“Bahalaşma olacaq”

Azər Mehdiyev: “Bunun qarşısını alacaq heç bir mexanizm yoxdur”

Neft və benzinin qiymətinin bahalaşması xəbərindən sonra yayılan məlumatlar deməyə əsas verir ki, növbəti bahalaşma dalğasına çox qalmayıb. Adətən yanacağın qiyməti qalxandan dərhal sonra başqa mal və məhsullarda, xidmətdə də bahalaşma baş verir, ölkəni total qiymət artımı bürüyür. Bu baxımdan Tarif Şurasının benzin və neftin qiymətinin artırılması ilə bağlı qərarından sonra ərzaq məhsullarının, kommunal xərclərin, gediş haqlarının, ərzaq məhsullarının qiymətinin artması da an məsələsidir.

Əslində, qiymət artımı dünya iqtisadiyyatında baş verən liberal bazar dəyişikliklərindən yaranan iqtisadi ehtiyac kimi dəyərləndirilməlidir. Bunu Avropa və digər qitə ölkələrinin iqtisadiyyatındakı liberal islahatlardan görmək olar. Lakin indiki halda Azərbaycanda qəfil qiymət artımı bir sıra neqativ hallara yol aça bilər. Gərəkdir ki, insanların həyat səviyyəsi, gəlirləri artsın ki, qiymətlər də qalxsın. Maaşlar 10 faiz artırıldığı halda, təkcə benzində 30 faiz artma oldu. Bu cür şərtlər daxilində isə qiymət artımını əhalinin həyat səviyyəsi ilə balanslaşdırmaq mümkün olmayacaq və istənilən halda əhalinin rifahına pis təsir edəcək. Belə ki, Tarif Şurasının yanacağın qiymətlərinin qaldırılmasını nəzərdə tutan, bütün istehlak mallarının və xidmətlərin qiymətlərinin avtomatik qalxmasına səbəb olacaq bugünkü qərarı məmur-oliqarxlar və onların ətrafı istisna olmaqla bütün əhalinin sosial durumuna ağır zərbə vuracaq.

İqtisadi Təşəbbüslərə Dəstək Mərkəzinin sədri Azər Mehdiyev də benzinin qiymətinin 30 faiz qaldırılması ilə bağlı qərarın heç bir iqtisadi əsası olmadığını deyib:

- Qiymət artımından əvvəl Azərbaycan Dövlət Neft Şirkəti iqtisadi əsaslandırma ilə çıxış etməli idi ki, şirkətin xərcləri çoxdur və indiki qiymətlər çəkilən xərci ödəmir. Benzinin maya dəyəri artdığına görə də qiymətlər qaldırılmalıdır. Ancaq benzinin bahalaşması heç də bilavasitə ARDNŞ-lə bağlı deyil. Əgər kimlərsə benzinin maya dəyərini əsas götürürsə, bu, tamamilə yersiz arqumentdir. Ona görə ki, bizdə neft emalı müəssisələrinin (eynilə kommunal müəssisələrin) xərcləri qəsdən şişirdilir, rəqabət olmadığından onlar xərcləri istədikləri qədər artıra bilirlər. Bir azdan eyni arqumentlə kommunal xidmətlərin qiymətini qaldıracaqlar. Bu müəssisələrin xərclərinin formalaşmasında şəffaflığı təmin etmədən və xərclərin azaldılması üçün real addımlar atılmadan həyata keçirilən hər çür qiymət artımı tənqid olunmalıdır. Zənnimcə, benzinin bahalaşması sırf vergilərin artırılması formasında aparılan qiymət artımıdır. Yəni yanacaq və enerji daşınmalarındakı qiymət artımı sırf onlara tətbiq olunan aksiz dərəcələrin artması hesabına baş verib. Beləliklə də, qiymət artımından yaranan fərq bütünlükdə dövlət büdcəsinə daxil olacaq. Bu isə o deməkdir ki, artıq hökumət ölkəyə daxil olan neft gəlirlərinin azalmasından və növbəti ildə büdcəyə kifayət qədər vəsait toplanmayacağından əndişələnərək vergiləri qaldırıb. Bu da sadəcə yanacağın bahalaşması kimi dəyərləndirilməməlidir. Faktiki olaraq, enerji daşıyıcılarının qiymətinin qalxması bütün sektorlarda bahalaşma ilə nəticələnəcək. Niyəsə, ictimaiyyətdə ancaq benzinin qiymətinin qalxması müzakirə olunur. Halbuki dizel yanacağın da qiyməti artıb və bu da kifayət qədər istifadə olunan, xüsusən də kənd təsərrüfatında işlənən bir yanacaq növüdür. Bundan əlavə "Azərenerji”yə satılan qazın da qiyməti iki dəfə qaldırılıb ki, biz tezliklə bu artımın sərnişindaşıma və kommunal xərclərə və davamlı olaraq bir sıra sahələrə təsirinin şahidi olacağıq.

- Yəni, mövcud bahalaşma büdcə siyasəti ilə əlaqədardır?

- Bəli, bu artım birbaşa büdcə siyasəti ilə bağlıdır. Hökumət inflyasiya yolu ilə büdcənin gəlirlərinin artırılmasına və gəlirlərin doldurulmasına nail olmaq istəyir. Əvvəldə də dediyim kimi, benzinin bahalaşması Dövlət Neft Şirkətinin müraciəti əsasında həyata keçirilsə də, əslində şirkət bu artımdan heç bir qazanc götürmür. Bir sözlə, dövlət gələn il üçün üzərinə bir sıra sosial öhdəliklər götürüb. Büdcə müzakirələri zamanı da məlum olub ki, ölkəyə daxil olan gəlir azaldığı üçün həmin öhdəlikləri yerinə yetirə bilmir. Öhdəliklərdən imtina da absurddur. Bahalaşma şəraitində isə faktiki olaraq həmin sosial öhdəliklər dəyişmir, sadəcə dəyərsizləşir. Bunun hesabına da büdcə təşkilatlarında sosial ödənişlər azalmış olur.

- Qiymət artımını digər ölkələrlə müqayisədə Azərbaycanda benzinin qiymətinin aşağı olması ilə əlaqələndirənlər də var. Onlar hesab edir ki, məhz bu səbəbdən də bahalaşma qeyri- adi səslənməməlidir.

- Benzinin qiymətinin müxtəlif ölkələrdə fərqli olmasının izahını verməli olsaq, bu zaman ayrı-ayrı dövlətlərdə benzinin qiymətinin formalaşması mexanizmlərinə baxmalıyıq. Ölkələrin böyük əksəriyyəti, xüsusilə neft və benzinin qiymətinin yüksək olduğu ölkələrinin hamısı nefti dünya bazarından alırlar. Neft hasilatçısı olan ölkələr isə ölkə daxilində iqtisadi inkişafı stimullaşdırmaq üçün benzinin qiymətini aşağı salmaqla iqtisadiyyatda canlanmaya nail olurlar. Bir qrup ölkələrdə isə benzinin qiymətinə subsidiya şəklində ödəmə tətbiq edirlər. Azərbaycan hökuməti qiymətləri tənzimləmək siyasəti həyata keçirməklə bəyan edir ki, neftin qiymətinin bazar qiymətləri ilə formalaşdırılması ilə razı deyiləm və ölkə iqtisadiyyatının inkişafına təkan vermək üçün belə bir addım atıram. Ancaq hökumət yanacağın qiymətini artırmaqla, yəni büdcə gəlirlərini artırmaq bahasına istehsalın inkişafına mane olur.

- Benzindən sonra bir sıra rəsmilər qiymət artımı ilə bağlı anonslar verməyə başlayıb...

- Ölkədə bahalaşma olacaq. Bu qaçılmazdır. Neft və benzinin qiymətinin artması iqtisadiyyatın bütün sahələrdə bahalaşmaya gətirib çıxaracaq. Bunun qabağını ala biləcək heç bir mexanizm yoxdur.

- Ölkədə süni qiymət artımından sığortalanmaq üçün hansısa tədbirlərin görülməsi mümkündür?

- Bu prosesdən heç bir halda sığortalanmaq mümkün deyil. İnzibati tədbirlər formasında hansısa sahədə bahalaşmanın qarşısı alınsa da, həmin məhsulun keyfiyyəti aşağı düşəcək. Açıqlama verirlər ki, sərnişindaşımada qiymət artımı olmayacaq. Özləri də yaxşı bilir ki, belə bir şey mümkün deyil. Marşrutlarda gedişhaqqı mütləq qalxacaq. Azərbaycanda şəhərdaxili sərnişin nəqliyyatı ayrı-ayrı sahibkarların inhisarındadır. Sahibkar da öz növbəsində çalışacaq ki, benzinin bahalaşmasından sonra onun gəlirləri azalmasın. Buna da ancaq gediş haqqını qaldırmaqla nail olacaqlar. Təkliflər var, qiymət artımının qarşısını almaq üçün subsidiya versinlər. Bu təklifin qəbul olunması isə qeyri-realdır. Əvvəla, dövlət büdcədə vəsait az olduğu üçün qiymət artımına getdi. Həm də bütün dünyada olduğu kimi sərnişindaşıma Azərbaycanda bələdiyyələrin nəzarətində olsa idi, subsidiyalaşma haqqında danışmaq olardı. İndiki halda isə sahibkarlara subsidiya vermək camaatın cibindən pulu soyub, sahibkarların cibini doldurmaq anlamına gəlir. İqtisadiyyatın digər sahələri də həmçinin. Yavaş-yavaş işıq, qaz, su və qida məhsullarında qiymət artımı özünü göstərəcək. Başqa variant yoxdur. Heç kəs təsəlliverici açıqlamalara aldanmasın.

- Azər bəy, bəzi millət vəkilləri benzinin bahalaşmasına bir növ haqq qazandırmaq məqsədi ilə qıcıqlandırıcı və məntiqsiz açıqlamalar verirlər. Bahalı maşın sürənə 15-20 qəpik artım o qədər də təsir etməyəcək kimi...

- Mən bu cür açıqlamalara şərh vermək fikrində deyiləm. Özünüz yaxşı qeyd etdiniz ki, qiymət artımına bu cür yanaşma çox məntiqsizdir.