3 ukraynalı hərbçi yaralanıb

Kreml Kiyevlə müharibəyə getməyəcəkÇünki yaxşı anlayır ki, hadisə Qərb tərəfindən hazırlanmış və çox ustalıqla həyata keçirilən bir təxribatdır
Noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmiləri ilə bağlı insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb. Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Tərəflər baş verən hadisədə bir-birini ittiham edirlər. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. 
Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda suçlayır. İndiki durumda Ukrayna və Rusiya arasında vəziyyət son dərəcə kəskinləşib. Beynəlxalq xəbər agentliklərinin məlumatına görə, Kerç boğazında yaşanan hərbi insidentdən sonra iki ölkə arasında hərbi qarşıdurma vəziyyəti yaranıb. Ukrayna Milli Təhlükəsizlik Şurası gecə ilə keçirilən təcili iclasda ölkədə 60 gün müddətinə hərbi vəziyyətin elan olunmasına səs verib. 
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov deyib ki, Rusiya Ukraynaya qarşı 5 ildir hibrid müharibəsi aparır, ancaq ilk dəfədir ki, açıq şəkildə hücum edib: "Biz gördük ki, Rusiya Silahlı Qüvvələrinin bölmələri və FTX bizim donanmamıza hücum etdi. Ona görə də biz təkcə Qara və Azov dənizlərində deyil, quruda da təhlükə barədə danışırıq. Rusiya ordusunun bizim şimal, şərq və cənub sərhədlərimizdə aktivləşdiyini müşahidə edirik”.
Tərəflərin gərginliyini "Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Ukrayna və Rusiya arasındakı qarşıdurmanın tezliklə hərbi münaqişə müstəvisinə keçəcəyi və hərbi əməliyyatların başlayacağı inandırıcı deyil. Çünki Moskva hesab edir ki, rəsmi Kiyev Rusiyanı təxribata çəkməyə çalışır:
 "Azov dənizi daxili dənizdir və beynəlxalq konvensiyaya görə, daxili dənizlərdə hərbi gəmilərin üzməsi mütləq xəbərdarlıq və icazə sayəsində həyata keçirilir. Əgər Rusiyaya xəbərdarlıq edilmirsə, Moskvadan icazəsiz onun nəzarət etdiyi sulara girmək yolverilməzdir. Bu hadisə Qərb tərəfindən hazırlanmış və çox ustalıqla həyata keçirilən bir təxribatdır. Ukrayna bu məsələdə böyük təcrübəsizlik edib. Hüquq Rusiyanın tərəfindədir. Ona görə də Rusiya bununla BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib”.
Professorun sözlərinə görə, Ukraynada müəyyən millətçi qüvvələr Rusiya əleyhinə çıxaraq ölkədə öz reytinqlərini qaldırmağa çalışırlar: "Qərb istəyir ki, Rusiya Ukraynaya qarşı hücuma keçsin və bunun əvəzində Moskvaya sanksiya tətbiq etsin. Ancaq ən azından ayın axırına qədər müharibə olacağını düşünmürəm. Çünki noyabrın 31-də Argentinada "G-20”-nin Zirvə Sammiti keçiriləcək. Həmin görüşdə Putin və Trampın bir araya gəlməsi gözlənilir”.
İsmayıl