
3 yaşlı Arzu həkim səhlənkarlığının qurbanı olub
“Ekspertizanın rəyindən narazı qalan tərəf təkrar ekspertiza üçün prokurorluğa müraciət edə bilər”

Daha bir körpə həkim səhlənkarlığının qurbanı olub. 3 yaşlı Arzu Qurbanlı Sumqayıtda fəaliyyət göstərən "Real” Sağlamlıq Klinikasında həkim İlham Ağayev tərəfindən burun-boğaz əməliyyatı olunub. Əməliyyatdan sonra palataya yerləşdirilən azyaşlı tam ayılmadan dünyasını dəyişib. Ailə üzvləri isə uşağın ölümündə həkimi günahkar bilir. İddialara görə, uşağa narkoz çox verilib, onun da ürəyi partlayıb.
Həkim isə ittihamları qəbul etmir. Aznews.az-a açıqlama verən "Real” Tibb Mərkəzinin cərrahı İlham Ağayev ekspertiza rəyinin hələ də açıqlanmadığını bildirib: "Biz də ekspertizanın cavabını gözləyirik. Yəqin ki, hazır olanda ictimaiyyətə məlumat veriləcək. Uşaq qusub və qusuntu uşağın nəfəs borusuna düşüb, bunun nəticəsində də o, ölüb. Sadəcə olaraq, aspirator nəfəs yoluna salınıb oradan qusuntu kütləsi çıxarılıb. Bunu ekspertiza deyil, biz həkimlər görürük. Mən bilən həmin vaxt valideynlər içəridə olub”.
İ.Ağayev uşağın atası Sənan Qurbanlının "Həkim bəzi media orqanlarına uşağın yeməyini qaytardığını və yeməyin nəfəs borusuna düşdüyü üçün öldüyünü iddia etsə də, razılaşmıram. Çünki həmin gün Arzu heç nə yeməmişdi” fikrinə də münasibət bildirib. Deyib ki, insan heç nə yeməsə də, onun mədəsində həmişə şirə olur: "Biz demirik ki, uşaq nəsə yeyib. Qaydaya görə, mədə boş qalıb narahatlıq verməsin deyə 4 saatdan sonra xəstə su içə bilər. Kütlə deyəndə içdiyi su, yediyi çörək nəzərdə tutulmur. Həmçinin adi mədə şirəsi var. Biz heç nə yeməsək belə, mədədə həmişə müəyyən qədər kütlə olur”.
Həkim əməliyyat öncəsi A.Qurbanlıya narkozun çox verildiyi iddiasına isə belə cavab verib: "Mən cərraham, narkoz vermirəm. Bildiyim qədərilə də narkoz ona qaydasında verilib”.
Həkim-psixoloq Azad İsazadə isə "Şərq”ə açıqlamasında deyib ki, bəzən həkim əməliyyat etdiyi şəxsin yanaşı xəstəliklərini gözdən qaçıra bilir və bu zaman ağırlaşmaların olması qaçılmazdır: "Həmin uşaq doğrudan da narkozdan dünyasını dəyişibsə, bu hadisəni peşəkar anestezioloqlar şərh etməlidirlər ki, bu cür faciələr hansı hallarda baş verə bilər. Ancaq bütün hallarda ölümün konkret səbəbini tibbi ekspertiza müəyyən edəcək və onun nəticələrinə əsasən ölümün nəticələri araşdırılacaq. Azərbaycanda islami qaydalar və adət-ənənələr əldə rəhbər tutularaq bir çox hallarda meyitin ekspertizası mümkün olmur. Mərhumun yaxınları, doğmaları buna mane olur. Mən dəfələrlə bu cür hallarla rastlaşmışam. Halbuki meyit yarılmasa, məhkəmə-ekspertiza rəyi olmadan hadisənin hansı şərtlər altında baş verdiyini demək olmur. Çünki tərəflərin biri özünün haqlı olduğuna cəmiyyəti inandırmağa çalışır. Ola bilsin ki, cərrahi əməliyyat zamanı həkim hansısa qüsurlara yol verib, bəlkə də səhvən uşağın hansısa damarı kəsilib və bu da sonradan ölümlə nəticələnib. Bəlkə də, həkimin iddia etdiyi kimi uşaq doğrudan da qaytarmadan boğulub. Anestezioloqun da səhvən narkozun dozasını artıq vurması, ürək narahatlığı olduğu üçün narkozun təsirindən körpənin ürəyinin partlaması da mümkün ehtimallar arasındadır. Təbabətdə ölüm halları hər zaman olur. Əsas məsələ bütün bunların səbəbinin öyrənilməsidir. İndidən baş verən hadisə ilə bağlı konkret rəy bildirmək çətindir. Hər şey ekspert rəyindən sonra aşkara çıxacaq. Amma istənilən halda ortada bir ölüm faktı var və çox güman ki, səbəbsiz deyil. Hesab edirəm ki, bu hadisə obyektiv şəkildə araşdırılmalıdır.
Onu da deyim ki, ürək çatışmazlığı zamanı narkozdan ölüm halının başvermə riski böyük olur. Bunun baş verməməsi üçün də həkim anesteziya metodunu müəyyənləşdirməlidir və əməliyyat olunacaq şəxsin xəstəliklərini nəzərə almalıdır. Əgər həkim bunları nəzərə almayıbsa, uşağın ölümünə səbəb həkim məsuliyyətsizliyidir. Yenə də son sözü ekspertiza deyəcək”.
Ekspertin sözlərinə görə, səhiyyə sahəsində ölüm hallarının artmasının bir yox, bir neçə səbəbləri var: "Birincisi, yuxarıda da qeyd etdiyim kimi, vətəndaşların meyitin tibbi-ekspertizasından yayınmasıdır. Hətta sovet dövründə belə bizim insanlar xahiş-minnətlə, tanış taparaq əzizlərinin meyitinin yarılmasının qarşısını alırdı. Belə olan halda isə ölümün konkret səbəbi bilinmir və bütün suallar açıq qalır. Digər bir səbəb isə həkim savadsızlığı, bəzən də sadəcə səhlənkarlığıdır. Həkim savadlı ola bilər, amma tamahı ucbatından əməliyyat zamanı gərəkli olan dərman maddələrindən hansınasa qənaət edir və bununla da xəstənin həyatını təhlükəyə atmış olur”.
İnsanların bəzi hallarda tibbi-ekspertizanın qərarına şübhə ilə yanaşmasına gəldikdə isə A.İsazadə deyib ki, hər şeyə rəğmən bu cür ekspertizalar mütləq olmalıdır: "Ekspertizanın rəyindən narazı qalan tərəf təkrar ekspertiza üçün prokurorluğa müraciət edə bilər. Əgər həkim öz statusundan və əlaqələrindən istifadə edib, nəticələrin dəyişdirilməsinə nail olubsa, yenidən ekspert qrupunun yaradılmasını tələb etmək də olar. Düzdür, tanışlıq və "şirinlik”lə bir çox qanunsuzluqlar etmək olar, amma uşaq ölümü elə bir hadisədir ki, kiminsə bilərəkdən belə bir günaha batacağını zənn etmirəm”.
Şəymən