Müsavat Milli Şuradan hələ ki, çıxmır

Mustafa Hacıbəyli: “Bununla bağlı yekun qərar verilməyib”


Milli Şuranın (MŞ) dekabrın 3-də keçirilən sessiyasından sonra müxalifət düşərgəsində müzakirə olunan əsas məsələlərdən biri Müsavat Partiyasının MŞ-dən çıxmaq istəməsidir. Məlumata görə, partiya yaxın günlərdə məsələ ilə bağlı konkret qərar verəcək.

Müsavat şuranın təsisçi qurumlarından biridir və ən çox üzvlə təmsil olunan orqanıdır. Partiyanın MŞ-də fəaliyyətini dayandırmaq niyyətinə qurumun sessiyasında yaşananlar səbəb olub. AXCP sədri Əli Kərimlinin təklifi və digər üzvlərin dəstəyi ilə Rüstəm İbrahimbəyovun qurumun fəxri sədri seçilməsi müsavatçıları narazı salıb. Çünki sözügedən partiyanın rəhbərliyi R.İbrahimbəyovun təşkilatın sədri postunda qalmasına tərəfdar deyildilər. Ona görə də qurumda həmsədrlik institutunun müzakirəsi zamanı Müsavat təmsilçiləri buna kəskin münasibət bildirərək kinodramaturqun sədrlikdən imtina etməsində israr ediblər. Ancaq R.İbrahimbəyov həmsədr kimi olmasa da, fəxri sədr kimi MŞ-də təmsil olunub. Bu barədə "Şərq”ə açıqlama verən partiya başqanının müşaviri, MŞ-nin üzvü Mustafa Hacıbəyli partiyanın qurumdan çıxması haqqında heç bir müzakirənin aparılmadığını bəyan edib: "Bununla bağlı yekun qərar verilməyib. Ona görə də indidən konkret nəsə demək çətindir. Müsavat gündəlik iş rejimindədir. Bugünkü toplantıda da adi məsələlər müzakirə olundu. Sadəcə, məlumat üçün deyim ki, bu gün axşam partiya başqanı İsa bəy "Azadlıq” radiosunda olacaq və ictimaiyyəti maraqlandıran bütün suallara ətraflı cavab verəcək. Ancaq ümumilikdə indiki halda partiyamızda MŞ-dən çıxmaq barəsində rəsmi müzakirələr aparılmır. Qurumdan çıxmaqla bağlı müzakirələr getdikdən sonra hansısa yekun qərar verilə bilər”.