Yazıçıların ev qalmaqalı səngidi




Əsəd Cahangir: "Həmin vəsaitlə şəhərdən 

və şəhər ətrafından

ürəyimiz istəyən evi ala bilməyəcəyik”

Qəşəm Nəcəfzadə:

"Neyləyək, yoxdansa bu yaxşıdır”

Azərbaycan Yazıçılar Birliyinə (AYB) hədiyyə olaraq verilən evlərin yazarlar arasında bölüşdürülməsi yenidən gündəmə gəlib. AYB sədrinin müşaviri və mənzil məsələlərinə rəhbərlik edən Rauf Aslanov 9 mənzilin satılıb 36 yazar arasında bölünməsi ilə bağlı razılıq əldə olunduğunu bildirib. R.Aslanov qeyd edib ki, "Abidə” Mənzil-Tikinti Kooperativinin sədri Arif Mədətov AYB-yə gəlib və birlik sədri Anar Rzayevlə görüşüb:

"Arif müəllim Yazıçılar Birliyinə gəldi. Görüşdə Anar müəllim, Fikrət Qoca və mən iştirak etdik. A.Mədətov da Anar müəllimin qarşısında öhdəlik götürərək yazıçıların mənzilinin satılmasına maneə törətməyəcəyini söyləyib. Bundan başqa isə müqavilədəki 18 faiz aradan götürüldü. Evlər satıldıqca, yazarlar arasında bölünəcək. Onlar da həmin pula gedib şəhərin istənilən yerindən heç olmasa birotaqlı ev alacaq. Yazarların çoxu kirayədə, yataqxanalarda qalır”.

Xatırladaq ki, 9 mənzilli evin satılıb 36 yazar arasında bölüşdürülməsinə "Abidə” Mənzil-Tikinti Kooperativi maneçilik törədirdi. Yazıçılar isə məsələnin həlli üçün piket keçirəcəyini bəyan etmişdilər.

Adı ev siyahısında olan AYB üzvü Əsəd Cahangir "Şərq”ə açıqlamasında evlərin bölünməsi ilə bağlı əldə olunan razılığa etiraz etmədiyini söyləyib: "Mənzillər satılandan sonra vəsait yazarlar arasında bərabər şəkildə bölünəcək. Həmin vəsaitlə şəhərdən və şəhər ətrafından ürəyimiz istəyən evi ala bilməyəcəyik. Ürəyimiz çox şey istəyə bilər. Hesab edirəm ki, satışdan əldə olunan pulla mənim və həmkarlarımın ev problemi həll olunmayacaq. Reallıq budur. Hesablaşmalıyıq. Anar müəllim evlərin bölüşdürülməsi üçün ən optimal variant seçdi. Çalışdı ki, mümkün qədər çox adam evlə təmin olunsun”.

Adı ev siyahısında olan digər AYB üzvü Qəşəm Nəcəfzadə isə satılan mənzillərin pulu ilə şəhər kənarından belə ev almağın mümkünsüz olduğunu deyib: "Satışdan əldə olunan vəsait hesabına ev almaq arzumun üstündən xətt çəkmişəm. Üstəlik, həmin evlərin satışına da müəyyən əngəllər törədilir. Evlər satılarsa, bizə vəsait verilərsə, həmin pula şəhər ətrafından torpaq sahəsi almağı planlaşdırmışam. Gələcəkdə imkanım olarsa, ev tikərəm. Çünki veriləcək pul yalnız torpaq almaq üçün yetərlidir. Həmin pulla ev almaq olmaz”.

Q.Nəcəfzadə qeyd edib ki, evlərin satılaraq əldə olunan vəsaitlərin yazarlar arasında bölüşdürülməsi prinsipini dəstəkləmir: "Neyləyək, yoxdansa bu yaxşıdır. Bu, Anar müəllim və müşavirinin gərgin əməyi nəticəsində reallaşan bir şeydir. Olmaya da bilərdi. Neyləyək, şükür edirik”.

Yazıçının qənaətinə görə, yazıçılar üçün orijinal bir bina tikilməlidir: "Jurnalistlərə ev verildi. Buna sevinir, təqdir edirik. Sağlıqlarına qismət olsun. Baxın, hazırda "Məruzə” jurnalında çalışıram. Jurnalın 90 illik yubileyidir. İldönümü ilə bağlı nəysə bir iş görmək olardı. Fəxri ad və mənzil almaq mümkün idi. İstəyirik ki, yazıçıların mənzil şəraiti yaxşılaşsın. İstəyimizin gələcəkdə gerçəkləşəcəyini bilmirəm. Olan budursa, razıyam”.