“Haqlı tərəf bizik”

Azər Qaraçənli: “Əleyhimizə bir qərar gözləmirəm”

Mərhum şair, ədəbiyyatşünas-alim Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin zəbt olunması ilə əlaqədar yarımçıq qalmış məhkəmə prosesi yenidən bərpa olunub.

Məlumat üçün bildirək ki, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi 1995-ci ildə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Məmmədovun anası Biliy Məmmədovanın adına verdiyi sərəncam əsasında zəbt olunub. 2011-ci ildə zəbt edilmiş sahə ilə bağlı mərhum şairin ailəsi bir sıra dövlət instansiyalarına, həmçinin məhkəməyə müraciət ediblər. Nəhayət, bir ildən sonra da olsa, Səbail məhkəməsi A.Laçınlının ailəsinin iddiasına baxılması prosesinin bərpa olunmasına qərar verib. Məhkəmə dekabrın 6-sı, yəni bu gün olacaq. Mərhumun oğlu, "Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli "Şərq”ə verdiyi açıqlamada nəhayət ki, məhkəmənin onların xeyrinə bitəcəyinə ümid edir: "Əlbəttə, prosesin bərpa ediləcəyini gözləyirdik. Bir ildən çoxdur, jurnalistlər və hüquqşünaslar aydın şəkildə görürdülər ki, qanun bizim tərəfimizdədir. Yəni prosesdə haqlı tərəf bizik. Ümid edirik, məhkəmə də öz qərarını qanunauyğun şəkildə verəcək və iddiamızı təmin edəcək. Gözləntimiz budur. Çünki keçən bu müddət ərzində aparılan araşdırmalar buna tam əsas verir. Əleyhimizə bir qərar gözləmirəm. Nəhayət, məhkəmə prosesinin yekunlaşacağına və hakimin ədalətli qərar verəcəyinə ümid edirəm”.