə böyük qaçqın ordusunun qəbuluna hazır deyil. Bu məsələlər görüş çərçivəsində müzakirə obyekti olacaq. İran Suriya məsələsində Türkiyə variantına yaxın bir variantı qəbul edəcəksə, bu, "Hizbullah”ın Suriya və Livanda təsir imkanlarının zəifləməsinə gətirib çıxardacaq. Türkiyənin İrandan gözlədiyi məsələlərdən biri də budur”.

E.Manafov söyləyib ki, Türkiyənin enerji təhlükəsizliyində İran faktoru əhəmiyyətli rol oynayıb: "Danışıqlarda tərəflər arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqla bağlı müəyyən məsələlərə baxılacağı da istisna edilmir. Zamanında Ərbakanın baş nazir kimi ilk səfəri Türkiyəyə olmuşdu. O zaman Qərb bu səfərə çox qısqanclıqla yanaşmışdı. Həmin səfərin müsbət tərəfləri ondan ibarət idi ki, İran Türkiyənin qazla təchizatına razılıq verdi. Türkiyənin enerji təhlükəsizliyində İran amilinin əhəmiyyəti gücləndi. İndiki halda isə Türkiyənin enerji təhlükəsizliyində Rusiyanın payı 50 faizdir. Güman edirəm ki, İran Türkiyə enerji mübadiləsi sahəsində müəyyən məsələlərə aydınlıq gətirəcək”.

"Qərb-İran yaxınlaşmasının Azərbaycana mənfi təsirləri olacaq” fikirlərinə münasibət bildirən şərhçi yaxınlaşmanın ölkəmiz üçün yaxşı heç nə vəd etmədiyini qeyd edib: "Azərbaycanın dövlət büdcəsi enerji resursları faktorundan əhəmiyyətli şəkildə asılıdır. Məsələ burasındadır ki, son dönəmlər dünya bazarında neftin qiyməti sürətlə aşağı düşməkdədir. Bu, ölkəmiz üçün iqtisadi və sosial anlamda ciddi problemlər yarada bilər. Burada qazanan İran olacaq. Digər tərəfdən Azərbaycan Amerika üçün o anlamda əhəmiyyət kəsb edirdi ki, biz İranla həmsərhəd ölkəyik. Qərbin İranla yaxınlaşmasından sonra Azərbaycan ABŞ üçün bu sahədə də önəmsiz olacaq. Bütün bunlar heç də o anlama gəlməli deyil ki, bütövlükdə Azərbaycan Amerika üçün əhəmiyyətsizdir. Azərbaycan Amerika üçün Qərbin enerji təhlükəsizliyində töhfə verə biləcək bir dövlət kimi əhəmiyyətlidir. Azərbaycanla Amerika ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlıdırlar. Qərbin Azərbaycana olan marağı azalmayacaq”.